Azərbaycan Respublikası Baş nazirinin müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun

MÜRACİƏTİ

    Hörmətli vətəndaşlarımız!​

  Bəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan genişlənməsi ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edib bu bəlanın kökünün kəsilməsi istiqamətində gedən əsaslı beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış, institusional islahatlar həyata keçirilmiş, Azərbaycan müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulmuşdur.
   Problem ilk dəfə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti – Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanında öz əksini tapmaqla, ölkədə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. 
     Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, müvafiq sərəncamı ilə bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə 2024-cü ilə qədər olan dövrü əhatə edən, sayca beşinci «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı» təsdiq edilmişdir. Proqramın məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
   Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar göstəricilər təhlükəli həddə olmasa da, əhəmiyyətsiz dərəcədə də deyildir. Problemin narahatlıq doğuran məqamlarından biri də narkomaniya və narkobiznes kimi çirkin işlərə yeniyetmələrin və qadınların cəlb edilməsidir. 
    Məlumdur ki, narkobaronların kifayət qədər zəngin sərvətə malik olması, ölkələrin ictimai-siyasi bünövrəsini sarsıtmağa, hegemonluğa can atması dünya praktikasında presedenti olan hadisələrdir və cəmiyyətimizin ictimai bəsirətini itirəcəyi təqdirdə bizim də belə amansız təhlükə ilə üzləşməyəcəyimizə heç kim zəmanət verə bilməz. 
    Belə təhlükələrlə üzləşməməyimiz üçünsə bütün cəmiyyət bilməlidir ki, narkomaniya – qarşısında bəşəriyyətin aciz qaldığı ən arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi hisslərin, bir sözlə, insanlığın qənimidir. Ona görə də dinindən, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq hər bir bəşər övladının ən müqəddəs borcu –insanlığa qənim olan bu bəla ilə fəal mübarizə aparmaq olmalıdır. Çünki, yalnız mütərəqqi bəşəriyyətin səylərini birləşdirmə yolu ilə gələcək nəsilləri üçüncü minillikdə narkomaniyanın qorxunc təhlükəsindən qorumaq mümkün olacaqdır.
   XXI əsrin çağırışlarından hesab edilən narkotiklərin qanunsuz dövriyyəsinin bəşəriyyətin gələcəyinə böyük təhlükə yaratdığını və terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış etdiyini nəzərə alaraq, hər birinizi gələcəyimizi qorumağa, bu bəla ilə fəal mübarizə aparmağa çağırıram.




Baxılıb: 8510