Məlum olduğu kimi, 2011-ci il dekabrın 30-da “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunda çətin həyat şəraitində yaşayan şəxslərə (ailələrə) sosial xidmətlərin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər öz əksini tapmış, həmçinin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və yetkinlik yaşına çatmayanların baxımsızlığı, sosial təhlükəli vəziyyətdə olan uşaqlara stasionar və yarımstasionar müəssisələrdə sosial məişət, tibbi-sosial, sosial-psixoloji və sosial-hüquqi xidmətlərin göstərilməsi məsələləri tənzimlənmişdir.
“Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2013-cü il tarixli 2653 nömrəli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2013-cü ildə Bakı şəhərində Sosial təhlükəli vəziyyətdə olan zorakılığa məruz qalmış və cinayətin qurbanı olan uşaqların sosial reabilitasiyasını təmin etmək məqsədilə maliyyə vəsaiti ayrılmışdır.
Layihə çərçivəsində Zorakılıq və Cinayətin Qurbanı olan Uşaq və Gənclər üçün Psixoloji və Sosial Reabilitasiya Mərkəzi yaradılmışdır. Mərkəzin məqsədi əhali arasında və icma səviyyəsində sosial və təbii fəlakətlərin, həmçinin cinayət, fiziki və emosional zorakılıq, işgəncə, cinsi zorakılığın və istismarın qurbanı olan uşaq və gənclərə psixoloji-sosial yardım göstərmək, uşaqların hüquqlarının və rifahının yaxşı təmin olunmasını təbliğ etməkdən ibarət idi.
Mərkəzin sosial işçi və psixoloqları zərərli vərdişlər və onların fəsadları ilə bağlı maarifləndirici təlimlər keçirmişlər. Mərkəzin işçiləri tərəfindən, həmçinin buradakı uşaqlar üçün zərərli vərdişlərin (narkotik, siqaret, spirtli içki və s.) və onun müasir gənclik üçün törətdikləri dəhşətli bəlalardan bəhs edən qısa film təqdim olunur. Filmə baxışdan sonra onlar arasında fikir mübadilələri aparılır.
Həmçinin uşaqların zərərli vərdişlərə yiyələnməməsi məqsədilə mərkəz tərəfindən orta təhsil müəssisələrində maariflənmə işləri həyata keçirilmişdir. Maariflənmə tədbirləri əsasən, “İnsan alverinə qarşı mübarizə”, “AİDS və narkomaniyaya qarşı mübarizə”, “Zərərli vərdişlərlə mübarizə” mövzularını əhatə etmişdir. Mövzularla bağlı Bakı və Bakıətrafı qəsəbələrdə maarifləndirmə işləri aparılmışdır.
Layihənin icra müddəti bitdikdən sonra mərkəzin işçiləri zərərli vərdişlər və onların fəsadları haqqında maarifləndirici təlimləri davam etdirirlər. Mərkəz Sabunçu Rayon Əhalinin Sosial Müdafiəsi mərkəzində yerləşir.
Saday Abdullayev,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri