“Ağ ölüm”ə “yox” deyək!

  Narkotiklə mübarizə, narkomaniya ilə mübarizə dedikdə narkomanlarla mübarizə nəzərdə tutulur. Beynəlxalq təşkilatların qəbul və təsdiq etdikləri prinsiplər narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyə edir. Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır. Çünki narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq adətən onları daha da sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir. Mütəxəssislərin fikrincə, bu insanları cəmiyyət arasına gətirmək, onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etmək, onları tətbiq etməmək və s. lazımdır. Bütün bunlar Avropa ölkələrində də tətbiq olunur və çox müsbət nəticələr verir.

  Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda qarşı sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan üçün dünyada ən əziz varlıq həyatdır, həyatda ən vacib amil isə sağlamlıqdır. Sağlamlıq dedikdə yalnız fiziki sağlamlıq deyil, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Bunun üçün valideyn və övlad arasında düzgün münasibətlərin qurulması, düzgün qidalanma, iş və asudə vaxtın səmərəli təşkili, idmanla məşğul olmaq və şəxsi gigiyenaya fikir verilməsi kimi əsas məqamlara xüsusi diqqət yetirmək gərəkdir. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv ertmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir.

  Bu bəladan qurtulmağın müxtəlif yolları vardır. Ancaq məqsəd bu xəstəliyə, bu bəlaya, “ağ ölüm”ə yoluxmadan qarşısını almaqdır. Burada cəmiyyət olaraq hər kəsin sosial vəzifəsi vardır. Gənclərimizi, uşaqlarımızı bu bəladan uzaq tutmaq, onlarla söhbətlər aparmaq, “ağ ölüm”ün fəsadlarından danışmaq və bu qəbildən müəyyən tədbirlər görmək lazımdır.

  Əksər mütəxəssislər düşünürlər ki, uşaqlarımızı sərbəst buraxmaqla yanaşı, həm də onların asudə vaxtlarının təşkili istiqamətində müəyyən fakultativ məsləhətlər vermək daha məqsədəmüvafiqdir. Gənclərimiz, uşaqlarımız elmə, idmana, incəsənətə və digər sahələrə maraq göstərərlərsə, narkomalığın necə bir bəla olduğunu dərk edərlərsə, əlbəttə, bu bəladan uzaq durar və ətraflarını da “ağ ölüm”dən qorumağa çalışarlar.

  Dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edib bu bəlanın kökünün kəsilməsi istiqamətində zəruri qanunvericilik bazası yaradaraq  müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulmuşdur. Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər  ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli, Fərmanında öz əksini tapmışdır. Bu Fərmanda ölkədə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş,  narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.

  Hazırda bu strateji kurs Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması əsas vəzifələrdən birinə çevrilmişdir.

  Bu sahədə ölkəmizdə qətiyyətli mübarizənin təmin edilməsi məqsədlə sayca dördüncü olan “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir.       

  Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 2015-ci ilin birinci yarısında Şəmkir rayonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası tərtib olunmuş iş planına əsasən bir sıra tədbirlər həyata keçirmişdir.

  Narkomanlığa qarşı mübarizə ilə bağlı təkcə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Şəmkir rayon Komissiyası deyil, eyni zamanda rayon Polis şöbəsi, Təhsil şöbəsi, Gənclər və idman idarəsi və digər aidiyyəti qurumlar mütəmadi olaraq bir sıra tədbirlər həyata keçirirlər. Fikrimizcə bu, narkomaniyaya qarşı intensiv mübarizədə öz töhfəsini verəcəkdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı

Mübarizə üzrə Şəmkir Rayon Komissiyası

 



Baxılıb: 2806