Bəşəriyyətin ən böyük bəlalarından olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən mürəkkəb problemlərdən biridir.

  Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Əvvəllər narkotiklərdən sui-istifadə problemi bir neçə ölkə qarşısında dururdusa, hazırda vətəndaşlarının narkotizasiyasının acı nəticələrini hiss etməyən dövlət demək olar ki, yoxdur. Ümummilli liderimiz Heydər Əliyev 1997-ci ilin fevral ayında Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət və bununla bağlı problemlər üzrə Yardımçı Komissiyanın 32-ci sessiyasının açılışındakı nitqində qeyd etmişdir ki, “narkotiklərə nəzarət, narkomaniya və narkobiznes ilə mübarizə əsrimizin son illərində dünyada ümumbəşəri bir problem olmuşdur. Bu mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir”.

  Respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin güclənməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektivliyinin artırılmasına böyük diqqət yetirilir. Belə ki, ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi və praktik tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin  28 iyun 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” buna əyani sübutdur. Bu Proqramın icrası ümumən Respublikada olduğu kimi, rayon miqyasında da uğurla həyata keçirilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin  24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Bu Proqramın əsas məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin daha da müasirləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Göründüyü kimi, narkomaniyanın qarşısının alınması istiqamətində çox ciddi təşkilati, profilaktik tədbirlər görülür, lazımi iş aparılır, səhiyyə, təbliğat orqanları narkomaniyanın  cəmiyyət, o cümlədən insan üçün  nə qədər təhlükəli, faciəli olduğunu hərtərəfli açıb göstərir və insanları bu  xəstəliyə  qurşanmaqdan  çəkindirməyə çalışırlar.

  Xətai Rayon İcra Hakimiyyətinin nəzdində Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  mübarizə üzrə Komissiya fəaliyyət  göstərir. Komissiyanın tərkibi rayon icra hakimiyyəti  Başçısının 27.01.2015-ci il tarixli Sərəncamı ilə yenidən təşkil olunmuşdur. Komissiya öz fəaliyyətini  Azərbaycan Respublikası Prezidentinin  24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn  vəzifələrin  yerinə yetirilməsi istiqamətində  qurmağa çalışmışdır.

  Hesabat dövründə Narkomanlığa və narkotik vasitələrin  qanunsuz  dövriyyəsinə qarşı  mübarizə üzrə Komissiyanın tədbirlər planı tərtib olunaraq,  təsdiq edilmişdir. Tədbirlər  planına uyğun olaraq  rayon ərazisində  fəaliyyət göstərən  idarə, müəssisə və təşkilatlarda, təhsil və səhiyyə  ocaqlarında  narkomanlığın cəmiyyətə və insanların  sağlamlığına vurduğu ziyan barədə  təbliğat və kompleks profilaktik tədbirlər həyata keçirilmiş, ayrı-ayrı kollektivlərdə “dəyirmi masa”lar təşkil edilmiş  və nəticələri mətbuatda  işıqlandırılmışdır. Eyni zamanda, narkomalıqla bağlı hüquq pozmalara meyilli olan yetkinlik yaşına çatmayanların, yaşayış yerləri, işlədiyi və ya təhsil aldığı  inzibati ərazilər üzrə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri, bələdiyyələr arasında  əlaqələr  genişləndirilmiş və müntəzəm  olaraq  maarifləndirmə işləri aparılmışdır.

  Rayonun yeniyetmə və gəncləri arasında narkomanlığın  yayılmasının qarşısının alınması  və narkotik vasitələrin  qanunsuz dövriyyəsinə  qarşı  mübarizə Komissiyanın  daim  diqqət  mərkəzində olmuşdur. Bu məqsədlə rayon məktəblərində keçirilən  tədbirlərdə Komissiyanın  üzvləri, rayon Gənclər və idman idarəsinin əməkdaşları, rayon Polis Bölmələrinin əməkdaşları tərəfindən gənclər və yeniyetmələrə  narkomaniyaya  qarşı mübarizə hissi aşılanmışdır.  Rayon ərazisində olan 138 və 254 saylı məktəblərdə “Narkomaniya nədir?”, “Narkomaniya və QİÇS-in yaranma səbəbləri” və digər mövzularda maarifləndirici tədbirlər keçirilmiş, fotostendlər hazırlanaraq nümayiş etdirilmişdir. Qeyd olunan maarifləndirici tədbirlər 2015-ci ilin iyun ayında rayon ərazisində yerləşən mədəniyyət evləri, musiqi məktəbləri, kütləvi kitabxanalarda və YAP Xətai rayon təşkilatının inzibati binasında da keçirilmişdir.

  “Yetkinlik yaşına  çatmayanlar və gənclər  arasında  narkomanlığın  qarşısının alınması üzrə profilaktiki tədbirlərin  gücləndirilməsinə  dair” Daxili İşlər Nazirliyinin və baş Prokurorluğun 5 noyabr 2008-ci il tarixli  göstərişindən  irəli gələn tələblərin  icrası ilə bağlı  Xətai rayonunun ərazisində yerləşən 17, 29 və 171 saylı orta  məktəblərin 8-11-ci sinifləri üçün “Narkotiklər gəncliyi məhv  edir” mövzusunda  dərslər tədris edilmiş və bu istiqamətdə tədbirlər davam etdirilir.

  Narkotiklərdən sui-istifadə  edən şəxslərin aşkara çıxarılması işində də  Komissiya ilə rayon Polis idarəsi daimi olaraq qarşılıqlı işlər aparırlar. Narkotik maddələrdən sui-istifadə  etməsi hallarına görə Polis idarəsinə düşən şəxslərin  həqiqətən də asılılığının olmasını təyin etmək məqsədilə rəsmi sənədlər əasasında yoxlamalar keçirilir. Xətai Rayon Hərbi Komissarlığından  hərbi xidmətə çağırılanların  zərurət yarandığı  hallarda yoxlamadan  keçmələri Komissiya  tərəfindən  təmin olunur ki, bu da narkoloji asılılığı  olanları könüllülük prinsipi əsasında  müalicəyə cəlb etməklə sağlam həyat tərzinə nail olmaq üçün qarşıya qoyulan vəzifələrdəndir.

  Xətai Rayon Polis İdarəsində müvafiq tədbirlər planları hazırlanaraq icraya yönəldilmiş, aidiyyəti struktur qurumların və ərazi polis bölmələrinin rəislərindən qarşıya qoyulmuş vəzifələrin təmini tələb olunmuşdur.

 

Xeyrulla Hüseynli,

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini




Baxılıb: 794