Narkomaniya ilə mübarizənin daha səmərəli yolları araşdırılır.

  31 oktyabr 2014-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük zalında “Narkomaniyaya yox deyək, pis vərdişlərdən uzaq olaq!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vəzir Səfixanov və Cəlil Mirzəyev, YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Vasif Quliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin müdir müavini Aydın Yusifov, Bakı şəhər Təhsil İdarəsinin sektor müdiri Afiq Əzizov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Asif Kəngərli, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Anar Tahirov, Pirallahı RİH-in və Rayon Polis Şöbəsinin əməkdaşları, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimləri, rayonun təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak etdilər.

  Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Mirzəyev qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Qeyd olundu ki, müstəqillik əldə edildikdən sonra bir sıra problemlər kimi narkomaniya probleminə qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyi də ön plana çıxmışdır və problemə münasibətdə yeni mərhələ başlanmışdır.

  Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirdi ki, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilərək bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilib. Azərbaycan Respublikası, həmçinin müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirərək, narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Narkomaniyanın heç bir yaş sərhədi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olaraq qeyd edən V.Səfixanov bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğuladı.

  Tədbirdə Vasif Quliyev, Aydın Yusifov, Afiq Əzizov, Asif Kəngərli, Anar Tahirov və başqaları çıxış edərək narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirdilər, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

  Tədbirin sonunda hər bir iştirakçıya narkomaniyanın fəsadlarını, insanlara “bəxş etdiyi” bəlaları əks etdirən broşürlər paylandı.




Baxılıb: 1196