BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin rəhbəri ilə görüş keçirilmişdir

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına uyğun olaraq, Nazirlər Kabineti Aparatının Hərbi və inzibati orqanlar şöbəsinin müdiri, Dövlət Komissiyasının üzvü Elman Gərayzadə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin rəhbəri xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyətini  qəbul etmişdir.

   Görüş zamanı nümayəndə heyətinə ölkəmiz və Dağlıq Qarabağ problemi, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi problemi ilə Azərbaycan müstəqillik əldə etdikdən sonra ciddi mübarizə aparıldığı, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən bu sahədə ciddi addımlar atıldığı, Möhtərəm Prezidentimiz tərəfindən bu siyasətin uğurla davam etdirildiyi barədə geniş məlumat verildi. O cümlədən, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, onun gördüyü işlər, qəbul edilən qanunvericilik aktları və Dövlət Proqramları, onların icra vəziyyətləri, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı aparılan mübarizə və s. barədə ətraflı söhbət aparıldı.

   Həmçinin Dovlət Komissiyasının İşçi qrupu tərəfindən azərbaycan və ingilis dillərində hazırlanmış “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində Ölkə Məruzəsi” BMT-nin nümayəndə heyətinə təqdim edildi.

   Xanım Aşita Mittal qəbula və ətraflı məlumata görə təşəkkür edərək, bu səfərinin tanışlıq məqsədi daşıdığını, Azərbaycanın uğurla inkişaf etdiyini, bu sahədə çalışan əməkdaşların peşəkar olmalarını, əməkdaşlığın bundan sonra da davam edəcəyini qeyd etdi.

   Görüşdə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya Regional Ofisi, Konteynerlərə Nəzarət Proqramının Regional Koordinatoru Batır Geldiyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Azərbaycan ofisinin hüquq mühafizə orqanları ilə İş üzrə lahiyələrinin əlaqələndiricisi Sevil Qənbərova, Hərbi və inzibati orqanlar şöbəsi müdirinin müavini Ceyhun Hüseynov və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev iştirak edirdi.




Viewed: 1540