Narkomanlığa qarşı mübarizə hər kəsin vəzifəsidir, daimi işidir.

  İnsanların mənəvi, əxlaqi dəyərlərini sarsıdan, cəmiyyətin sosial-iqtisadi inkişafına, sağlamlığına mənfi təsir edən narkomanlıqla mübarizə bu gün hər yerdə olduğu kimi, Yevlax rayonunda da ardıcıllıqla davam etdirilir.

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyul 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2013-2018-ci illər Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Yevlax rayonu üzrə tədbirlər planı tərtib edilmişdir. Bu istiqamətdə görüləcək işlər müəyyənləşdirilmiş və rayon ərazisində narkotik vasitələrin əldə olunması, əkilməsi, istifadəsinə, habelə həkim təyinatı olmadan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qəbul edilməsinə, əldə edilərək saxlanılmasına və satmaqla yayılmasına qarşı mübarizəni gücləndirmək məqsədilə əvvəlki illərdə olduğu kimi, 2015-ci ilin ötən dövrü ərzində də müəyyən işlər görülmüşdür.

  Son 10 ay ərzində narkotiklərlə mübarizə sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 57 cinayət faktı aşkar edilmişdir ki, onlardan 20-si qanunsuz olaraq narkotik vasitələrin satışı, 34 fakt qanunsuz olaraq narkotik vasitələri saxlama və 3 fakt narkotik tərkibli bitkilərin əkilib-becərilməsi olmuşdur. Göstərilən faktlar üzrə 8,296 qram narkotik vasitə olan heroin və 1 kiloqram 615,81 qram narkotik vasitə qurudulmuş marixuana və 0,66 qram narkotik vasitə olan tiryək aşkar edilərək maddi sübut kimi götürülərək dövriyyədən çıxarılmışdır. 42 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir. “XAŞ-XAŞ 2015” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər planının icrası ilə əlaqədar olaraq rayon ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 11 ton 200 kq təşkil edən 117520 ədəd, tərkibində narkotik maddələr olan çətənə (kannabis) kolları aşkar olunaraq məhv edilmişdir.

  2014-cü ilin 10 ayında rayon ərazisində narkotiklərlə mübarizə sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 36 cinayət faktı aşkar edilmişdir ki, onlardan 10-u qanunsuz olaraq narkotik vasitələrin satışı, 24 narkotik saxlama və 2 fakt isə qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkilib-becərilməsi olmuşdur. Göstərilən faktlar üzrə 53,974 qram narkotik maddə olan heroin və 1 kiloqram 533,76 qram narkotik vasitə, qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülərək dövriyyədən çıxarılmışdır. 26 nəfər cinayət məsuliyyətinə və 1 nəfər inzibati məsuliyyətə cəlb edilmişdir.

  Göründüyü kimi, görülmüş tədbirlər və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin müvafiq dövrü ərzində 21 cinayət faktı artıq aşkar edilmiş və dövriyyədən daha çox narkotik vasitələr çıxarılmışdır.

  Rayon ərazisində narkotik vasitələrin, psixotrop dərmanların qanunsuz yayılması və həkim təyinatı olmadan narkotik maddələrin qəbulu ilə məşğul olan şəxslərlə mübarizəni gücləndirmək məqsədilə təşkilatlarda, təhsil ocaqlarında görüşlər keçirilmiş, gənclər və yeniyetmələr arasında narkomaniyanın insan üçün dəhşətli fəsadları barədə “Narkomaniyasız gələcək”, “Narkomaniya əsrin bəlasıdır” mövzularında məruzələrlə çıxışlar edilmişdir. Belə görüşlər zamanı əyaniliyi təmin etmək üçün videoçarxlardan, plakatlardan istifadə olunmuşdur. Həmçinin kütləvi informasiya vasitələrində, o cümlədən yerli “Kür” qəzetində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əldə edilmiş uğurlar, mövcud çatışmazlıqlar işıqlandıırılmışdır.

  Narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə polis orqanlarının yerli icra hakimiyyəti, bələdiyyə, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalarla əlaqələri gücləndirilmiş, bu istiqamətdə tədbirlər hazırlanıb həyata keçirilmişdir və belə tədbirlər mütəmadi olaraq davam etdirilir.

  Yevlax Rayon Polis Şöbəsi və şəhər poliklinikasında 325 nəfər dispanser, 160 nəfər isə profilaktiki (narkoloji kabinetdə nəzarətdə olan) qeydiyyatdadır.
Həkim təyinatı olmadan narkotik vasitələri qəbul etdiklərinə görə dispanser və profilaktiki qeydiyyatda olan narkomanlarla əlaqədar və əvvəllər məhkum olunmuşlarla müntəzəm olaraq profilaktiki tədbirlər aparılmış və hazırda onlardan cinayət törətməyə meyilli olanların hərəkətləri əməliyyat yolu ilə izlənilməsi davam etdirilir. Narkomanlığa qarşı mübarizəyə vətəndaşların aktiv cəlb olunması üçün şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyanın etimad telefonu yaradılmışdır.

  Narkotiklərlə mübarizə sahəsində görülmüş işlərlə yanaşı, bir sıra nöqsanlar da mövcuddur. Belə ki, rayon ərazisində narkotik tərkibli dərmanların həkim təyinatı olmadan ayrı-ayrı şəxslər tərəfindən satılması barədə məlumatlar daxil olmasına baxmayaraq, hələlik həmin şəxslərin ifşa edilməsi mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat mövqeləri yaradılmış və həmçinin reydlər keçirilmiş, əlaqədə olan məxfi əməkdaşlar təlimatlandırılmış və bu istiqamətdə gələcəkdə müsbət nəticə əldə edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçiriləcəkdir.

  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə daim diqqət mərkəzindədir və bu istiqamətdə tədbirlərimiz davam etdirilir.

Qənimət Qaraşov,
Yevlax Şəhər İcra Hakimiyyəti
başçısının birinci müavini,
Narkomanlığa, Narkotik 
Vasitələrin Qanunsuz Dövriyyəsinə 
Qarşı Mübarizə üzrə Rayon
Komissiyasının sədri




Viewed: 935