Dövlət Proqramı uğurla həyata keçirilir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli, 2966 saylı Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nda ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi, institusional və praktik tədbirlər həyata keçirilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sferasını tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirakı daha intensiv xarakter almışdır.

  Hüquq-mühafizə orqanları müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə, qanunsuz idxal-ixrac və tranzit daşıma marşurutlarını birlikdə təhlil etmiş və həmsərhəd dövlətlərdəki narkoşəraitin ölkədaxili vəziyyətə təsirini nəzərə alaraq, adekvat tədbirlər görmüş, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların preksursorlarının ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması üçün bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər.
   Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən ümumi çəkisi 1 ton 321 kq 288,658 qr müxtəlif növ narkotik vasitələr (153 kq 948,443 qr həşiş, 296 kq 126,546 qr heroin, 327 kq 140,538 qr tiryək, 487 kq 286,322 qr marixuana, 56 kq 899,469 qr digərnarkotik maddələr) aşkar edilərək götürülmüşdür.

  Həmçinin Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən 239 ton 441 kq 339 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilmişdir.

  Ümumilikdə, hüquq-mühafizə orqanları tərəfindən cəmi 3349 fakt aşkar edilmişdir ki, onlardan 931-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 203-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 2202-si satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama, 13-ü isə digərləri olmuşdur.

  İl ərzində cinayət məsuliyyətinə cəlb edilən 2579 nəfərdən 1-i 18 yaşadək, 578-i 30 yaşadək, 1926-sı 30 yaşdan yuxarı, 24-ü fəhlə, 8-i qulluqçu, 1-i nəqliyyat işçisi,1-i ali məktəb tələbəsi, 77-si isə qadınlar olmuşdur. Məsuliyyətə cəlb olunanlardan 68-i xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan 200 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Əcnəbilərdən 32-si İran İslam Respublikası, 22-si Gürcüstan, 8-i Rusiya Federasiyası, 2-si Türkiyə, 1-i Litva, 1-i Ukrayna, 1-i Türkmənistan, 1-i Kanada vətəndaşı olmuşdur.

  Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2014-cü il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 28.656 (2013-cü ildə 28.376) nəfər qeydiyyatda olmuşdur ki, onlardan 23.042 nəfəri dispanser, 5.614 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 554 nəfəri qadın, 152 nəfəri toksikoman, 20.276 nəfəri (409 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2014-cü ildə 1.235 nəfər yeni qeydiyyata götürülmüş, 955 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

  Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2014-cü ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 604 nəfər təşkil etmişdir ki, onlardan 586-sı (97%) Azərbaycan vətəndaşı, 18-i (3%) isə əcnəbilərdir.
  Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2014-cü ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4902 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 4735-i (96,6%) Azərbaycan vətəndaşı, 167-si (3,4%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 3728-i (76,1%) kişi, 1174-i (23,9%) qadındır.

  İİV-ə yoluxması təsdiq olunmuş 4902 nəfərdən 2636-da (53,8%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2376 (48,5%) nəfər dispanser qeydiyyatındadır. 
Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları bir nəçə beynəlxalq tədbirlərdə iştirak etmişlər.

  Belə ki, İşçi qrupunun əməkdaşları 17-21 mart 2014-cü il tarixlərində Vyanada BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının (NVK) növbəti 57-ci sessiyası, 8-12 sentyabr 2014-cü il tarixlərində Çex Respublikasının Praqa şəhərində Narkotiklərə Nəzarət üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) Karl Universiteti ilə birgə “Narkotiklərin monitorinqində yeni üsulların tətbiq edilməsi” adlı təlim və 24-25 noyabr 2014-cü il tarixlərində Portuqaliya Respublikasının Lissabon şəhərində Narkotiklərə Nəzarət üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) tərəfindən təşkil olunmuş “Milli əlaqələndiricilərin 3-cü toplnatısı” adlı tədbirlərdə iştirak etmişlər.

  Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə məhkəmələrin qanuni qüvvəyə minmiş 333 hökmü ilə müsadirə olunan 1 ton 127 kq-dan artıq narkotik vasitə, psixotrop maddə və prekursorlar (487 kq 286 qr marixuana, 327 kq 140 qr tiryək, 296 kq 126 qr heroin, 153 kq 948 qr həşiş və 56 kq 899 qr digərləri) yandırma yolu ilə məhv edilmişdir.

  Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, əhali arasında maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.

  Gənclərin internet şəbəkələrində fəal iştirakını nəzərə alaraq, sağlam həyat tərzi və narkomaniya bəlasına düçar olmamağın yolları barədə təbliğat aparılması məqsədilə sosial şəbəkədə Dövlət Komissiyasının səhifəsi yaradılmış və burada mütəmadi olaraq görülmüş işlər barədə məlumatlar yerləşdirilmişdir.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2014-cü il üçün İş Planına əsasən İşçi qrupunun əməkdaşları respublikanın Abşeron, Masallı, Ağsu, Salyan, Cəlilabad, Şirvan, Lənkəran, Şəmkir, Goranboy, Mingəçevir, Yevlax şəhər və rayonlarında, Bakı şəhərinin Nərimanov, Yasamal, Sabunçu, Qaradağ, Xətai, Səbail, Pirallahı rayonlarında narkomanlığın profilaktikası istiqamətində keçirilən konfranslarda iştirak etmişlər.

  Bununla yanaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun əməkdaşları Dövlət Proqramında və İş Planında nəzərdə tutulan vəzifələrin icrası, mövcud vəziyyətin öyrənilməsi və əməli köməkliklər göstərilməsi ilə bağlı Şirvan, Lənkəran, Mingəçevir, Yevlax, Salyan, Cəlilabad, Astara, Goranboy və Şəmkir şəhər/rayon komissiyalarının fəaliyyəti ilə tanış olmaq məqsədilə adı çəkilən yerlərə ezam edilmişdir.

  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində görülən işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək, həmçinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, onun İşçi qrupu və şəhər/rayon komissiyaları arasında işgüzar əlaqələrin yaradılmasını asanlaşdırmaq məqsədilə Dövlət Komissiyasının yeni telefon-məlumat kitabçası hazırlanmışdır.
  Qeyd olunanlardan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ının müvafiq bəndinin tələbinə uyğun olaraq narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin yer quruluşu planının yeni formada xəritəsi hazırlanmışdır.

 

Fəqan Şahverdiyev,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri




Viewed: 1015