Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədilə cari ilin 23 fevral tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayanlar arasında maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından danışaraq, maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildiriblər. Eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmişdir.
Həmçinin narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanını izah edən qısametrajlı səhnələşdirilmiş sosial video çarx nümayiş olunmuşdur.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür”, “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin”, “Sağlam olmaq naminə narkotikə yox deməyə cəsarətli ol”, “Övladlarımızı narkotiklərdən qoruyaq və gələcəyimizi xilas edək” adlı bukletlər, yaddaş kitabçaları,xəbərdarlıq vərəqələri və üzəri yazılmış köynəklər məhkumlar arasında paylanılmışdır.