Ölkə ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin və müvafiq qurumların əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur.
Bu məsələ ilk dəfə ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapmışdır. Fərmanda insanların sağlamlığının, rifahının və mənəvi- əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mingəçevir şəhərində 2015-ci ilin müvafiq dövründə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Belə ki, şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən 2015-ci ilin yanvar ayında bu sahədə görüləcək işlərlə bağlı 22 bənddən ibarət iş planı tərtib olunmuş, şəhərin aidiyyəti təşkilatlarına göndərilərək icrasına nəzarət edilir.
İş planına uyğun olaraq şəhərdə fəaliyyət göstərən 2 ali, 2 orta ixtisas, 1 peşə və 22 ümumtəhsil məktəblərində təhsil alan tələbə və şagirdlərlə vaxtaşırı görüşlər təşkil olunur. 2015-ci ilin mart-aprel aylarında şəhərin ümumtəhsil məktəblərində “Zərərli vərdişlərin qarşısının alınması” mövzusunda tədbirlər təşkil olunmuş, şagirdlərlə maarifləndirici söhbətlər aparılmışdır. Tədbirlərdə şəhər İcra Hakimiyyətinin, Polis şöbəsinin və Narkoloji dispanserin nümayəndələri məruzələr etmiş, şagirdlərə zərərli vərdişlərdən uzaq olmaları tövsiyə olunmuşdur. Məktəblərdə təşkil olunmuş görüşlərdə beş minə yaxın şagird iştirak etmişdir. Bu görüşlər şəhərin ali və orta ixtisas məktəblərində də təşkil olunmuş, yeniyetmə və gənclərlə “Narkotikaya “yox” deyək”, “Əsrin bəlası”, “Ağ ölüm” və s. mövzularda söhbətlər aparılmış, “dəyirmi masa”lar, inşa və rəsm müsabiqələri keçirilmiş, film və videoçarxlar, rolik və lentlər nümayiş etdirilmişdir. Şəhərin təhsil müəssisələrində keçirilən tədbirlər yerli və respublika KİV-lərində işıqlandırılmışdır.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədilə yerli komissiyanın Tədbirlər Planının 8-ci bəndinə əsasən, eləcə də 26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Mingəçevir şəhərində narkomaniya, onun doğurduğu fəsadlar və s. barədə maarifləndirici tədbirlər keçirilmişdir. Yerli komissiya tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq tədbirlər şəhər Tibb və Turizm kollecləri, Peşə məktəbi, şəhər Təhsil və Mədəniyyət şöbələri, Mingəçevir Dövlət Universiteti, AMİ-nin Mingəçevir şəhər filialında, Gənclər və İdman İdarəsi və şəhər Mərkəzi xəstəxanasında keçirilmişdir.
Tədbirlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə şəhər Komissiyası üzvlərinin, Polis Şöbəsinin və Rayonlararası Narkoloji Dispanserin nümayəndələrinin iştirakı ilə keçirilmiş, bu görüşlərdə beş yüzə yaxın iştirakçı olmuş və maarifləndirici söhbətlər aparılmışdır. Keçirilmiş tədbirlər yerli və respublika KİV-lərində işıqlandırılmışdır.
Bu dövrdə narkotik vasitələrin qeyri-qanuni hazırlanması, əldə edilməsi, saxlanması və ya satışı ilə bağlı 19 cinayət faktı aşkarlanmış, 19 cinayət faktı üzrə istintaq aparılmışdır. Əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərdən 5,953 qram heroin, 468,18 qram marixuana, 0,787 qram metofotomin götürülmüşdür. Cinayətkarlar arasında yetkinlik yaşına çatmayanlar olmamışdır.
Hesabat dövründə şəhər xəstəxanası və apteklərindən qanunsuz əldə edilmiş dərman preparatlarının istifadəsinə dair cinayət faktları aşkar edilməmişdir.
2007-ci ilin may ayından başlayaraq “Xaş-xaş” şərti adı altında keçirilən cinayət axtarış tədbirləri 2015-ci ildə də davam etdirilmiş və bu sahədə cinayət faktı aşkarlanmamışdır.
2015-ci ilin müvafiq dövründə Mingəçevir Rayonlararası Narkoloji Dispanserə 15 nəfər xəstə daxil olmuşdur, Xəstələrdən 12 nəfəri ətraf rayon əhalisi, 3 nəfəri isə şəhərdəndir. 12 nəfər anonim müalicə almış, onlar arasında yeniyetmələr olmamışdır.
Hazırda dispanserdə 419 nəfər xəstə qeydiyyatdadır ki, onlardan 36 nəfəri “Xroniki alkoqolizm”, 383 nəfəri isə “narkomaniya” diaqnozu ilə müalicə olunur. Bu xəstələr əsasən 20-59 yaş qrupunu əhatə edir, 3 nəfər qadın narkomaniya diaqnozu ilə profilaktiki qeydiyyatda olmuşdur.
Əvvəlki illərdə olduğu kimi, bu müddət ərzində də şəhər televiziyasında mütəmadi olaraq narkomaniyanın insan sağlamlığına və həyatına yaratdığı təhlükə ilə əlaqədar materiallar və reklam çarxları hazırlanaraq geniş tamaşaçı auditoriyasına təqdim olunmuşdur. Bununla bağlı vaxtaşırı olaraq “Ədalət qapısı”, “Disput”, “Mövqe” verilişlərində və gündəlik efirdə yayımlanan “Gün” informasiya buraxılışında maarifləndirici söhbətlər aparılmış, süjetlər göstərilmişdir.
Şəhər Polis şöbəsi tərəfindən keçirilən reydlər barədə, eləcə də narkotik vasitələrin insan mənəviyyatına, sağlamlığına mənfi təsiri haqqında təşkil edilən debatlar, televiktorinalar şəhər və ətraf rayon əhalisinin diqqətinə çatdırılmışdır. Bununla yanaşı, “Zaman”, yerli mətbuat orqanları olan “Mingəçevir” və “Mingəçevir işıqları” qəzetlərində də narkomaniyaya qarşı mübarizə mövzularında bir sıra məqalələr çap edilmişdir.
İ.İSMAYILOV,
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının
I müavini, Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri