NARKOMANİYA ADLI KABUSA QARŞI MÜBARİZƏ APARAQ.

  XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır. Dünyanın bütün dövlətlərində mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməmişdir. Narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən müvafiq sənədlər qəbul edilmiş, dövlətimiz beynəlxalq miqyasda qəbul olunmuş konvensiya, sazişlərə qoşulmuşdur.

  Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin “sosial bəlası” adlandırmışdır.

  Ümummilli liderimiz Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.

  Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir. Bu gün narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış Dövlət Komissiyası və ölkə Prezidentinin 2007-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş, 2007-2012-ci illəri əhatə edən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan vermişdir. Eləcə də cənab Prezident İlham Əliyevin 2005-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir. Yasamal Rayon İcra Hakimiyyəti Proqramdan irəli gələn vəzifələrlə əlaqədar özünün 05.09.2007-ci il tarixli sərəncamını qəbul etmiş və tədbirlər planını təsdiqləyərək icrasını davam etdirmişdir.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Yasamal Rayon Komissiyası Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı (2013-2018-ci illər)”nın təsdiq edilməsi barədə Sərəncamını əldə rəhbər tuitaraq illik fəaliyyət planı hazırlanmış, aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT və KİV-lə birlikdə bu fəaliyyət planının yerinə yetirilməsi istiqamətində bir sıra işlər görmüşdür. Rayon komissiyası müvafiq strukturlarla birlikdə bu işi daim nəzarətdə saxlamış, kompleks qabaqlayıcı profilaktik tədbirlər həyata keçirərək, narkotik asılılıqda olan şəxslərlə, bu əmələ meyillilərlə məqsədli marrifləndirmə, tibbi tədbirlərin genişləndirilməsinə, narkotiklərin daxil olma yollarının, onun sifarişçilərinin aşkar olunmasına ciddi önəm vermişdir.
  Bu vacib vəzifələrin yerinə yetirilməsini daim nəzarətdə saxlayan rayon komissiyası rayonun ali, orta ixtisas, ümumtəhsil müəssisələrində, mədəniyyət mərkəzlərində yeniyetmə və gənclər arasında hüquq pozuntusu və narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, onların sağlam həyat tərzi ruhunda tərbiyə olunmaları məqsədilə aidiyyəti təşkilatlarla birgə antinarkotik təbliğat, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının insan orqanizminə zərəri, narkomanlığın profilaktikası mövzusunda bir sıra tədbirlər həyata keçirmişdir.

  Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması məqsədilə rayonun idarə, müəssisə və təşkilatlarında “Bəşəriyyətin təhlükə mənbəyi narkomaniya”, “Antinarkotizm”, “Narkomaniya nədir”, “Narkomanın aqibəti”,”Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur”, “Özünü qoru”, “Narkomaniya ilə mübarizə cəmiyyətin xilası deməkdir” ,”Kabuslara qarşı”,”Narkomaniyaya yox deyək”, “Azərbaycan gəncləri narkotiklər əleyhinə”, “Gənclər sağlam həyat tərzi seçir”, “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir”, “Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminə” mövzularında konfranslar, rəsm, inşa yazı müsabiqələri, “dəyirmi masa”lar, seminarlar, idman yarışları və turnirləri keçirilmişdir.

  Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli və düzgün təşkil edilməsi, sağlam həyat tərzinin təbliği məqsədilə rayonun abadlaşdırılmış nümunəvi məhəllələrində mini futbol meydançaları, sadə idman və əyləncə qurğuları quraşdırılmış, mövcud olanlar isə bərpa edilərək sakinlərin istifadəsinə verilmişdir.

  Rayonun müalicə-profilaktika müəssisələri, şəhər narkoloji dispanserinin Yasamal rayon üzrə bölməsinin əməkdaşları fəaliyyətlərini əsasən narkomaniyanın profilaktikasına və müalicə işinə yönəltmişlər.
Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə üzrə rayon komissiyası da Azərbaycan Respublikası Cinayət Məcəllləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslərə dair daxil olmuş icra vərəqələrinin icrası ilə bağlı müəyyən işlər görmüşdür.

  Yasamal rayon Polis İdarəsinin əməkdaşları bütövlükdə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müəyyən müsbət nəticələr əldə etmişlər. Narkomaniya ilə bağlı 2015 ci ilin 3 ayı ərzində 60 cinayət faktı aşkar edilmişdir ki, onlardan da 4 fakt narkotik vasitələrin satışı ilə bağlı olmuşdur.

  Yasamal Rayon Polis İdarəsi bu müddət ərzində narkomanlığın yayılması və qarşısının alınması istiqamətində qabaqlayıcı profilaktik tədbirlər görmüşdür.
Narkotik vasitələrin, psixotrop maddələrin müvafiq profilaktiki və kompleks əməliyyat tədbirləri həyata keçirilmiş, bu növ cinayətlərdə şübhəli olan şəxslər barəsində müvafiq uçot-qeydiyyat işləri aparılmışdır. Onların cinayət əməllərinin ifşa olunaraq, cinayət başında yaxalanması həyata keçirilərək istintaq orqanlarına təhvil verilməsi təmin olunmuşdur.

  Yasamal rayon komissiyaları rayon əhalisi, xüsusilə gənclər və yeniyetmələr arasında narkomanlıqla bağlı maarifləndirmə işlərinin səmərəliliyinin artırılması, dünyəvi bəlaya çevrilən narkomanlığın yayılmasının və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi məlum proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsini bir vəzifə kimi qarşıya qoymuşdur.

  Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində əməli və praktiki tədbirlərimiz davam edir.

Səməd İslamov, 

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri




Viewed: 6229