Coğrafi mövqeyindən, ictimai-siyasi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq, elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Məlumdur ki, narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Narkomaniya və narkotizm sarsıntı və faciələri ilə hüdudsuz olan sosial-iqtisadi, cinayət-hüquqi, mənəvi-psixoloji və tibbi cəhətdən mürəkkəb və çoxaspektli, ictimai təhlükəliliyi həddən artıq yüksək, ən ağır və təhlükəli nəticələr doğuran ümumbəşəri problemdir.
Narkomaniya yoluxucu xəstəlik kimi əhali, xüsusən də gənclər arasında yayılmış, öz miqyaslarını genişləndirərək transmilliləşmiş, bəşəriyyətin sosial-iqtisadi, mənəvi-əxlaqi dayaqlarını dağıtmaq səviyyəsinə çatmışdır. Hazırda vətəndaşları narkotizasiyasının acı nəticələrini hiss etməyən ölkə tapmaq mümkün deyildir. Narkomanlıq və narkobiznes ərazi, milli, dini, sinfi və digər sərhədlər tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilmişdir.
Son yarım əsrdə narkomaniya və narkocinayətkarlıq nisbətən lokal fenomendən dünyada kriminal və antisosial aktivliyin əsas mənbəyinə çevrilmişdir. Narkoistehsal prinsipcə planetar xarakter almış, dünyada ekstremizmin, qeyri-sabitliyin və siyasi turbulentliyin universal generatoruna çevrilmişdir.
2001-ci il 23 yanvar tarixli BMT-nin Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitəsinin illik hesabatında əks olunan statistik rəqəmlərə görə XX əsrin sonlarında dünyada 8 milyon heroin, 13.3 milyon kokain, 141.2 milyon marixuana, 30 milyon sintetik narkotik istehlak edənlər qeydə alınmışdır. Dünyada narkotiklərdən qeyri-tibbi məqsədlərlə istifadə edənlərin sayı 180 milyonu ötmüşdür ki, bu da planetin yaşı 15-dən yuxarı olan əhalisinin 4.2%-ni təşkil edir. BMT ekspertləri dünya "narkosənayesinin" dövriyyəsini ildə 400 milyard ABŞ dolları həcmində qiymətləndirirlər ki, bu da dünya ticarət dövriyyəsinin 8%-ni təşkil edir. Konkret illərə gəldikdə isə, BMT sənədlərində 1998-ci ildə dünyada 147,4 mln marixuana, 13,4 mln kokain, 12,9 mln isə tiryək və onun törəmələrinin, xüsusən də heroin istehlakçılarının olduğu, 2008-ci ildə isə 160 mln marixuana (1998-ci illə müqayisədə artım 8,5%), 17 mln kokain (27% artım) və 17,35 mln (artım 34,5%) heroin, tiryək və onun törəmələrinin istehlakçısı olduğu qeyd edilmişdir.
BMT-nin ekspertləri tərəfindən hazırlanmış narkotiklər haqqında ümumdünya məruzəsinə əsasən, 2010-cu ildə qadağan edilmiş narkotikləri azı bir dəfə qəbul edən şəxslərin sayı 230 mln-a yaxın, yəni planetin əhalisinin 5%-ə ( 15-64 yaş arasında olan) qədər olmuşdur. 2009-cu ildə il ərzində 125 milyondan 203 milyona qədər insan azı bir dəfə kannabis və onun törəmələrini qəbul etmişdir. Bu da yaşı 15-64 arasında olan yer kürəsi əhalisinin 2,8-4,5 faizini təşkil edir. Problemli narkoistehlakçıların, yəni heroin və kokain asılılığından əziyyət çəkənlərin sayı 27 mln nəfər, yəni dünyada 15-64 yaş həddində olan əhalinin 0,6%-ni təşkil etmişdir. BMT-nin narkotiklərlə və cinayətkarlıqla mübarizə üzrə idarəsinin məlumatlarına görə hər il dünyada narkotik vasitələr və psixotrop maddə istehlakçılarının sayı orta hesabla 15 mln artdığı da göstərilir.
2009-cu ildə 31 ölkədə amfetaminlər kateqoriyasına aid olan narkotik maddələrin istehsalı üzrə 8,5 min gizli laboratoriyalar aşkar edilmişdir.
Qeyd olunanlarla yanaşı, son illərdə müsadirə olunmuş ekstazi həblərinin həcminin 2 dəfə artdığı da göstərilir. Hər il on minlərlə insan narkoistehlak nəticəsində həyatını itirir.
Narkotiklər qlobal, ümumdünya miqyaslı kriminal mala çevrilmişdir. Böyük gəlirlər vəd etdiyindən narkoticarət, varlanmaq və sərvət toplamaq arzusu ilə alışıb-yanan səbatsız adamları daima özünə cəlb edən bir qüvvəyə çevrilmişdir. Hazırda onunla mübarizə daha da mürəkkəbləşmiş və çətinləşmişdir. Belə ki, cinayətkar narkotəşkilatlar böyük maliyyə vəsaitlərinə, yüksək texniki, təşkilat və "kadr" təminatı səviyyəsinə malikdirlər ki, bu da onlara müxtəlif qitələr və ölkələr, müxtəlif şəhər və regionlar "fəth" etməyə, hüquq-mühafizə orqanlarının təqibindən yaxa qurtarmağa, sosial nəzarət orqanlarının nümayəndələrini, dövlət məmurlarını rüşvətlə ələ almağa imkan verir. Korrupsiya və zorakılıq kimi üsul və vasitələrdən istifadə edərək mütəşəkkil narkocinayətkar qurumlar bəzi ölkələrdə hökumət çevrilişləri etməyə, digər ölkələrdə sabitliyi pozmağa, anarxiya və xaos yaratmağa çalışır, bu məqsədlə terrorçuların yardımından istifadə etməkdən belə çəkinmirlər.
Narkodövriyyədən əldə edilən gəlirlər, "çirkli pullar" gələcəkdə qanlı toqquşmaların, insan tələfatının, dövlət çevrilişlərinin və siyasi qətllərin maliyyə mənbəyidir.
Transmilli narkosindikatlar cinayətkar fəaliyyətdə ən müasir silahlardan, elektron müşahidə və nəzarət sistemlərindən, təhlükəsizliyin təmininin ən yeni metodlarından, üsul və vasitələrindən istifadə edirlər. Kriminal fəaliyyətin transmilli miqyaslarını getdikcə daha da genişləndirmək məqsədilə son zamanlar cinayətkar narkoqruplaşmalar qlobal informasiya şəbəkəsi olan internetdən də istifadə edirlər. Bundan başqa, beynalxəlq elektron bank şəbəkəsinə qoşulmuş və böyük imkanlara malik müasir kompüter texnikasından istifadə beynalxəlq miqyasda kriminal gəlirlərin leqallaşdırılması prosesini sürətləndirməyə, daha geniş miqyaslarda həyata keçirməyə şərait yaradır. Bu baxımdan BMT ekspertləri tərəfindən narkobiznesdən əldə edilmiş 300-800 milyard ABŞ dolları miqdarında pulların leqallaşdırılması barədə gətirdikləri rəqəmlər tamamilə real görünür.
Statistik rəqəmlər son illərdə Azərbaycanda narkomaniyanın və narkocinayətkarlığın vəziyyəti və dinamikasında artımın müşahidə olunduğunu göstərir. Respublikamızda narkomaniya və narkobiznesin yayılmasına qarşı görülən qətiyyətli tədbirlərə baxmayaraq, bu sahədə əməliyyat şəraiti, mövcud kriminogen durum hələ də mürəkkəb olaraq qalmaqdadır.
2005-ci ildə tibb müəssisələrində narkomaniya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 17838 olduğu halda, 2010-cu ildə onların sayı əhəmiyyətli dərəcədə (71.3%) artaraq 25005 olmuşdur.
Azərbaycanda 2013-cü il daxil olmaqla Narkoloji Dispanserdə qeydiyyata alınan narkomanların sayı 28376 nəfər olmuş, onların da 539 nəfərini, yəni 1,9%-ni qadınlar təşkil etmişdir. Narahatlıq doğuran amillərdən biri də ölkədə toksikomanlar qrupunun yaranmasıdır. Belə ki, göstərilən müddətdə toksikoman diaqnozu ilə 130 nəfər qeydə alınmışdır.
Qeydə alınmış narkomanların yaş qruplarına nəzər saldıqda isə görərik ki, onların 4 nəfəri (narkomanların ümumi sayında xüsusi çəkisi 0,01%) 15-17 yaş, 1344 nəfəri (4,74%) 18-24 yaş, 3893 nəfəri (13,72%) 25-29 yaş, 4147 nəfəri (14,61%) 30-34 yaş, 4296 nəfəri 35-39 yaş, 3415 nəfəri (12,03%) 40-44 yaş, 3023 nəfəri (10,25%) 45-49 yaş, 2531 nəfəri ( 8,92%) 50-54 yaş, 2227 nəfəri (7,85%) 55-59 yaş, 2014 nəfəri (7,09%) 60-64 yaş, 1482 nəfəri (5,32%) isə 65 və daha yuxarı yaşda olan şəxslər təşkil etmişdir.
2005-ci ildə narkotik təsir altında cəmi 7 cinayət hadisəsi qeydə alındığı halda, 2012-ci ildə narkotik təsir altında törədilən cinayətlərin sayı 21,5 dəfə artaraq 150 olmuşdur.
2005-ci ildə Azərbaycanda narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı 2014 cinayət törədildiyi halda, 2012-ci ildə bu növ cinayətlərin sayı 2559 olmuşdur.
2012-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınmış 2559 cinayətdən 2409-u (94,1%) qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri hazırlama, istehsal etmə və satma(AR CM-nin 234-cü maddəsi), 136-sı isə (5,3%) qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə (AR CM-nin 237-ci maddəsi) ilə bağlı olmuşdur.
2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 2181 şəxsdən 618-i (28,3%) əvvəllər cinayət törədənlər, 2007-i (92%) işləməyənlər və oxumayanlar, 45-i (2,1%) qadınlar, 32-i (1,47%) isə xarici vətəndaşlar olmuşdur. Bu növ kriminal əməlləri törədənlərin 5-i yeniyetmə, 558 nəfəri(25,6%) 18-30 yaş arasında olan şəxslər, 1618-i isə yaşları 30 və daha yuxarı olan (74,2%) şəxslər olmuşdur.
Müsadirə olunmuş narkotik vasitələrin və psixotrop maddələrin həcmini əks etdirən statistik məlumatlara nəzər yetirsək görərik ki, 2005-ci ildə 245 kq narkotik vasitə və psixotrop maddə, o cümlədən 35 kq tiryək, 13,4 kq heroin, 150 kq marixuana, 38,5 kq həşiş və həşiş yağı müsadirə edilmişdir. 33,1 kq narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə daxil olmasının qarşısı alınmışdır. Bu ildə 497,2 kq narkotik vasitələr hazırlamaq üçün xammal olan yaşıl kütlə halında çətənə aşkar edilərək məhv edilmişdir. 2005-ci illə müqayisədə 2012-ci ildə müsadirə edilən narkotik vasitələrin və psixotrop maddələrin həcmi xeyli artmışdır. Belə ki, 2012-ci ildə 808,6 kq (2005-ci illə müqayisədə 3,3 dəfə artım) narkotik vasitə və psixotrop maddə müsadirə edilmiş, müsadirə edilən narkotik vasitələrdən 90,9 kq tiryək (2,6 dəfə), 84,9 kq heroin (6,3 dəfə artıq), 312 kq marixuana(2 dəfə), 50,6 kq həşiş və həşiş yağı (1,3 dəfə) olmuşdur. Bu ildə 2936,4 kq (5,9 dəfə) narkotik vasitələr hazırlamaq üçün xammal şəklində olan çətənə yaşıl kütlə şəklində məhv edilmişdir.
Narkotiklərlə bağlı cinayətlər Azərbaycanın bütün regionlarına yayılmış, bu kriminal əməllərin mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilmə faktları xeyli artmışdır. Beynəlxalq mütəşəkkil cinayətkar narkosindikatların Azərbaycanın əlverişli geocoğrafi mövqeyindən və geosiyasi vəziyyətindən istifadə edərək ölkə ərazisindən narkotik vasitələrin və psixotrop maddələrin Asiya ölkələrindən Avropaya, MDB və Şimali Amerika ölkələrinə qanunsuz daşınmasında tranzit-keçid məntəqəsi, tranzit ölkə kimi istifadə etməyə çalışırlar. Erməni qəsbkarları tərəfindən Azərbaycan ərazisinin 20%-nin işğal edilməsi nəticəsində Azərbaycanın İran ilə dövlət sərhədinin 132 km faktiki olaraq nəzarətsiz qalması da narkosindikatlara narkotik vasitələrin İran ərazisindən Azərbaycanın sərhədindən keçməklə qeyri-qanuni olaraq maneəsiz daşınmasına imkan yaradır.
İnsanların sağlamlığına birbaşa neqativ təsirindən başqa narkomaniyanın ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya müxtəlif tamah-zorakı xarakterli cinayətlərin törədilməsinə şərait yaradan kriminogen amil kimi çıxış edir. Məhkəmə-istintaq təcrübəsində narkotik eyforiya və ya abstinent sindrom (abstinensiya - narkotik vasitənin və ya psixotrop maddənin qəbulunun qəflətən dayandırılması nəticəsində əmələ gələn vəziyyət olmaqla insan sağlamlığının fiziki, psixi, veqatativ-somatik və ya nevroloji pozulması ilə xarakterizə olunur) vəziyyətində narkomanların ən müxtəlif xarakterli tamah-zorakı cinayətlər törətməsi barədə çoxsaylı faktlar vardır.
Narkomanlığın ictimai təhlükəliliyi insanların sağlamlığının ciddi pozulmasında, intellektuallığın, ictimai fəallığın aşağı düşməsində, sosial əlaqələrin daralmasında və parçalanmasındadır. Narkotiklərdən istifadə nəticəsində psixi xəstəliklərə düçar olan, cəmiyyətdə tüfeyli həyat sürən narkomanlar tərəfindən ictimai təhlükəli əməllərin törədilməsi hallarına tez-tez rast gəlmək mümkündür.
Uzun illər ərzində narkotizm problemi ilə məşğul olan tədqiqatçılar bu məsələyə toxunaraq göstərirlər ki, bütövlükdə narkotizmlə cinayətkarlıq arasında qarşılıqlı əlaqənin və bunlar arasında bilavasitə asılılığın olması artıq heç kimdə şübhə doğurmur. Qiyməti çox baha olan və durmadan artan narkotiklərdən asılı vəziyyətə düşən narkoman, narkotik vasitələr almaq üçün vəsait əldə etmək məqsədilə cinayət törətməyə yüksək hazırlıq vəziyyətində olur. Narkotik vasitələrin qəbuluna ehtiyac gücləndikdə, onun davranışının kriminal səbəbi artır. Narkomanın eqoizmi, onun bütün niyyət və hərəkətləri hər hansı bir yolla onun üçün zəruri olan narkotik dozanın əldə edilməsinə yönəlmişdir və onu hüquqazidd hərəkətlərə sövq edir. Bu halda narkomaniyanın xüsusi təhlükəliliyi narkotiklərdən istifadənin yalnız şəxsiyyəti məhv etməsindən deyil, həmçinin narkomaniyanın özünün cinayətlər törədilməsinin səbəblərindən biri kimi çıxış etməsindən ibarətdir.
ÜST-nin ekspertlər komitəsi könüllü olaraq qəbul edilən və narkomaniyanın inkişafına gətirib çıxaran narkotiklər və digər kimyəvi preparat və maddələrin insan orqanizminə təsirini xarakterizə edən əsas əlamətlərin təyin edilməsinin zəruri və vacib olduğu nəticəsinə gələrək bu əlamətlərin təsnifatını yaratmışlar. Onların fikrincə, bu əlamətlərin içərisində əsasları aşağıdakılardır:
- müəyyən psixofarmokoloji effektin alınması məqsədilə preparatın qəbuluna qeyri-normal meyl;
- toksik maddənin orqanizmdən çıxarkən psixofizioloji pozğunluğun müxtəlif dərəcəsi ilə ifadə olunan və bunun nəticəsində yaranmış vəziyyətin yüngülləşdirilməsi üçün əlavə narkotik dozası qəbuluna qarşısıalınmaz meyllə müşaiyət olunan abstinent sindromun inkişafı;
- konkret şəxsin preparatın müəyyən dozasının təkrar qəbuluna olan artıq məlum reaksiyanın aşağı düşməsi ilə xarakterizə olunan və bununla əlaqədar orqanizmin tələb etdiyi farmodinamik effektin alınması üçün böyük dozanın qəbul edilməsinə gətirib çıxaran tolerantlığın meydana gəlməsi;
- narkotik və psixotrop vasitələrin yüksək birdəfəlik dozasının qəbul edilməsindən sonra, habelə uzunmüddətli qəbul nəticəsində şəxsiyyətin və davranışın dəyişməsi, psixi pozğunluğun əmələ gəlməsi.
Tibb üzrə fəlsəfə doktoru B.Əsədov "Narkomaniyanın erkən aşkar olunması, diaqnostikası və profilaktikasında təxirəsalınmaz tədbirlər" adlı məqaləsində ağır xəstəlik kimi narkomaniyanı - narkotiklərin qeyri-tibbi məqsədlərlə istifadəsinin fəsadları, insan sağlamlığına vurduğu zərəri barədə yazır: "Narkomaniyanın mütləq təzahürlərinə dəyişkən reaktivlik sindromu patoloji ehtiras, şəxsiyyətin spesifik dəyişiklikləri və abstinensiya sindromu daxildir. Bu pozğunluqlar ona görə meydana çıxır ki, narkotik maddələr mübadiləsinə sıx qoşularaq hemostazı tənzim edənlərdən birinə çevrilir. Narkotik maddələrin uzunmüddətli və mütəmadi sui-istifadəsi insanın bioloji varlığına öldürücü təsir göstərir, daxili üzvləri, əsasən də qara ciyəri dağıdır, mərkəzi sinir sistemini dəhşətli deformasiyaya uğradır. Narkomanın şəxsiyyəti öz fiziki zəifliyi və ruhi sönüklüyü ilə seçilir. Narkotik maddələr plasentar maneəni keçərək insan genofondunu dəyişdirir, döl anomaliyalarının yaranmasına və artmasına, yeni doğulmuş uşaqların eybəcərliyinə səbəb olur. Əfsuslar olsun ki, narkomandan anadan doğulan uşaqda doğulduqdan az sonra abstinent sindromun inkişaf etdiyi hallara, yəni ananın bətnində uşağın narkomana çevrilməsi halına rast gəlinir. Narkomaniyanın təhlükəsi həm də ondan ibarətdir ki, sonradan cəmiyyətin deqradasiyasına gətirib çıxaracaq, patoloji hallarla şərtlənən xromosom mutasiyaları yaradır".
Hətta ən zəif belə narkotik belə hərəkətlərin koordinasiyasını pozmağa və diqqəti aşağı salmağa qadirdir ki, bu da çox hallarda cinayətkar etinasızlığa, diqqətsizliyə, cinayətkar özünəgüvənməyə gətirib çıxara bilər. Bundan başqa, xəstə ehtirasların təsiri və narkotik "aclığın" dəf edilməsi üçün hər şeyə hazır olan bir çox narkomanlar öz patoloji tələbatlarını ödəmək üçün istənilən cinayətləri törətməyə hazırdılar. Narkotik vasitələrin və psixotrop maddələrin istehlakı nəticəsində əmək qabiliyyətinin kəskin aşağı düşməsi və şəxsi büdcəsinin kəsirdə olması fonunda tolerantlıq güclənir, abstinensiya dərinləşir ki, bu da narkomanları qəbul etdikləri narkotik dozasını kəskin artırmağa vadar edir. Xroniki narkomanların bir çoxu tez və ya gec narkotik vasitəni və ya psixotrop maddəni əldə etmək üçün maddi vəsaitlərin tapılması yolunu oğurluq, soyğunçuluq, quldurluq və digər bu kimi tamah və tamah-zorakı cinayətlərin törədilməsində görürlər.
Narkomanlıq cəmiyyətin gələcəyi üçün iki böyük təhlükə daşıyıcısıdır: birincisi, narkomaniya ilə xəstələnmiş fərdin şəxsiyyətində əsaslı dəyişikliklər baş verir ki, bunlar da, öz növbəsində, onun və ailəsinin həyatında mənfi dəyişmələrə gətirib çıxarır. İkincisi, narkomaniya cinayətkarlığın, zorakılığın, işsizliyin artmasına, dəhşətli xəstəliklərdən olan QİÇS və hepatitin yayılmasına şərait yaradır.
Bəziləri hətta narkomanları mənasız yerə və qəddarcasına adam öldürən avtomatlar hesab edirlər. Eyni zamanda, avtomatdan, robotlardan fərqli olaraq onların psixikası normal işləmir, çox zaman idarəedilməz olur. Bir sıra hallarda növbəti narkotik doza üçün pul axtarışında onlar öz ailə üzvlərini, qonşularını, dostlarını belə öldürməyə də gedə bilərlər.
Narkotik maddələrin istehlakı nəticəsində əmək qabiliyyətinin kəskin aşağı düşməsi və şəxsi büdcəsinin kəsirdə olması fonunda tolerantlıq güclənir, abstinensiya dərinləşir ki, bu da narkomanları qəbul etdikləri narkotik dozasını kəskin artırmağa vadar edir. Bu qədər narkotikləri isə ancaq "qara" bazarda, özü də böyuk pul müqabilində əldə etmək mümkündür. Nəticədə hər bir xroniki narkoman tez və ya gec narkotikləri əldə etmək üçün maddi vəsaitlərin tapılması məqsədi ilə cinayətkar üsullardan istifadə edir. Narkotik qəbul edən şəxsin cinayət törətməsi təəccüblü deyil. Çünki narkotik maddə baha qiymətə satıldığından, narkoman bu pulu əldə etmək üçün müəyyən müddət olanını sərf edir, əmlakını satır, sonra isə gəlir olmadığından quldurluğa, oğurluğa başlayır. Bir növ narkomaniya əleyhinə mübarizə aparmaq başqa növ cinayətlərin qarşısını almaq deməkdir. Ümumiyyətlə, narkomanlar və narkotik maddələrin satışı ilə iməşğul olanlar çalışırlar ki, varlı adamların uşaqlarını bu "tələyə" salsınlar. Bu maddəni bir dəfə dadan gənc ardıcıl olaraq həmin adamı axtararaq özləri "dərdlərinin dərmanını" istəyirlər.
Beləliklə, şəxsiyyətin formalaşmasına narkomaniya və narkotizmin dağıdıcı təsiri dairəsi genişlənir və cəmiyyətə zidd tüfeyli mövcudluq üçün qidaverici mühit yaradılır.
Narkotik qəbul edən yeniyetmənin kriminal meylləri xüsusən təhlükəlidir. Belə ki, neqativ psixiki kənarlaşmalar onun yaş xüsusiyyətləri, xarakterin zəifliyi, yüksək emosional vəziyyəti, mənəvi özünə nəzarətin olmaması ilə bağlı xüsusən ağırlaşır. Beləliklə, eyforiya vəziyyətində yeniyetmələr yaşlılara nəzərən hüquqpozuntularına daha çox meyllidirlər. Düzgün olmayan sosial-mənəvi istiqamətlənmə nəticəsində narkotik eyforiya və abstinensiya vəziyyətində olan yeniyetmə tərəfindən törədilən hüquqpozuntuları və ya cinayətlər çox zaman motivsiz, mənasız xarakter daşıyır, bəzən vandalizm doğurur, bir sıra hallarda xüsusi qəddarlığı ilə fərqlənir.
Narkomaniyanın faciəvi, qorxunc nəticələrindən danışarkən yaddan çıxartmaq olmaz ki, narkomaniya, ilk növbədə, adamlarda insanlığı öldürərək məhv edir, onu şüursuz bir varlığa, kimliyi, yeri-yurdu, nəsili bəlli olmayan, özünun insan olduğunu dərk etməyən Aytmatovun mankurtuna çevirir.
Beləliklə, artıq qeyd etdiyimiz kimi, narkomaniya sosial mənəviyyatın aşağı düşməsi olmaqla cəmiyyətə zidd, cinayətkar meyllərin və təmayüllərin, təcavüzkarlığın formalaşmasına, xüsusən agır cinayətlərin törədilməsinə gətirib çıxarır.
Bunu respublikamızın müxtəlif regionları üzrə məhkəmə-istintaq təcrübəsi də təsdiq edir. Belə ki, narkomanlar tərəfindən həyat və sağlamlıq, mülkiyyət əleyhinə edilən cinayətlər yalnız bir məqsədə - narkotik almaq üçün vəsait əldə etməyə yönəlmişdir. Hər il respublikanın şəhər və kəndlərində minlərlə ev yarılır, mülk qarət olunur, vətəndaş soyulur, dövlət əmlakı talanılır, qəsdən adam öldürülür, qız-gəlin zorlanır, maşın qaçırılır. Cinayətin əsas iştirakçıları da spirtli içki düşkünləri, narkomanlar və dustaqxanaya düşüb çıxanlardır. İnsanları qorxunc, vəhşi və vahiməli hala salan onun duşkünlüyüdür, hərisliyidir. Bir də spirtli içkilərə və narkotik maddələ hərisliyi haramlığa və harınlığa hərisliyi, şəhvət və mal dövlət düşkünlüyüdür.
Tamahkarlıq, qeyri-insani zorakılıq və qəddarlıq vəhşi eqoizm - əksər narkomanlara xas olan keyfiyyətlərdir. O da aydındır ki, narkotiklər olan yerdə cinayət də vardır. Bu bəlaya mübtəla olanlar heç də quzu deyillər. Onların bir çoxu narkotik vasitə almağa görə pulu oğurluq, quldurluq, soycunçuluq yolu ilə qazanır. Bu məqsədlə adam öldürməkdən belə çəkinmirlər. Narkomanın gözləri qarşısında onun bir pərəstişkarı və səcdəgahı olduğu halda hansı vicdandan, təmizlikdən və ülvi hisslərdən danışmaq olar?
Azərbaycanda narkocinayətkarlıqla mübarizə sahəsində böyük işlər görülmüş, uğurlu addımlar atılmışdır. Ölkədə bu sahədə qanunvericilik bazası işlənib hazırlanmış, bir sıra təşkilati, maddi-texniki və digər xarakterli məsələlər həll edilmişdir. Lakin bununla kifayətlənmək və sakitləşmək olmaz. Cəmiyyətimizin, ayrı-ayrı ictimai birlik və təşkilatların, ən müxtəlif dövlət strukturlarının, xüsusən də hüquq-mühafizə və digər sosial nəzarət orqanlarının bu istiqamətdə səylərinin birləşdirilməsi və gücləndirilməsi vacibdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa adekvat əks təsir göstərmək məqsədilə qəbul edilən və həyata keçirilən, təşkilati, texniki, elmi-metodiki, kadr, informasiya, psixoloji və tibbi xarakter daşıyan ümumsosial və xüsusi (o cümlədən də, xüsusi-kriminoloji) tədbirlərin kompleksliliyinin, fasiləsizliyinin, ardıcıllığının və səmərəliliyinin xeyli artırılmasını tələb edir.
Hüquq-mühafizə orqanları bu gün təklikdə bu problemi həll etmək, narkoepidemiyanın yayılma templərini aşağı salmaq iqtidarında deyildir. Ümumiyyətlə, təkcə repressiv tədbirlərlə, sərt cinayət-hüquqi sanksiyalarla bu problemi həll etmək qeyri-mümkündür. Dünyanın bir sıra ölkələrinin təcrübəsi göstərir ki, həddən artıq sərtliyi ilə seçilən qanunvericilik bazası, cinayət-hüquqi tədbirlər kompleksi problemin həllinə kömək etməmiş, narkotizmin və narkomaniyanın neqativ meyllərinin qarşısının alınmasına gətirib çıxartmamışdır.
Narkomaniya və narkotizmlə effektiv mübarizə aparmaq, cəmiyyət və şəxsiyyət üçün olduqca təhlükəli olan təzahürlərin yayılmasının qarşısını qətiyyətlə almaq, narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığın tibbi, sosial, psixoloji və iqtisadi xarakterli mənfi nəticələrini aradan qaldırmaq istəyən hamının, o cümlədən dövlət orqanlarının, ictimai təşkilatların, ayrı-ayrı vətəndaşların xüsusi diqqətini tələb edir. Ona görə də onunla mübarizəyə hər bir ölkənin aparıcı kriminoloqları, narkoloqları, psixoloqları, psixiatrları, sosioloqları, habelə xarici ölkələrin mütəxəssisləri cəlb edilməlidir. Narkomanlığın qarşısının alınmasında və narkobizneslə mübarizədə hüquq-mühafizə orqanları ilə bərabər səhiyyə və təhsil müəssisələri də xüsusi rol oynamalıdırlar. Eyni zamanda, nakromanlığın profilaktikasında kütləvi informasiya vasitələrinin, mətbuat, radio və televiziyanın, xüsusən də internetin imkanlarından daha geniş və səmərəli şəkildə istifadə edilməlidir.
Narkomaniyanın yayılması ilə mübarizədə ən vacib istiqamətlərdən biri də respublika əhalisi arasında sağlam həyat tərzinin təbliği və gənclərin narkotizm əleyhinə düzgün və sistematik tərbiyələndirilməsidir. Gənc nəsil əhalinin narkomaniyanın toruna rast gəldiyi yanılmadan, çətinliklərdən, münaqişələrdən onları dəf etməkdə çətinlik çəkdiyindən sınan ən gövrək hissəsidir. Əksəriyyət, əsasən də gənclər narkomaniyanın nə olduğu haqda heç düşünmürlər. İctimai fikir bu sosial bəla həqiqi mübarizəyə hələ tam hazır deyildir.
Narkomaniya və narkotizmin real vəziyyəti, onu doğuran sosial-iqtisadi hadisələri, narkotizmlə mübarizədə dövlətin, cəmiyyətin mövcud imkan, qüvvə və vasitələri tam və dolğun şəkildə təhlil edilib qiymətləndirilməlidir. Narahatlıq, təlaş və vahimədən, real vəziyyətin müəyyən edilməsinə və dəqiq təhlilinə keçilməli, narkomaniya və narkotizmi xarakterizə edən əsas göstəricilər kəmiyyət və keyfiyyət baxımından ifadə edilməlidir. Yeniyetmə və gənclərin narkomaniya və narkobiznes "toruna" düşməsinin qarşısını almaq məqsədilə dövlət və cəmiyyətin bütün imkanları səfərbər edilməli, əks zərbənin əsas istiqamətləri, strategiyası və taktikası dəqiq hesablanmalıdır. İstər keçmiş ənənələrə, istərsə də dünya təcrübəsinə istinad edilərək, narkotizmə təsirin ən səmərəli üsulları axtarılaraq tapılmalıdır. Zənnimizcə, narkomaniya və narkotizmlə mübarizədə ayrı-ayrı ictimai təşkilatların, xeyriyyə cəmiyyətlərinin, dini qurumların imkanlarından və bacarıqlarından maksimum istifadə edilməlidir.
Beləliklə, cəmiyyətimiz narkomaniya və narkotizmlə mübarizənin başlanğıc mərhələsindədir və hələ çox işlər görülməlidir. Biz öyrənməli, elmi-texniki, təşkilati-metodiki, hüquqi və digər vasitələrin köməyi ilə narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycana gətirilməsi kanallarını tam aşkar etməyi bacarmalı, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılması və istintaqının elmi-metodiki, taktiki-prosessual bazasını daha da təkmilləşdirməli, narkotik vasitələrin və psixotrop maddələrin kriminalistik tədqiqatının müasir informasiya-kompüter texnologiyalarına əsaslanan ən yeni və effektiv metodlarını və metodikalarını işləyib hazırlamalıyıq. Qeyd olunanlarla yanaşı, narkomaniya və narkotizmin profilaktikası üzrə fəaliyyətin səmərələlik dərəcəsini yüksəltməli, narkomanların müalicəsi üzrə maddi-texniki bazanı, reabilitasiya mərkəzləri şəbəkəsini yaratmalı, onları müalicə edərək normal həyata qaytarmağı öyrənməliyik. Bir sözlə, qarşıda asan olmayan, böyük zaman, qüvvə və bacarıq, təmkin və səbir tələb edən, olduqca çətin və mürəkkəb, kompleks xarakter daşıyan bir iş durur. Hər birimiz buna, ardıcıl, fasiləsiz və qətiyyətlə həyata keçirilməli olan narkomanlığın profilaktikası və narkobizneslə mübarizə işinə hazır olmalıyıq.
Şahismayıl Şıxəliyev,
Zemfira Məmmədova
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları