Dövlət Komissiyasının İşçi qrupu Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə birgə 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlar arasında maariflənmə tədbiri keçirmişdir

   Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz  dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar o cümlədən Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında təsdiq edilmiş  “Tədbirlər Planı”na uyğun olaraq qadınlar arasında narkomanlığın mövcudluğunu, narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakını və bu cinayətlərə təhrik olunma hallarını nəzərə alaraq, cari ilin 06 may tarixində  Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində  narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və azadlıqdan məhrumetmə cəzası çəkən qadın məhbuslar arasında profilaktik tədbir həyata keçirilmişdir.

   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından danışaraq,  maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildiriblər.

   Eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya  yox  deyək”,  “Sağlam  ailə  naminə  narkotiklərə  yox  deyək”,  “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür”, “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin”, “Sağlam olmaq naminə narkotikə yox deməyə cəsarətli ol” yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmış, o cümlədən sosial video çarxlar və digər təbliğat materialların diskə daxil edilmiş elektron variantı cəzaçəkmə müəssisəsinə təqdim edilmişdir.

   Sonda  bu mövzuda olan “Bəla” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın videosu nümayiş olunmuşdur.




Baxılıb: 891