Narkomaniya cəmiyyətin faciəsidir.

Ümumbəşəri bəlaya qarşı mübarizədə mədəniyyət müəssisələrinin də üzərinə mühüm məsuliyyət düşür

  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətini əhalinin sağlamlığının, xalqın gələcəyinin, milli genefondunun qorunması sahəsində məqsədyönlü fəaliyyət təşkil edir. Dövlət başçısı öz çıxışlarında mütəmadi olaraq nəzərə çatdırır ki, təhsilə, mədəniyyətə, elm və texnologiyaya prioritet diqqət ölkənin davamlı inkişafı, onun zəngin insan kapitalının formalaşması üçün nə qədər əhəmiyyətlidirsə, xalqın sağlamlığı da bir o qədər vacibdir.

  Çünki sağlamlıq olmasa, digər meyarların inkişafından danışmağın elə də önəmi qalmır: “Azərbaycanın böyük imkanları var və daha da böyük olacaqdır. Ən böyük sərvət isə insanların sağlamlığıdır. Biz istəyirik ki, yetişən gənc nəsil həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olsun”.

  Bu baxımdan xüsusilə gənclərin zərərli vərdişlərə meyillənməsinin qarşısının alınması, sağlam nəslin yetişdirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Bu gün ümumbəşəri bəla olan narkomaniyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə hər bir ölkə üçün prioritetdir. Narkomaniya cəmiyyətin əxlaqi dəyərlərinə, insanların həyat və sağlamlığına zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa da mənfi təsir göstərir, cəmiyyətdə aşınmaya, cinayətkarlığın artmasına səbəb olur. Ölkəmizdə də narkotiklərin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə dövlət orqanlarının və ictimai qurumların, mədəniyyət ocaqlarının, gənclər təşkilatlarının səylərinin birləşdirilməsi zəruridir.

  Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli Fərmanı ilə yaradılmış Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyət məqsədlərindən biri də budur. Ötən müddətdə bu sahədə müvafiq qanunvericilik sənədləri qəbul olunmuş, ölkəmiz bir sıra beynəlxalq konvensiya və sənədlərə qoşulmuşdur. 2000-2006 və 2007-2012-ci illər üzrə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə iki Dövlət Proqramı həyata keçirilmişdir.

  Bu işlərin davamı olaraq ölkə başçısının 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə növbəti fəaliyyət sənədi - “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması və digər məsələlər yer almışdır.

  Bu yöndə maarifləndirmə işlərinin həyata keçirilməsində mədəniyyət müəssisələrinin, tədris və təhsil qurumlarının, incəsənət ocaqlarının, habelə medianın, informasiya və təbliğat vasitələrinin üzərinə mühüm məsuliyyət düşür. Onu da qeyd edək ki, narkomaniya və digər neqativ halların yaranmasına xidmət edən vasitələrin təbliğinin qarşısının alınması məsələsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda (bənd 2.4.) da əksini tapmışdır.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2013-cü il tarixli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq 2015-ci ildə görülən işləri, həyata keçirilən layihələri nəzərə çatdırmaq istərdik.

  Mədəniyyət müəssisələrində, incəsənət ocaqlarında maarifləndirmə işləri müxtəlif formatda - “dəyirmi masa”, görüş və söhbətlər şəklində, eləcə də yaradıcılıq müsabiqəsi, sərgi, teatr tamaşaları və s. müstəvisində həyata keçirilir. Mədəniyyət müəssisələrində “Narkomaniya bəşəriyyətin məhvi deməkdir”, “Narkomaniya əsrin bəlasıdır”, “Sağlam həyat tərzi bizim məqsədimizdir” və s. mövzularda “dəyirmi masa”lar keçirilir, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün fəaliyyət göstərən dərnəklərdə təbliğat işləri aparılır.

  Hər il olduğu kimi, bu il də 26 iyun - Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü (BMT Baş Assambleyasının 7 dekabr 1987-ci il tarixli qətnaməsi ilə təsis olunub) ilə bağlı mədəniyyət ocaqlarında silsilə tədbirlər təşkil olunub. Bu tədbirlərdə mədəniyyət işçiləri ilə bərabər təhsil, gənclər və idman idarələrinin işçiləri, həkim-narkoloqlar, polis əməkdaşları iştirak etmişlər. Çıxışlarda bir məqam xüsusi vurğulanmışdır ki, narkomaniya ilk növbədə gəncliyi hədəf alan, xalqın genofonduna zərbə vuran bəşəri bəladır. Bu bəlaya qarşı bütövlükdə ictimaiyyətin səfərbər olması zəruridir. Narkomaniya ilə mübarizə gələcəyimiz uğrunda mübarizə deməkdir.

  Qeyd olunan işlərdə kitabxanalar mühüm rol oynayır. Şəhər və rayon MKS-lərin mərkəzi kitabxana və filiallarında “Ağ ölümə “yox” deyək”, “Sağlam həyat uğrunda” adlı disputlar, “Narkomaniyanın qarşısının alınmasında kitabxanaların rolu”, “Narkomaniya cəmiyyətin mənəvi dayaqlarını sarsıdır” və s. mövzularında mühazirələr, kitab sərgiləri, oxucularla görüşlər təşkil edilmişdir.

  Bəşəri bəlaya qarşı mübarizədə gənclərin maarifləndirilməsi baxımından təsviri incəsənətin də xüsusi imkanları var. Bu məqam nəzərə alınaraq mədəniyyət ocaqlarında mövzu ilə bağlı rəsm müsabiqələri, sərgilər keçirilir, fərqlənən gənc rəssamlar təltif olunur. Qazax, Qusar Dövlət Rəsm qalereyalarında, Bərdə Rayon Mərkəzi Kitabxanasında və digər mədəniyyət müəssisələrində təşkil olunan rəsm sərgiləri buna misaldır.

  Bununla yanaşı, digər vizual vasitələr də diqqətdən kənar qalmır. Mədəniyyət evlərində, musiqi və incəsənət məktəblərində, muzeylərdə mövzuya dair keçirilən tədbirlər slayd və video-filmlərin nümayişi ilə müşayiət olunur, fotostendlər hazırlanır.

  Narkomaniyanın ağır fəsadlarının cəmiyyətə, yetişən nəslə daha təsirli şəkildə çatdırılmasında kino və teatrın rolu əvəzsizdir. Son illər lentə alınan bir neçə filmdə bu mövzuya yer verilib. Rejissor Ənvər Əblucun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırdığı “Tərsinə çevrilən dünya” bədii filmi, gənc rejissor Fariz Əhmədovun “Mayak” qısametrajlı filmi bu qəbildəndir.

  Müxtəlif teatrlarda bu səciyyəli tamaşaların sayı da artmaqdadır. Bu xüsusda Bakı Uşaq Teatrının hazırladığı “Həyatla oyun” tamaşasını ayrıca qeyd etmək gərəkdir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sifarişi ilə ərsəyə gələn əsərin müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltandır. Narkomaniyaya aludəçiliyin acı nəticələrindən bəhs edən əsərdə hadisələr bir qrup tələbə arasında cərəyan edir. Tamaşa Avropa Şurası tərəfindən narkotiklərə qarşı mübarizədə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə kimi qiymətləndirilmişdir. İndiyədək Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası 50-dən çox şəhər və rayonda, 30-dan çox ali və orta ixtisas məktəbində nümayiş olunub. Bu ilin mart ayında teatr bu səhnə əsəri ilə yeddi rayonda qastrol səfərində olub.

  Mart ayında Bakı Uşaq Teatrının təşəbbüsü və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə keçirilən ikinci “Bizim Teatr Festivalı”nın əsas mövzularından biri də “ağ ölüm”ün fəsadlarının ictimai cəmiyyətə çatdırılması idi. Festivalda yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Oyun” əsəri əsasında Rəşad Nurinin quruluşunda təqdim olunan eyniadlı tamaşa narkomaniya və onun törətdiyi QİÇS kimi qorxunc xəstəliyin doğurduğu faciələrdən bəhs olunur. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə hazırlanan tamaşa gənclərin sağlam həyat tərzi seçmələri üçün təsirli təbliğat vasitəsidir.

  Bu il martın 30-dan aprelin 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən gənclərin 3-cü ümumrespublika teatr festivalı isə bütünlüklə bu mövzuya həsr olunmuşdu. Milli Məclisin deputatı Jalə Əliyevanın təşəbbüsü, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, ASSİTEJ - Uşaq və Gənclər Teatrları Assosiasiyasının dəstəyi ilə “Biz inkişaf zamanındayıq” İctimai Birliyi tərəfindən təşkil olunan festivalda 12 peşəkar və həvəskar teatr kollektivi tamaşalarla çıxış etdi. Layihənin məqsədi gənclərimizin teatra marağını artırmaq və mənəviyyatlarını daha da zənginləşdirməkdir. Bəşəriyyətin bəlasına qarşı mübarizədə cəmiyyəti səfərbər olmağa çağıran səhnə əsərləri NARKOSTOP sloqanı altında təqdim olundu. Münsiflər heyətinin qərarı ilə Gülnarə Əhmədlinin “Həyatımı qaraldan ağ”, Qorqud Cəfərin “Ruhun qəfəsi” və Elçin Aslangilin “Gözləri yummaq” tamaşaları qalib elan edildi.

  İl ərzində Sumqayıt və Gəncə teatrlarında da mövzu ilə bağlı iki yeni səhnə əsəri təqim edilib. Yazıçı-dramaturq Kamran Nəzirlinin Sumqayıt Dövlət Dram Teatrında tamaşaya qoyulan “Narkoman” pyesi (quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev) bu bəlanın ailələrə gətirdiyi faciələri göstərir. Pyesdə qəhrəmanlar müqəddəs ailə dəyərlərinin qorunması uğrunda mübarizə aparırlar. Tamaşanın respublikanın müxtəlif bölgələrində də nümayişi nəzərdə tutulur. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında səhnələşdirilən Şəfa Vəlinin “Bəyaz ölüm” əsərinin süjet xəttini narkotik istifadə edən gənclərin həyatı, onların faciəli taleyi təşkil edir.

  Bəşəri bəla ilə mübarizənin effektli aparılmasında, bu istiqamətdə maarifləndirmənin daha səmərəli təşkilində təhsil və tədris müəssisələrində keçirilən tədbirlər xüsusi önəm kəsb edir. Bu məqsədlə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin tədris planına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr”, “Azərbaycan Respublikasında narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri haqqında”, “Narkotik vasitələr və psixotrop maddələri qəbul edən şəxsdə yaranan psixi və davranış pozuntuları haqqında” və s. mövzular daxil edilmişdir.

  Nazirliyin sisteminə daxil olan Azərbaycan Turizm və Menecment Universitetində, Mingəçevir Turizm Kollecində mövzu ilə bağlı mütəmadi olaraq maarifləndirmə xarakterli tədbirlər keçirilir. Bu işlərdə tədris ocaqlarının tələbə-gənclər təşkilatı və tələbə elmi cəmiyyəti də yaxından iştirak edir.

  İl ərzində mədəniyyət müəssiələrində bu yöndə həyata keçirilən tədbirlər, layihələr Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanı olan “Mədəniyyət” qəzetində, eləcə də nazirliyin rəsmi internet saytında işıqlandırılmışdır. 2015-ci ilin birinci yarısında “Mədəniyyət” qəzetində narkotik vasitələrin dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair müxtəlif səpkili 20-dən çox yazı - xəbər, məqalə, tamaşa haqqında rəy və s. dərc olunmuşdur. Mədəniyyət ocaqlarında keçirilən tədbirlər bu müəssisələrin internet saytlarında, digər kütləvi informasiya vasitələrində də müntəzəm işıqlandırılır.

Mədəniyyət və Turizm
Nazirliyinin İnformasiya və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Viewed: 1515