Külli miqdarda narkotik vasitələr məhv edildi.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu aidiyyəti nazirlik, komitə və təşkilatlarla birgə bir sıra qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmişdir.

  Belə ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu 2014-cü ilin müvafiq dövrü ərzində respublikanın bir sıra şəhər və rayonlarında “Narkomanlıq bəşəriyyətin bəlasıdır”, “Narkomanlıqla mübarizə hər kəsin borcudur”, “Narkomanlığa və narkobiznesə qarşı mübarizədə ictimaiyyətin rolu” və digər mövzularda geniş tərkibli tədbirlər keçirmiş, narkotik vasitələrin dövlətə, cəmiyyətə və insanlara göstərdiyi mənfi təsirlər barədə əhali arasında maarifləndirmə işləri aparılmışdır.

  Maarifləndirmə işlərinin davamı olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış video rolik Bakı şəhərinin mərkəzi küçələrində yerləşən reklam tablolarında və Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin piyada dayanacaqlarında yerləşən avtobus informasiya terminal monitorlarında işıqlandırılmışdır.
Cari ilin ötən 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 2680 fakt aşkar edilmişdir ki, onlardan 732 satış, 1742 saxlama, 194 əkin, 12 digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 45 kq 455 qr müxtəlif növ narkotik vasitələr çıxarılmışdır.

  Müsadirə olunan narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından 113 kq 846,49 qr-ı həşiş (11%), 280 kq 055,702 qr-ı heroin (27%), 210 kq 081,15 qr-ı tiryək (20%), 414 kq 625,787 qr-ı marixuana (40%), 24 kq 958,97 qr digərləri (3%), 2 kq 016,654 qr-ı psixotrop maddə, 0,1 qr-ı prekusor və 20 qr-ı amfetamin olmuşdur.

  Həmçinin, “Xaş-Xaş 2014” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və ya yabanı halda bitmiş 212 ton 489 kq 59 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilən 1878 nəfərdən 47 nəfəri xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da 276 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Əcnəbilərdən 21-i İran, 16-sı Gürcüstan, 7-si Rusiya, 2-si Türkiyə, 1-i isə Litva vətəndaşı olmuşdur.

  Həyata keçirilmiş tədbirlərin davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2012-ci il 1 nömrəli Sərəncamının tələblərinə uyğun olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun təşkilatçılığı və müvafiq qurumların iştirakı ilə 16 dekabr 2014-cü il tarixdə Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində külli miqdarda narkotik vasitələr məhv edilmişdir. Belə ki, 177 məhkəmə hökmü ilə müsadirə edilməklə, barəsində məhvetmə qərarı çıxarılmış 505 kq-dan artıq müxtəlif növ narkotik vasitələr (99 kq 558,9 qr həşiş qətranı, 166 kq 536,64 qr marixuana, 43 kq 106,28 qr heroin, 83 kq 566,703 qr tiryək, 110 kq 377,77 qr və 1662 ədəd çətənə bitkiləri, 2 kq 210,562 qr psixotrop maddələr) aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilmişdir.

   (Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin “qarabazar”da ümumi dəyəri 6 mln. manat təşkil edir).

Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyasının İşçi qrupu




Viewed: 1077