Narkotiklərlə mübarizədə Azərbaycan “Gömrük qalxanı”nın rolu.

  Azərbaycanın coğrafi mövqeyi, Avropa və Asiyanın kəsiyində, narkotəhlükəli regionlara və Əfqanıstana yaxın ərazidə yerləşməsi, əlverişli nəqliyyat kommunikasiyaları, avtomobil, su, hava və dəmir yolları narkoqaçaqmalçıların da diqqətini cəlb etmişdir. Onlar bu ərazidən “ötürücü məntəqə” kimi istifadə etməyə cəhd göstərirlər. Narkoşəraitə təsir edən əsas amil Əfqanıstanda qanunsuz narkotik istehsalının həcmidir.

  BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məlumatına əsasən dünya bazarına daxil olan tiryəkin 90%-i Əfqanıstanda istehsal olunur. 2013-cü ildə Əfqanıstanda tiryək rekord həddə, yəni 5,5 min ton istehsal edilmişdir. Bu isə 2012-ci ildə istehsal olunandan 49 faiz çoxdur. Bu kolossal bir rəqəmdir və o deməkdir ki, tək Əfqanıstan dünyada istehsal olunan narkotiklərdən çox narkotik istehsal edir. Bununla yanaşı əgər əvvəllər tiryək laləsinin istehsal sahəsi 154 min hektar idisə bu gün artıq bu rəqəm 200 min hektarı keçmişdir.

  Yuxarıda göstərilən səbəblərdən ölkəmizdə narkotiklərlə mübarizə hər bir zaman dövlətin əsas vəzifələrindən biri kimi irəli sürülmüş və bu vəzifənin yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl proqramlar qəbul edilərək uğurla icra olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)”ın icrası üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən kompleks tədbirlər görülmüşdür. Bununla bərabər Prezidentin 24.06.2013-cü il tarixində imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra edilir.

  Azərbaycan Respublikasının gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən “ötürücü məntəqə” kimi istifadə olunmasına yol verməmək məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş tədbirlər nəticəsində cari ilin ilk 9 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 120 fakt aşkar olunmuşdur. Bu faktlar üzrə 151 kq-dan çox narkotik maddə, o cümlədən 75 kq 717 qr heroin, 30 kq 655 həşiş, 29 kq 615 qr tiryək, 15 kq marixuana və digər narkotik maddələr qanunsuz dövriyyədən çıxarılmışdır. Şübhəli bilinən şəxslərdən 123 nəfəri kişi və 22 nəfəri qadın olmaqla, ümumilikdə 145 nəfər barəsində müvafiq tədbirlər görülmüşdür. Saxlanılan şəxslər arasında 112 nəfər Azərbaycan vətəndaşı və 35 nəfər xarici vətəndaşlar olmuşdur. Saxlanılan xarici ölkə vətəndaşları arasında 28 nəfər İran İslam Respublikası, 3 nəfər Rusiya Federasiyası, 3 nəfər Gürcüstan Respublikası və 1 nəfər Türkiyə Respublikası vətəndaşlarıolmuşdur.
  Bununla yanaşı, öncəki illər ərzində gömrük orqanları tərəfindən bir sıra iri narkoqaçaqmalçılıq kanalları aşkar və ləğv edilmişdir.

  Belə ki, 2007 və 2009-cu illər ərzində İran İslam Respublikası ərazisindən tranzit keçirilmə yolu ilə Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş və hava nəqliyyatı ilə Çin Xalq Respublikasına daşınmasına cəhd göstərilən əfqan mənşəli narkotik olan heroinin qaçaqmalçılığı üzrə 8 cinayət faktı aşkar edilmişdir ki, nəticədə də 60 kq-dək heroin qanunsuz dövriyyədən çıxarılmışdır. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Pakistan və Nigeriya narkoişbazlarının təşkil etdikləri 8-i qadın olmaqla Pakistan, Özbəkistan, Nigeriya, Azərbaycan, Kamboca, Litva, Mali, Qana və Ukrayna vətəndaşlarının daxil olduğu transmilli mütəşəkkil cinayətkar dəstələrin 18 üzvü saxlanmışdır.

  2010-cu ildə isə İrandan gətirilən narkotiklərin İsveç, Yunanıstan, Kanada və digər ölkələrə beynəlxalq poçt göndərişləri vasitəsilə daşınması üzrə 18 cinayət faktı aşkar edilmiş və nəticədə qanunsuz dövriyyədən 24 poçt bağlamasında xüsusi üsullarla müxtəlif dekorativ fiqurların, rəsm çərçivələrinin və digər əşyaların içərisində gizlədilmiş 31 kq 285 qram tiryək və 16 kq 373 qram heroin olmaqla ümumilikdə 47 kq 658 qram narkotik vasitə çıxarılmış və 1 ədəd “Makarov” markalı tapança, ona aid patronlar, cinayətlərin törədilməsi üçün nəzərdə tutulmuş əşyalar və maddələr götürülmüşdür. Aşkar edilmiş cinayət faktları üzrə transmilli mütəşəkkil cinayətkar dəstələrin üzvləri olan Azərbaycan və İran vətəndaşları saxlanılmış və narkotiklərin daşınması üzrə qeyd olunan kanallar bağlanılmışdır.

  2008-2012-ci illər ərzində metamfetaminin saxlanması üzrə keçirilmiş tədbirlər nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gətirilmiş, daha sonra isə hava nəqliyyatı vasitəsilə Malayziya, Tailand və İndoneziyaya daşınmasına cəhd göstərilən 37 kq-dək güclü təsirə malik metamfetamin psixotrop maddəsi qanunsuz dövriyyədən çıxarılmış, eləcə də 37 nəfəri kişi və 6 nəfəri qadın olmaqla 24 Azərbaycan, 17 İran, 1 Türkiyə və 1 nəfər Slovakiya vətəndaşı saxlanılmışdır.

  Xüsusi narahatçılıq doğuran məsələlərdən biri götürülən narkotiklərin içərisində güclü təsirli narkotik olan heroinin xüsusi çəkisinin əvvəlki dövrlə müqayisədə xeyli artmasıdır. Buna bariz nümunə kimi gömrük orqanları tərəfindən cari ilin mart ayında yalnız bir fakt üzrə 26 kq-dan çox heroinin aşkar edilməsidir. Bu qədər çox heroinin törədə biləcəyi təhlükənin miqyasını aydın təsəvvür etmək üçün qeyd edək ki, mütəxəssislərin rəyinə görə, 1 kq heroindən 10 000 “doza” alınır, 100 qram heroinlə 170 adamı narkotiklərdən asılı vəziyyətə salmaq mümkündür.
  Artan narkotəhlükə ilə effektiv mübarizə aparmaq məqsədilə Dövlət Gömrük Komitəsi daim öz potensialını gücləndirmək yolunda bir sıra tədbirlər həyata keçirir.

  Dünya təcrübəsində özünü doğrultmuş vasitə kimi Komitənin Kinoloji Mərkəzində yetişdirilmiş narkotik axtarışı üzrə 40-dan çox xidməti it gündəlik fəaliyyətdə müvəffəqiyyətlə tətbiq olunur. Mərkəzin eyni vaxtda 100 baş itin saxlanması üçün nəzərdə tutulan hər cür şəraitə malik 3 saxlama korpusu, baytarlıq xidməti göstərən poliklinikası vardır. Burada yetişdirilmiş itlər dəfələrlə beynəlxalq və respublika səviyyəli yarışlarda, o cümlədən Avropa hüquq-mühafizə orqanları və MDB ölkələrinin gömrük xidmətləri arasında keçirilən yarışlarda birinci yeri tutmuşlar. Beynəlxalq əməkdaşlıq çərçivəsində Bolqarıstan, Moldova, Gürcüstan, Makedoniya, Monqolustan, Türkiyə və Əfqanıstan gömrük xidmətlərinin kinoloqlarına Mərkəzdə narkotik vasitələrin axtarışı üzrə xüsusi hazırlıq keçmiş iki baş xidməti it hədiyyə edilmişdir. Makedoniya Gömrük Xidmətinə hədiyyə olaraq verilmiş it 16 kq heroin aşkarlamışdır.

  Beynəlxalq təcrübəni nəzərə almaqla gömrük nəzarətinin daha səmərəli təşkil edilməsi üçün mobil qruplar və Hədəflərin Müəyyənləşdirilməsi Mərkəzi yaradılmışdır. Qeyd edilən qruplar yüklərin müəyyən olunmuş marşrut üzrə gömrük müşayiətlərinin həyata keçirilməsində və hüquqpozmalarla mübarizə üzrə digər tədbirlərdə aktiv istifadə olunur. Hədəflərin Müəyyənləşdirilməsi Mərkəzi gömrük qanunvericiliyinə əməl olunmaması risklərinin ortaya çıxarılmasında, sərhəd gömrük buraxılış məntəqələrinin ərazilərinə, oradakı iş prosesinə video nəzarətin həyata keçirilməsində və hətta rentgen qurğularından keçirilən mallara nəzarət edilməsində mühüm alətdir. Burada üzərinə GPS qurğuları yerləşdirilmiş nəqliyyat vasitələrinin hərəkət marşrutuna, Xəzər dənizində yerləşən su nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edilməsi və digər məlumatların əldə edilməsi mümkündür.

  Bununla yanaşı ölkənin gömrük orqanları iri ölçülü yüklərin yoxlanması üçün mobil və stasionar skaner qurğuları, əl yüklərinin və baqajların yoxlanması üçün “Rapiscan532H”, “Heimann” markalı rentgen aparatları və “Olympus” markalı videoskoplarla təchiz edilmişlər.
  Narkotiklərlə mübarizədə gömrük orqanları tərəfindən görülmüş işlər Azərbaycan Respublikasının bu ümumbəşəri bəladan qurtulmaq yolunda atdığı mühüm addımların tərkib hissəsidir. Azərbaycan Respublikası gömrük orqanları bundan sonra da bu bəla ilə mübarizə üçün bütün resurslarını sərf edərək qətiyyətli mübarizə aparmağa hazırdır.

 

Azad Vəliyev,
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Gömrük Sahəsində Hüquqpozmalara Qarşı
Mübarizə Baş İdarəsinin böyük inspektoru




Baxılıb: 1135