Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən daimi diqqətlə saxlanılmaqla maarifləndirici, profilaktiki və digər tədbirlərin gücləndirilməsi təmin edilir.
Belə ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, eləcə də maarifləndirmə işlərinin əhatəsinin genişləndirilməsi davam etdirilir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə, həmçinin ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni sosial çarx hazırlanmışdır. Profilaktik tədbirlərin səmərəliliyini və intensivliyini artırmaq məqsədi ilə hazırlanmış çarx cari ilin 10 sentyabr tarixindən etibarən “Park Bulvar” inzibati binasının bütün monitorlarında yerləşdirilmiş və uzunmüddətli işıqlandırılması nəzərdə tutulur.
Bundan əlavə, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə, həmçinin ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə sosial çarx “MetroPark” Ticarət və Əyləncə Mərkəzinin inzibati binasının monitorlarında işıqlandırılmaqdadır.
Profilaktik tədbirlərin davamı olaraq, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat işlərinin aparılması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşşəbüsü ilə idmançıların və tanınmış şəxslərin iştirakı ilə “Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzini seçin!” adlı qısametrajlı videoçarx hazırlanmışdır.
Belə ki, 17 sentyabr 2015-ci il tarixdə Gəncə Pedaqoji Universitetində Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Təhsil Nazirliyinin, Respublika Narkoloji Mərkəzinin əməkdaşları, Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinin rəisi və şəhər komissiyasının üzvləri, müəllim və metodistlərin iştirakı ilə seminar-müşavirə keçirilmişdir. Həmçinin Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
Cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 1953 fakt aşkar edilmişdir ki, onlardan 566-sı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorlarını əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1297-si satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama, 80-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 10-u isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 657 kq 364,621 qr müxtəlif növ narkotik vasitələr və 787 ədəd çətənə kolu müsadirə olunmuşdur.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 465 kq 331,557 qr marixuana, 109 kq 129,065 qr tiryək, 38 kq 328,239 qr heroin, 41 kq 202,591 qr həşiş, 3 kq 710,14 qr psixotrop maddələr və digərləri o, cümlədən 787 ədəd çətənə kolu təşkil etmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə məhkəmələrin qanuni qüvvəyə minmiş 197 hökmü üzrə müsadirə olunan 357 kq-dan (əlavə olaraq 3118 ədəd çətənə kolu) artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma yolu ilə Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.
Fəqan Şahverdiyev,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri