Narkomanlıq cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir

  Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir.
Narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar vövlətimiz tərəfindən müvafiq normativ sənədlər qəbul edilmiş, ölkəmiz beynəlxalq konvensiyalara sazişlərə qoşulmuşdur.

  Ümummilli liderimiz Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı ilə narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Xaçmaz Rayon Komissiyası Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2013-2018-ci illər üçün Dövlət Proqramı”na əsasən illik Fəaliyyət Planı hazırlanmış və komissiya tərəfindən aidiyyəti dövlət orqanları, ictimaiyyətlə birlikdə bu istiqamətdə bir sıra işlər görmüşdür.

  Məlum olduğu kimi, Xaçmaz rayonu Rusiya Federasiyası ilə həmsərhəddir. Eləcə də rayonun Xəzər sahili, Yalama-Nabran zonasına istirahətə gələnlərin hesabına əhalinin sayı xeyli artır ki, bu da kriminogen şəraitin kifayət qədər mürəkkəbləşməsinə səbəb olur. Rayon komissiyası müvafiq strukturlarla birlikdə bu işi daim nəzarətdə saxlayır, müvafiq tədbirlər həyata keçirərək narkotik asılılıqda olan şəxslərlə, bu əmələ meyllilərlə məqsədli maarifləndirmə işi aparılır. Bu kimi vacib vəzifələrin yerinə yetirilməsini daim nəzarətdə saxlayan rayon komissiyası rayonun ümumtəhsil müəssisələrində, mədəniyyət mərkəzlərində, yeniyetmə və gənclər arasında hüquq pozuntusu və narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, onların sağlam həyat tərzi ruhunda tərbiyə olunmaları məqsədilə aidiyyəti təşkilatlarla birgə antinarkotik təbliğat, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının insan orqanizminə zərəri, narkomanlığın profilaktikası mövzusunda bir sıra tədbirlər həyata keçirmişdir.

  Komissiyanın təşəbbüsü ilə rayonun ümumtəhsil məktəblərində, rayon Turizm və İnformasiya Mərkəzində, Uşaq incəsənət məktəbində, Texniki peşə liseyində “Antinarkomaniya”, “Narkomaniya ilə mübarizə zamanın tələbidir”, “Narkomaniyaya yox deyək”, “Ağ ölümə yox deyək”, “Narkotik maddələrin ayrı-ayrı orqanlara və ümumi insan orqanizminə mənfi təsiri” mövzularında məruzələr oxunmuş, mütəxəssislərin iştirakı ilə söhbətlər aparılmışdır.

  “Antinarkomaniya və insan alverinə qarşı mübarizə” mövzusunda təbliğat vasitəsi olan disklərin şəhər məktəblərində şagirdlərlə birgə baxışı təşkil edilmişdir. Cəmiyyətin sağlam inkişafına, mənəviyyatına, onun genefonduna ağır zərbə vuran narkomaniya ilə mübarizə işi Azərbaycan dövlətinin ümumi siyasətinin əsas tərkib hissəsi olduğu məktəblilərin nəzərinə çatdırılmışdır. “Narkomaniyaya yox deyək” devizi altında ümumtəhsil məktəblərində şagirdlər arasında inşa müsabiqələri və rəsm sərgiləri keçirilmişdir.

  Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün əməli tədbirlərin həyata keçirilməsi, müntəzəm olaraq idman yarışlarının, intellektual oyun müsabiqələrinin, anket-sorğuların keçirilməsi təmin olunmuşdur. Narkomanlığa qarşı mübarizəni əks etdirən əyani təbliğat vasitələrindən ictimai yerlərdə, tədris müəssisələrində, yaşayış massivlərində geniş istifadəsi təmin edilmişdir.

  Rayonda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin köməkliyindən də istifadə olunmuşdur. Belə ki, tərəfimizdən keçirilmiş tədbirlər ayrı-ayrı televiziya kanallarında və mətbuatda işıqlandırılmışdır. Xaçmaz Regional TV vasitəsilə müntəzəm olaraq bu qlobal mövzuya toxunulmuş, narkomaniyanın insan orqanizminə zərəri, törətdiyi fəsadları, cəmiyyətə vurduğu ziyanı əks etdirən videoçarxlar göstərilmiş, mütəxəssislərin iştirakı ilə verilişlər hazırlanmışdır.

  Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə üzrə rayon komissiyası da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslərə dair daxil olmuş icra vərəqələrinin icrası ilə bağlı müvafiq işlər görmüşdür.

  Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları bütövlükdə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müəyyən müsbət nəticələr əldə etmişlər. Rayon Polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2015-ci ilin 9 ayı ərzində 34 cinayət faktı aşkar olunmuşdur ki, həmin faktlardan 8-i narkotiklərin qanunsuz satışı, 21-i qanunsuz saxlanılması və 5-i qanunsuz kultivasiya ilə bağlı olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş faktlar üzrə 25 cinayət işi başlanmaqla 29 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 16 nəfəri əvvəllər məhkum olunmuş şəxslərdir. Narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsinin aşkar edilməsi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 5 fakt aşkar edilmişdir. Hər bir fakt üzrə cinayət işi başlanaraq istintaq aparılmışdır.

  Xaçmaz rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində əməli və praktiki tədbirlərimiz bütün ciddiliyi ilə davam etdiriləcəkdir.

Y.Mehmanov, 
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Rayon Komissiyasının sədri




Baxılıb: 1023