Narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri önəmlidir

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən cari ilin ötən 6 ayı ərzində bir sıra tədbirlər həyata keçirilmişdir.

  Ölkə ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur.

  Belə ki, bu məsələ ilk dəfə Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapmaqla, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.

  Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir.

  2015-ci ilin 6 ayı ərzində Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu narkotik vasitələrin qanunsuz döviriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, eləcə də maarifləndirmə işlərinin əhatəsi  genişləndirilmişdir. Bununla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunda ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirləri əks etdirən, aidiyyəti qurumların təqdim etdikləri hesabatlar əsasında Azərbaycan Respublikasında “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi” Azərbaycan və ingilis dillərində hazırlanmışdır. Qeyd olunan məruzədə həyata keçirilən tədbirlər, onların nəticələri, narkotiklərlə əlaqəli cinayət faktlarının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının həcmini və dinamikasını əks etdirən müxtəlif diaqramlar, həmçinin müsadirə olunmuş narkotiklərin məhvi prosesinə aid tədbirlər, Dövlət Komissiyasının təşkilatçılığı və iştirakı ilə həyata keçirilən maarifləndirmə tədbirləri, beynəlxalq təşkilatlarla aparılan iş öz əksini tapmışdır.

  Profilaktik tədbirlərin səmərəliyini və intensivliyini artırmaq məqsədilə Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun göstərişinə uyğun olaraq Gənclər və İdman Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə “Həyatla oyun” teatr tamaşası tərtib olunmuş qrafikə uyğun olaraq Bakı şəhərinin Suraxanı, Sabunçu, Nizami, Xətai, Xəzər, Yasamal, Qaradağ, Binəqədi, Nərimanov, Nəsimi, Səbail rayonlarında və respublikanın Abşeron, Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, Beyləqan, İmişli, Astara, Lerik şəhər və rayonlarında nümayiş olunmuşdur.

  “Narkotik vasitələrin,  psixotrop  maddələrin və onların prekursorlarının qanunsuz  dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları respublikanın Ağsu, Şirvan, İmişli, Qusar, Xaçmaz, Şəmkir, Tovuz  şəhər və rayonlarında, Bakı şəhərinin Yasamal, Sabunçu, Nizami, Qaradağ və Xətai rayonlarında ezamiyyətdə olmuş, narkomanlığın profilaktikası istiqamətində keçirilən tədbirlərdə  iştirak etmişlər.

  Qeyd olunan profilaktik tədbirlərlə yanaşı, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə xüsusi cəzaçəkmə müəssislərində narkomaniyanın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin törətdiyi neqativ fəsadlar barədə tədbirlər keçirilmişdir. Belə ki, 03 may 2015-ci il tarixdə Ədliyyə Nazirliyinin  Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə “Narkomaniyaya “yox” deyək” adlı tədbir keçirilmişdir.

  Tədbirdə qısametrajlı film və videoçarx nümayiş olunmaqla, eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər (“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək”, “Sağlam ailə naminə narkotiklərə “yox” deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, xəbərdarlıq vərəqələri və üzəri yazılmış köynəklər) iştirakçılara paylanılmışdır.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqamı”nın müvafiq bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində (xüsusilə sosisal şəbəkələrdə) təbliğat aparılmasını nəzərə alaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “Facebook” sosial şəbəkəsində rəsmi səhifəsi yaradılmış və burada narkomanlığın törətdiyi fəsadlar, insan orqanizminə vurduğu ziyan, sağlam həyat tərzinin təbliği, eyni zamanda, Dövlət Komissiyasının təşkil etdiyi profilaktik, beynəlxalq və digər tədbirlər barədə mütəmadi olaraq geniş məlumatlar verilir, səhifənin daimi olaraq yenilənməsi və təbliği istiqamətində müvafiq işlər həyata keçirilir.

  Qeyd olunan profilaktik tədbirlərin səmərəliyini artırmaq məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar üçün narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası ilə bağlı yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri, metodik materiallar, həmçinin bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi üçün yeni çap məhsulları hazırlanmışdır.

  Cari ilin ötən ayları ərzində Dövlət Komissiyasının rəhbərliyi və əməkdaşları Bakı şəhərində keçirilən bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişlər. Belə ki, Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirləri üzrə ekspertlər səviyyəsində iclasında və BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin təşkilatçılığı ilə “ADA” universitetində hüquq-mühafizə orqanlarının  təhsil  sisteminin qurulması  üzrə “Le Train Net” adlı proqram çərçivəsində müxtəlif beynəlxalq və regional təşkilatlarının nümayəndələrinin iştirakı ilə elmi praktik konfransında Dövlət Komissiyasının rəhbərliyi və əməkdaşları iştirak etmişdilər.

  “Dövlət Proqramı”nın müvafiq bəndinin tələbinə uyğun olaraq narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin yer quruluşu planının yeni formada xəritəsi hazırlanmışdır. Tərtib olunmuş xəritə xidməti istifadə üçün aidiyyəti nazirlik, komitə, təşkilat və narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər/rayon komissiyalarına göndərilmişdir.

 Həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində görülən işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək, həmçinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, onun İşçi Qrupu və şəhər/rayon komissiyaları arasında işgüzar əlaqələrin yaradılmasını asanlaşdırmaq məqsədilə Dövlət Komissiyasının yeni telefon-məlumat kitabçası hazırlanaraq, aidiyyəti orqanlara göndərilmişdir.

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun göstərişinə uyğun olaraq 26 iyun-BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar İşçi Qrupunun dəstəyi ilə respublikanın bütün şəhər və rayonlarında maarifləndirici tədbirlər keçirilmişdir.

  26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə  əlaqədar Dövlət Komissiyasının işçi qrupu tərəfindən təbliğat işində sosial reklamların (bilbordların) mühüm rol oynadığını nəzərə alınaraq, “Narkomaniya qarşı mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniya “yox” deyək” adlı reklam lövhələri (300 sm x 600 sm ölçülərdə) hazırlanaraq, cari ilin 22 may tarixindən etibarən Bakı şəhəri, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində və Nizami rayonu Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsindəki dairədə quraşdırılmış və həmin məlumatların uzunmüddətli nümayişi nəzərdə tutulmuşdur.

   Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədilə hazırlanmış videoçarx Bakı şəhəri üzrə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin 515 piyada dayanacaqlarında yerləşən avtobus informasiya terminal monitorlarında 15 iyun tarixindən 11 gün ərzində işıqlandırılmışdır. Həmin video çarx Bakı şəhərinin mərkəzi küçələrində yerləşən reklam tablolarında 20 iyun tarixindən yayımlanmış və hazırda da yayımı davam etdirilir. Həmçinin 4 iyun tarixindən etibarən “Park Bulvar” Alış-Veriş Mərkəzinin bütün monitorlarında uzunmüddətli nümayişi üçün yerləşdirilmişdir.

  Narkomanlığın zərəri barədə əhalinin məlumatlandırılması və narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin təsirliliyini artırmaq məqsədilə hazırlanmış “Narkomaniyaya birlikdə “yox” deyək” adlı xüsusi loqo 25-26 iyun tarixlərində Nəqliyyat Nazirliyinin Elektron İnformasiya tablolarında nümayiş olunmuşdur.

  Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə təbliğat işinin gücləndirilməsi, görülən işlərin ictimaiyyətə çatdırılması məqsədilə Dövlət Komissiyasının sosial şəbəkədə yaradılmış səhifəsi təkmilləşdirilmiş və mütəmadi olaraq görülmüş işlər barədə məlumatlar yerləşdirilmişdir.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası sədrinin tapşırığına əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə mütamadi olaraq əhalini məlumatlandırmaq məqsədilə 2013-cü ildə “İki sahil” qəzetində açılmış rubrika, 2015-ci ilin 6 ayı ərzində də uğurla davam etdirilərək, adiyyəti təşkilatlar tərəfindən təqdim edilən materiallar hər həftə dərc edilmişdir.

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə  üzrə  Dövlət  Komissiyasının  2012-ci il tarixli 1 nömrəli Sərəncamının tələblərinə uyğun olaraq, məhkəmələrin qanuni qüvvəyə minmiş 197 hökmü üzrə müsadirə olunan 357 kq-dan (əlavə olaraq 3118 ədəd çətənə kolu) artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma yolu ilə məhv edilmişdir.

 Fəqan Şahverdiyev, Narkomanlığa və Narkotik Vasitələrin

Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə

Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri

 



Baxılıb: 5555