Sağlam ailə - sağlam cəmiyyət

  Sağlam ailə sağlam cəmiyyətin əsasını təşkil edir. Vətəndaşların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi sağlam cəmiyyətin formalaşdırılmasına təkan verir. Azərbaycan Respublikasında ailənin möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsinə xüsusi diqqət ayrılır. 90-cı illərdə insan hüquqlarının müdafiəsi sahəsində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə mühüm beynəlxalq müqavilələr imzalanmış və qanunlar qəbul edilmişdir.

  Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında”, “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, “Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” və digər konvensiyalara qoşulmuşdur.

  Dövlət tərəfindən ratifikasiya edilmiş konvensiyalara əsasən, daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır. Ölkədə Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında”, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında” və digər qanunlar qəbul edilmişdir.

  Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həmin qanunvericilik islahatları davam etdirilmişdir. Qadınların və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə ölkədə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikasının qanunları və diqər qanunvericilik aktları qəbul edilmişdir. Eyni zamanda, ölkədə “Bədən tərbiyəsi və idman” haqqında Qanunun qəbul edilməsi ailənin və gənclərin zərərli və mənfi vərdişlərdən müdafiyəyə yönəlib.

  Son illərdə ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, idmanın inkişafı sahəsində əldə olunan nailiyyətlər və təcrübə dünyanın əksər dövlətləri üçün bir nümunəyə çevrilmişdir. Xüsusilə də ölkədə qanunvericilik sahəsində aparılan islahatlar və tənzimlənmə Avropa və Asiya ölkələri tərəfindən öyrənilir.

  Bu gün dünyanın bütün dövlətlərində narkomaniyaya düçar olmuş qadınların və uşaqların reabilitasiyası, cəmiyyətə reinteqrasiyası və narkomaniya ilə mübarizə diqqət mərkəzindədir. Narkotik vasitələrin satışının və yayılmasının qarşısının alınması bütün dünyada koordinasiya şəklində həyata keçirilir. Azərbaycanda bu sahədə dövlət qurumları müvafiq tədbirləri beynəlxalq və qeyri-hökumət təşkilatlar ilə birgə həyata keçirirlər. Dövlət qurumları arasında narkomaniyaya qarşı mübarizəni qücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır.

  Uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericilikdə aparılan islahatlar narkomaniya ilə mübarizə sahəsinə də toxunmuşdur. 2015-ci ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsi dəyişdirilərək bu məsələdə valideynlərin məsuliyyəti artırılmışdır. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya tüfeyliliklə məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda əlli manatdan yüz manatadək miqdarda cərimə edilir. Yeni dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayan şəxslər spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etsə valideynlər məsuliyyətə cəlb edilməlidir.

  2006-cı ildən başlayaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən narkotiklərlə mübarizə, onun insan üçün zərərləri barədə maarifləndirmə materialların çap edilir, təlimlər keçirilir. Eyni zamanda, Komitə tərəfindən yerli media orqanları ilə işlər aparılır və narkomaniyanın mənfi təsirləri ilə bağlı informasiya geniş şəkildə yayılır. Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyəti çərçivəsində yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və maarıfləndirilməsi məqsədilə vaxtaşırı təlimlər, tədbirlər təşkil olunur.

  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət ailə siyasətinin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahələri üzrə tədbirlərin gücləndirilməsi məqsədilə narkomaniya, insan alveri, erkən nikah, məişət zorakılığı, uşaq əməyi, küçə uşaqları, selektiv abortlarla və digər problemlərlə mübarizəni daim diqqət mərkəzində saxlayır. Əhalini məlumatlandırmaq məqsədilə Komitə narkomaniya və onun fəsadları haqqında artıq bir neçə maarifləndirmə kampaniyaları keçirmişdir.

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.3.6-cı bəndinə uyğun olaraq 2014-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və digər aidiyyəti orqanlar tərəfindən “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə BMT-nin Narkotiklərlə və Cinayət işləri üzrə ofisinin, UNICEF-in, ATƏT-in, İnterpolun, Dünya Səhiyyə Təşkilatının, Avstriyanın, Pakistanın, Əfqanıstanın və digər dövlətlərin ekspertləri iştirak etmişlər.

  Narkomaniya ilə mübarizə sahəsində qanunvericilikdə aparılan islahatlarla birgə maarifləndirmə kampaniyalarının keçirilməsi vacibdir. Rayonlarda və şəhərlərdə orta və ali təhsil ocaqlarında, rayon icra hakimiyyətlərində, hərbi hissələrdə və ümumiyyətlə cəmiyyətdə xüsusi konfranslar, dəyirmi masalar və maarifləndirmə tədbirləri keçirilməkdədir. Bu tədbirlərə “Narkomanlıq ağ ölümdür” mövzusunda elmi-praktiki konfransı, “Gənclər narkotiklərin əleyhinədir” mövzusunda “dəyirmi masa”nı, “Narkomaniya İİV/QİÇS-in fəsadları” mövzusunda mühazirələri, “Sağlam həyat - sağlam gələcəkdir” adlı tədbir, “Cənubi Qafqazda Gənclər Üçün Reproduktiv Sağlamlıq Təşəbbüsü” adlı milli konfransı, “Gənclər narkotiklərə “yox” deyir” mövzusunda elmi-praktik konfransları və digərlərini misal göstərmək olar.

  Uşaq hüquqlarının müdafiəsi, onların normal inkişafına və sağlamlığına mənfi təsir göstərən hallardan və narkomaniya kimi zərərli vərdişlərdən qorunması məqsədilə qaçqın və məcburi köçkün məktəblərində, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisələrində maarifləndirmə kampaniyası keçirilmişdir. Kampaniyalar çərçivəsində Təhsil, Səhiyyə, Ədliyyə nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, rayon İcra hakimiyyətlərinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaları, rayon Polis şöbələrinin yetkinlik yaşına çatmayanlarla işləyən inspektorları, rayon Vətəndaş Vəziyyətləri Aktlarının Dövlət Qeydiyyatı idarələrinin, müvafiq QHT-lərin nümayəndələri, o cümlədən məktəblərin nəzdində Valideyn-Müəllim Assosiasiyasının rəhbərləri, məktəb psixoloqları da cəlb olunmaqla müvafiq tədbirlər keçirilmişdir.

  Vətəndaşların maarifləndirilməsi məqsədilə mütəmadi olaraq Komitə tərəfindən müxtəlif bukletlər, kitabçalar (“Özünüzü və yaxınlarınızı qoruyun”, “Reproduktiv sağlamlıq”, “Nikahdan əvvəl tibbi müayinə”, “QİÇS sağalmaz xəstəlikdir”, “Sağlam həyat tərzi”, “Biz narkotiklərə “yox” deyirik”, “QİÇS analizini ver! Riski sıfıra endir!”, “Narkotiksiz həyat. Sağlamlığın öz əlindədir”) və digər sənədlər çap olunaraq əhaliyə paylanılmışdı.

  Tədbirlərdə Dövlət Proqramları çərçivəsində narkomaniya, HIV/QİÇS xəstəliyinin qarşısının alınması, insan alverinin profilaktikası, sağlam həyat tərzinin təbliği mövzusunda maarifləndirmə işləri aparılmış, qeyd edilən məsələlərlə bağlı “HIV/AİDS: Növbəti qurbanı sən olma”, “Günəş şəhəri”, “Hədəf”, “Yuxu yaddaşı”, “Affekt”, “İşıqlı zülmət” adlı qısametrajlı filmlər nümayiş etdirilmişdir.

  Yeniyetmələrin cinsi və reproduktiv sağlamlıq və hüquqlarının təmin edilməsi, onlara sağlam həyat tərzinin aşılanması, narkomaniya və tütünün mənfi təsirləri barədə məlumatlandırılma ilə bağlı qeyri-hökumət orqanlarının səmərəli fəaliyyətinin təşkili və geniş ictimaiyyətin bu sahədə bilik və maraq dairəsinin genişləndirilməsi məqsədilə BMT-nin Əhali Fondu ilə birgə “Cənubi Qafqazda Gənclərin Reproduktiv Sağlamlıq Təşəbbüsü” adlı layihə həyata keçirilmişdir.

  Sağlam ailədə sağlam uşağın böyüməsi məqsədilə Azərbaycanda qeyri-hökumət təşkilatları tərəfindən görülən işlər mühüm yer tutur. Yeniyetmə və gənclər arasında narkomanlığın zərərinin təbliği və bu barədə gənclərin maarifləndirilməsi işinə qeyri-hökumət təşkilatları cəlb edilir. Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, Azərbaycan Psixiatriya Assosiasiyasını, “Nur” Uşaq və Gənclərin İctimai Birliyini və başqalarını bunu misal göstərmək olar.

  Xüsusilə də bu istiqamətdə Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın peşəkar ictimai fəaliyyəti, yorulmaz əməyi, hər bir problemə dərin insani və həssas münasibət bəsləməsi hamı üçün təkrarsız örnəkdir. Komitə tərəfindən artıq 7-ci ildir ki, Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə layihəsi çərçivəsində “Azərbaycan ailəsi” adlı film festivalı keçirilir. Film festivalının əsas məqsədi kinematoqrafiyanın vasitəsilə Azərbaycan gənclərinin sağlam ruhda tərbiyələndirilməsi, ailə dəyərlərinin qorunub saxlanılması və cəmiyyətdə mövcud olan problemlərin kinematoqrafiyanın köməyi ilə işıqlandırılmasıdır. Festivalda narkomaniyanın gətirdiyi faciədən bəhs edən filmlər də iştirak etmişdir.

  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011- 2015-ci illər)” 2.2.3.12 bəndinə əsasən 2012-ci ildə ölkə üzrə uşaqların təhsildən yayınması və əmək fəaliyyətinə cəlb olunması hallarının monitorinqini həyata keçirən nəzarət qrupu yaradılmışdır. Nəzarət qrupuna Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə, Təhsil nazirlikləri, yerli icra hakimiyyətləri və hüquq mühafizə orqanları, Uşaq hüquqları üzrə Milli QHT Alyansı daxil edilmişdir.

  Monitorinqlərin keçirilməsi uşaqların təhsildən yayınmasının əsas səbəblərinin müəyyən edilməsi baxımından mühüm addım olmuşdur. Uşaqların təhsilə davamiyyətinin ilk növbədə valideyn məsuliyyəti və məktəblərdə davamiyyətə olan nəzarət işlərinin təşkili ilə birbaşa əlaqədar olduğu müəyyən edilmişdir. Bakı şəhəri üzrə keçirilmiş monitorinqlərin nəticəsi olaraq uşaqların təhsildən yayınmasına təsir göstərən əsas faktor oğlan uşaqlarının internet klublardan istifadəsi, rayon və kənd yerlərində mövsümi işlərlə əlaqədar olaraq uşaqların ailə təsərrüfatlarında valideynlərinə kömək etməsi, həmçinin Bakı kəndlərində qız uşaqlarının valideynləri tərəfindən dərsə mütəmadi göndərilməməsi olmuşdur. Bu problem dünyanın əksər dövlətlərində var və həmin problemin qarşısının alınması məqsədilə ailə psixoloqu institutunun yaradılması faydalı olardı.

  Komitənin regional mərkəzləri mənfi və zərərli vərdişlərlə bağlı yerlərdə vətəndaşlarla effektiv iş aparırlar. Nümunə üçün 25 iyun 2015-ci il tarixdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Narkotik insan həyatını məhv edir” mövzusunda yeniyetmə və gənclərlə müzakirələr təşkil olunmuşdur. “Narkomaniyaya qarşı mübarizə” haqqında videoçarxın nümayişi ilə başlayan tədbirdə məktəb şagirdləri, müəllim və gənclər iştirak etmişlər. Müzakirədə “ağ ölüm” adlandırdığımız narkomaniyadan söz açılmış, narkomaniya birbaşa intihar halı olmasa da, onun insanları tədricən məhv etdiyinin, ölümə sürüklədiyinin danılmaz fakt olduğu bildirilmişdir.

  Dövlət Komitəsi Təhsil Nazirliyi ilə birgə 26 oktyabr 2015-ci il tarixində Səbail rayonu ərazisində yerləşən 6 nömrəli məktəb-liseydə “Narkotiklər, yoxsa həyat” mövzusunda tədbir keçirib. Tədbirdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət tərəfindən atılan mühüm addımlar, həmçinin uşaq siyasətinin dövlətin əsas istiqamətlərindən biri olduğu qeyd edilmiş, respublikamızda uşaqların asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraitin əhəmiyyətindən geniş danışılmışdır.
  Komitə tərəfindən mütəmadi olaraq “Reproduktiv sağlamlıq”, “Sağlam ətraf mühit və sağlam həyat tərzi” və digər maarifləndirici layihələr keçirilir. Həmin layihələr çərçivəsində narkotik vasitələrin istifadəsinin mənfi fəsadları əhaliyə çatdırılır.

  Sağlam inkişaf edən dövlət ilk öncə sağlam ailələrdən formalaşır. Bunun üçün də ailənin sağlamlığının müdafiə edilməsi və inkişaf etdirilməsi sahəsində cəmiyyətin fəallaşmasına ehtiyac var. Narkotiklərə düçar olan insanlara reabilitasiya prosesində ailə üzvlərinin dəstəyi vacibdi. Başqa sözlə, narkotiklərlə və ailəyə digər mənfi təhsirediçi amillərlə mübarizə bütün cəmiyyətin məqsədi olmalıdır.
Bizim məqsədimiz sağlam ailədir, sağlam düşüncədir.

Elgün Səfərov,
Hüquq elmləri üzrə fəlsəfə doktoru,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya
və analitik araşdırmalar
şöbəsinin müdiri




Viewed: 11002