Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Əvvəllər narkotiklərdən sui-istifadə problemi bir neçə ölkə qarşısında dururdusa, hazırda vətəndaşlarının narkotizasiyasının acı nəticələrini hiss etməyən dövlət demək olar ki, yoxdur. Ümummilli liderimiz Heydər Əliyev 1997-ci ilin fevral ayında Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət və bununla bağlı problemlər üzrə Yardımçı Komissiyanın 32-ci sessiyasının açılışındakı nitqində qeyd etmişdir ki, “narkotiklərə nəzarət, narkomaniya və narkobiznes ilə mübarizə əsrimizin son illərində dünyada ümumbəşəri bir problem olmuşdur. Bu mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir”.
Respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin güclənməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektivliyinin artırılmasına böyük diqqət yetirilir. Belə ki, ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi və praktik tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” buna əyani sübutdur. Bu Proqramın icrası ümumən Respublikada olduğu kimi, rayon miqyasında da uğurla həyata keçirilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Bu Proqramın əsas məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin daha da müasirləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Göründüyü kimi, narkomaniyanın qarşısının alınması istiqamətində çox ciddi təşkilati, profilaktik tədbirlər görülür, lazımi iş aparılır, səhiyyə, təbliğat orqanları narkomaniyanın cəmiyyət, o cümlədən insan üçün nə qədər təhlükəli, faciəli olduğunu hərtərəfli açıb göstərir və insanları bu xəstəliyə qurşanmaqdan çəkindirməyə çalışırlar.
Xətai Rayon İcra Hakimiyyətinin nəzdində Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya fəaliyyət göstərir. Komissiyanın tərkibi rayon icra hakimiyyəti Başçısının 27.01.2015-ci il tarixli Sərəncamı ilə yenidən təşkil olunmuşdur. Komissiya öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurmağa çalışmışdır.
Hesabat dövründə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın tədbirlər planı tərtib olunaraq, təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında narkomanlığın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyan barədə təbliğat və kompleks profilaktik tədbirlər həyata keçirilmiş, ayrı-ayrı kollektivlərdə “dəyirmi masa”lar təşkil edilmiş və nəticələri mətbuatda işıqlandırılmışdır. Eyni zamanda, narkomalıqla bağlı hüquq pozmalara meyilli olan yetkinlik yaşına çatmayanların, yaşayış yerləri, işlədiyi və ya təhsil aldığı inzibati ərazilər üzrə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri, bələdiyyələr arasında əlaqələr genişləndirilmiş və müntəzəm olaraq maarifləndirmə işləri aparılmışdır.
Rayonun yeniyetmə və gəncləri arasında narkomanlığın yayılmasının qarşısının alınması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Komissiyanın daim diqqət mərkəzində olmuşdur. Bu məqsədlə rayon məktəblərində keçirilən tədbirlərdə Komissiyanın üzvləri, rayon Gənclər və idman idarəsinin əməkdaşları, rayon Polis Bölmələrinin əməkdaşları tərəfindən gənclər və yeniyetmələrə narkomaniyaya qarşı mübarizə hissi aşılanmışdır. Rayon ərazisində olan 138 və 254 saylı məktəblərdə “Narkomaniya nədir?”, “Narkomaniya və QİÇS-in yaranma səbəbləri” və digər mövzularda maarifləndirici tədbirlər keçirilmiş, fotostendlər hazırlanaraq nümayiş etdirilmişdir. Qeyd olunan maarifləndirici tədbirlər 2015-ci ilin iyun ayında rayon ərazisində yerləşən mədəniyyət evləri, musiqi məktəbləri, kütləvi kitabxanalarda və YAP Xətai rayon təşkilatının inzibati binasında da keçirilmişdir.
“Yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması üzrə profilaktiki tədbirlərin gücləndirilməsinə dair” Daxili İşlər Nazirliyinin və baş Prokurorluğun 5 noyabr 2008-ci il tarixli göstərişindən irəli gələn tələblərin icrası ilə bağlı Xətai rayonunun ərazisində yerləşən 17, 29 və 171 saylı orta məktəblərin 8-11-ci sinifləri üçün “Narkotiklər gəncliyi məhv edir” mövzusunda dərslər tədris edilmiş və bu istiqamətdə tədbirlər davam etdirilir.
Narkotiklərdən sui-istifadə edən şəxslərin aşkara çıxarılması işində də Komissiya ilə rayon Polis idarəsi daimi olaraq qarşılıqlı işlər aparırlar. Narkotik maddələrdən sui-istifadə etməsi hallarına görə Polis idarəsinə düşən şəxslərin həqiqətən də asılılığının olmasını təyin etmək məqsədilə rəsmi sənədlər əasasında yoxlamalar keçirilir. Xətai Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılanların zərurət yarandığı hallarda yoxlamadan keçmələri Komissiya tərəfindən təmin olunur ki, bu da narkoloji asılılığı olanları könüllülük prinsipi əsasında müalicəyə cəlb etməklə sağlam həyat tərzinə nail olmaq üçün qarşıya qoyulan vəzifələrdəndir.
Xətai Rayon Polis İdarəsində müvafiq tədbirlər planları hazırlanaraq icraya yönəldilmiş, aidiyyəti struktur qurumların və ərazi polis bölmələrinin rəislərindən qarşıya qoyulmuş vəzifələrin təmini tələb olunmuşdur.
Xeyrulla Hüseynli,
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini