“Narkomaniyadan özümüzü qoruyaq”

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu cəmiyyətin bəlası hesab edilən və “ağ ölüm” adlandırılan narkomanlığa qarşı maarifləndirici tədbirlərini davamlı və səmərəli şəkildə həyata keçirir. 
Elə ötən gün Dövlət Komissiyasının işçi qrupu Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə “26 iyun - Ümumdünya Narkomaniya ilə mübarizə günü” ilə bağlı Dənizkənarı Mili Parkdakı “Saat qülləsi”nin yanından başlayaraq “Narkomaniyadan özümüzü qoruyaq” adlı küçə aksiyası keçirdilər. 
Aksiyaya könüllü şəkildə qoşulan onlarla gənc üzərində “Narkomaniyaya yox!” şüarı yazılmış köynəklərlə maarifləndirici broşur və məlumat plakatları ilə vətəndaşlarla görüşüb onlarla həmsöhbət oldular. Gənclər hər kəsi bu dəhşətli bəlaya qarşı ciddi mübarizəyə səslədilər.

Tədbirin təşkilatçılarından olan Komissiyanın işçi qrupunun rəhbəri vəzifəsini müvəqqəti icra edən Fəqan Şahverdiyev mediya nümayəndələrinə məlumat verərək dedi ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın bəndlərinin icrası ilə əlaqədar Baş Nazirin müavini, Dövlət Komissiyasının sədri Əli Həsənovun tapşırıqlarına uyğun olaraq, ictimaiyyəti, əsasən gənc və yeniyetmələri, onların valideynlərinin maarifləndirilməsi üçün video roliklər hazırlanmışdır. “26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar, Bakı Şəhər İcra Hakimiyyəti və Nəqliyyat Nazirliyinin xüsusi dəstəyi sayəsində adı çəkilən roliklər Bakı şəhərinin mərkəzi küçələrində yerləşən reklam lövhələrində, intelektual VMS məlumat lövhələrinin 14 yerləşmə məntəqəsində, Bakı şəhəri üzrə 515 piyada dayanacaqlarında yerləşən monitorlarda yerləşdirilmiş və 26 iyun tarixinədək işıqlandırılması nəzərdə tutulmuşdur.

F.Şahverdiyev bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı 2014-cü ilin 5 ayı ərzində aidiyyəti qurumlar tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.

Bu dövrdə narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1527 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 473 kiloqram 160 qram müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 424 kiloqramı daxili işlər orqanlarının, 32 kiloqramı Milli Təhlükəsizlik Nazirliyinin, 90 kiloqramı Dövlət Gömrük Komitəsinin, 77 kiloqramı isə Dövlət Sərhəd Xidmətinin payına düşür.

Fəqan Şahverdiyev onu da bildirdi ki, bizim işimiz həm də insanlar arasında maarifləndirici işlər həyata keçirmək, xüsusən də gəncləri narkomaniya ocaqlarından qorumaqdır. Bu istiqamətdə davamlı olaraq ümumkütləvi tədbirlər keçirilir. Bu kampaniya da həmin silsilə tədbirlərin davamıdır.
F.Şahverdiyev daha sonra dedi ki, adətən narkotacirlər öz müştərilərini gənclər arasından seçirlər. Buna görə də məktəblərdə müəllimlər daha ayıq sayıq olmalıdırlar.

Onlar şagirdlərin və tələbəlrin narkotik maddələrdən istifadə etməsindən şübhələndikdə gecikmədən valideyninə xəbər verilməli və mətəxəsisləri-yəni psixoloqu və narkoloqu dərhal həmin gənclə söhbətə çağırmalı və bunun gizliliyi təmin olunmalıdır. Xüsusən, burada şagirdlər öz yoldaşlarına mənəvi dəstək olmalıdırlar.

 

                                                                                                                                                                                                           Elçin Zaman, “İki sahil”




Baxılıb: 1787