Narkotikə düçar olmuş insandan üz çevirmək yox, ona kömək etmək lazımdır!

  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının çoxsaylı müsabiqə istiqamətlərindən biri də əhalinin sağlamlığının qorunması və gənclərin sosial, fiziki, mənəvi inkişafı sahəsində layihə təkliflərinin dəstəklənməsidir.

Hər il bu istiqamət üzrə onlarla layihəyə qrant ayrılır.  2007-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaranan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 7 illik fəaliyyəti dövründə elan etdiyi müsabiqələrdə mütəmadi olaraq “Narkomaniyaya qarşı mübarizə” mövzusuna yer ayırır.

  Şura Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında təmsil olunur. Şura QHT-lərin antinarkomaniya istiqamətli layihələrinə dəstək verməklə komissiyanın fəaliyyət proqramını dəstəkləyir və onun reallaşması üçün ümumi səyləri artırır.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Şuranın üzərinə düşən vəzifələrdən danışarkən ilk növbədə vətəndaş cəmiyyəti nümayəndələri üçün bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərdən və müxtəlif yaş təbəqələri üçün təşkil edilən aksiyalardan bəhs etmək lazımdır. Bu layihələrin dəstəklənməsi Şuranın daim diqqət ayırdığı prioritet mövzular sırasındadır.

  Şura 2013-cü ildə yuxarıda adıçəkilən mövzuda 11 layihəyə ümumilikdə  69.600 manat vəsait ayırmışdır. İcra olunan layihələr çərçivəsində görüləcək işlərə 30 nəfər cəlb edilmişdir. Bu layihələr çərçivəsində 995 uşaq, 1328 gənc, 693 nəfər isə digər yaş qruplarına daxil olaraq faydalanmış, bunlardan da 1924-ü kişi, 1092-si isə qadın olmuşdur. Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif şəhər və rayonlarında icra edilmiş layihələr zamanı 17 təlim, 5 seminar, 2 digər formalı tədbirlər təşkil edilmiş, 2 buklet və 1 poster çap edilmişdir.

  2014-cü ildə isə 24 layihəyə Şura tərəfindən ümumilikdə 196.000 manat maliyyə yardımı ayrılmışdır. Narkomaniya əleyhinə fəaliyyət göstərən QHT-lərin bu yöndə təşkil etdiyi tədbirlər əsasən gəncləri əhatə edir. Belə layihələr də çox vaxt gənclərlə işləyən QHT-lər tərəfindən işlənir. Belə ki, Milli Qəhrəmanların Təbliğinə Dəstək İctimai Birliyi “Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir”, “Polisə Dəstək” İctimai Birliyi “Narkomaniya və HİV-lə mübarizədə ictimai fəallığın artırılması”, “Feniks” sağlam həyat təbliği İctimai Birliyi “Maariflən və sağlam yaşa”, “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi “Gələcək sağlam gənclərindir”, “İnsan Hüquqlarının Qorunmasına Dəstək” İctimai Birliyi “”Narkotikaya yox deyək!”  rəsm sərgisi”, Azərbaycan Maarifçi Gənclər Təşkilatı “Ölümünü sifariş edənlər” narkomaniya əleyhinə sənədli filmin ictimai müzakirələrinin təşkili” mövzusunda layihələri icra etmişlər.

  Layihələr Bakı şəhəri ilə yanaşı, ölkənin digər regionlarını da əhatə etmişdir. İcra edilmiş layihələrin formatı əsasən maarifləndirmə xarakterli olmuşdur. Xüsusən regionlarda gənclərin iştirakı ilə keçirilmiş tədbirlərdə asudə vaxtın səmərəli təşkili mövzusunda geniş müzakirələr aparılmışdır. Layihələrin məqsədi ümumilikdə mərkəzdə və regionlarda narkomaniya, onun fəsadları mövzusunda gənclər arasında maarifləndirmə işlərinin aparılmasından, bu mövzularda tədbirlərin təşkilindən ibarət olmuşdur. İcra edilmiş layihələr çərçivəsində görülən işlərə ümumilikdə 74 nəfər işçi cəlb olunmuş, 9555 nəfər layihələrdə iştirak etmiş və bəhrələnmişdir. Bunlardan 5865 nəfəri uşaq və yeniyetmə, 2878 nəfəri gənc, 812 nəfəri isə digər yaş qrupuna aid insanlardır. Maliyyələşmiş layihələr çərçivəsində 75 təlim, 28 seminar və 30 müxtəlif tipli tədbir (dəyirmi masa, ictimai müzakirə, yürüş, sərgi və s.) təşkil olunmuşdur. İcra olunan işlər zamanı 1 kitab, 4 buklet və 7 digər çap məhsulları hazırlanaraq iştirakçılara paylanmışdır. Yuxarıda qeyd olunmuş məlumatlardan da görmək mümkündür ki, ötən ilə nisbətən 2014-cü ildə QHT-lərin adıçəkilən istiqamət üzrə layihə icraetmə göstəriciləri artan dinamika ilə inkişaf etmişdir.

  Növbəti 2015-ci ildə dövlətin və cəmiyyətin narkomaniyaya qarşı göstərəcəyi fəaliyyətdə Şuranın gözləntiləri böyükdür. Hər il dövlət və QHT səviyyəsində keçirilən tədbirlər, aparılan monitorinqlər bu sahədə gələcəyə nikbin baxmağa əsas verir. Əminik ki, dövlətin iradəsi, vətəndaş cəmiyyəti institutlarının səyləri nəticəsində cəmiyyəti narahat edən, ayrı-ayrı insanların ciddi probleminə çevrilmiş narkomaniya böyük ölçüdə öz sərhədlərini daraldacaq. Şura bu istiqamətdə öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirir.

  QHT-lərlə mütəmadi və ardıcıl iş birliyində olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti illərdə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda vətəndaş cəmiyyətinin təmsilçilərindən yeni, innovativ təkliflər, maraqlı yanaşma üsulu, tədbirlərin qapalı məkanlardan açıq məkanlara çıxmasını gözləyir və əvvəlki illərdə olduğu kimi, onlara tam dəstək verməyə hazırdır. Dövlət - QHT münasibətlərinin yüksək əməkdaşlıq səviyyəsində olduğu indiki dövrdə bu, bir daha cəmiyyəti narahat edən məsələlərin həllinə güclü təkan vermiş olar, eyni zamanda bu məsələdə müsbət nəticələrə gətirib çıxarar. 

Mirzağa Zaidov,

Azərbaycan Respublikasının Prezidenti yanında 
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi




Baxılıb: 1116