Yardımlı gəncləri narkomaniyaya “yox” deyir

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2013-2018-ci illər)”na uyğun olaraq Yardımlı Rayon İcra Hakimiyyətinin geniş tədbirlər planı hazırlanaraq icrası təmin olunmuşdur.

  Tədbirlər planına uyğun olaraq son illər rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində rayonda keçirilən kütləvi tədbirlər, narkomanlığın zərəri barədə maarifləndirmə işləri aparılmış, keçirilən tədbirlərin effektliliyi artırılmış, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində, rayonun ümumtəhsil məktəblərində narkomanlığın ziyanı barədə profilaktiki tədbirlər, hüquqi mövzuda maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Məktəblilərə narkomanlığın zərərləri mövzusunda film nümayiş etdirilmiş, “narkomaniya xəstəlikdir”, “narkomaniya ilə mübarizə hər birimizin işidir” adlı bukletlər paylanmışdır. 2015-ci ilin mart, aprel aylarında IX-XI sinif şagirdləri arasında “Azərbaycan gəncləri narkotik əleyhinə” inşa yazı müsabiqəsi, “Ağ ölüm” rəsm müsabiqəsi keçirilmiş, keçirilən müsabiqədə 1700 nəfərdən artıq məktəbli iştirak etmişlər. Rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə birlikdə “Narkomaniyaya yox deyək” adı altında bütün ümumtəhsil məktəblərində mühazirələr oxunmuşdur.

  İl ərzində RİH başçısı yanında Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvetmə komissiyası üzvlərinin rayonun hüquq-mühafizə orqanları, rayon təhsil, mədəniyyət, səhiyyə şöbələri və gənclər idman idarəsinin məsul işçilərinin iştirakı ilə məktəblilər arasında tədbirlər keçirilmiş, narkomanlığın zərərləri və fəsadları barədə onlara məlumat verilmişdir.

  Rayonun bütün ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə RİH rəhbərliyinin təşəbbüsü ilə çap edilmiş “Narkomaniyaya yox deyək” kitabları paylanmışdır.
  Görülmüş tədbirlərin nəticəsi kimi ənənəvi olaraq hər il, o cümlədən 2015-ci ildə də 2400 məktəbli arasında rəy sorğusu aparılmış, rəy sorğusu zamanı məktəblilərin narkotik vasitələrin adlarını və mövcudluğunu bilmələri, lakin onları real həyatda görmədikləri, insan orqanizminə vurduğu zərəri dərk etdikləri müəyyən edilmişdir.

  Məktəblilərin və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə onların asudə vaxtlarının səmərəli təşkili üçün il ərzində bir sıra lazımi tədbirlər həyata keçirilmişdir. Yeni açılmış iş yerlərində, əsasən, gənclər işlə təmin olunmuşlar. Son illər şəhərdə istifadəyə verilən “Heydər parkı” park kompleksi, 2 mədəniyyət və istirahət parkı, “Heydər Əliyev Mərkəzi”, tarix-diyarşünaslıq muzeyi, mədəniyyət sarayı gənclərin istirahət və əyləncə yerinə çevrilmişdir. Şəhərdə əsaslı surətdə yenidən qurulub istifadəyə verilən 2500 yerlik “Sahil” stadionu zonalararası və ümumrayon tədbirlərinin keçirilməsinə şərait yaratmışdır. İl ərzində idmanın futbol, voleybol, taekvando, cüdo, kontakt -karate, şahmat üzrə rayon birinciliklərinə 5000-dən artıq yeniyetmə və gənc cəlb olunmuşlar. Rayonun ayrı-ayrı sərhədyanı yaşayış məntəqələrində 10 sadə idman meydançası əhalinin istifadəsinə verilmişdir.

  Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində il ərzində keçirilən “Şahin”, “Cəsurlar”, “Sərhəd” hərbi-idman oyunlarının, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyünün xüsusi əhəmiyyəti olmuş, bu tədbirlərdə 2500-dən artıq yeniyetmə və gənc iştirak etmişdir.

  Rayonda “QİÇS-lə mübarizə günü” geniş qeyd olunmuşdur. Bu məqsədlə dekabr ayının 1-dən 15-nə kimi QİÇS-ə qarşı mübarizə məqsədilə VI-XI siniflər arasında profilaktik söhbətlər aparılmış, onları maraqlandıran suallara rayon mərkəzi xəstəxanasının mütəxəssisləri tərəfindən aydınlıq gətirilmişdir.

  Bütövlükdə, vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin nəticəsi olaraq narkomanlığa qurşanan və QİÇS-ə yoluxan, gənclərimiz arasında hərbi xidmətdən yayınan və fərarilik edənlər olmamışdır.
  Ümumiyyətlə, rayon üzrə 2015-ci ilin sonuna narkomanlıqla əlaqədar rayon mərkəzi xəstəxanasında 124 nəfər qeydə alınmışdır, onlardan 52-si narkomaniya xəstəliyinə düçar olanlar, qalanları isə profilaktik qeydiyyatda olanlardır. Qeydə alınmış narkoman xəstələr, Bakı şəhəri narkoloji dispanserinə göndərilmişdir. Qeydiyyata alınmış xəstələrdən 1 nəfər 18 yaşa qədər, 6 nəfər 18-25 yaş arasında, 11 nəfər 26-29 yaş arasında, 29 nəfər 30-35 yaş arasında, 42 nəfər 36-45 yaş arasında, 35 nəfər isə 45 yaşdan yuxarı olanlardır. 
  İl ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə rayon polis şöbəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.

  2015-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 fakt aşkar edilmiş, ümumi kütləsi 2 kq 896 qr olan narkotik vasitə dövriyyədən çıxarılmışdır. 
  Rayon hüquq mühafizə orqanlarının və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbir nəticəsində 16 və 20-ci sərhəd zastavalarının (Pirimbel və Arvana kəndləri yaxınlığında) xidməti ərazilərində aqrotexniki qulluq olunmayan yabanı şəkildə bitmiş, 38 ha sahədə ümumi çəkisi 11 min kq olan, 21 min ədəd narkotik xassəli “xaş-xaş” kolları ərazidən yığılaraq yandırma üsulu ilə məhv edilmişdir.

  Rayonumuz üçün spesifik cinayət növü sayılan narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə tədbirlər davam etdirilməkdədir.
  Rayon mərkəzi xəstəxanasında narkotik xassəli dərman preparatlarının istifadəsinə nəzarət gücləndirilmişdir. Dərman preparatları yalnız xüsusi seyflərdə saxlanılır, mədaxil və məxarici barədə qeydlər qaytanlanmış kitabda aparılır. 
  Promidol 1%-li 1ml 45 (ambulator 14, təcili yardım-9, cərrahiyyə 22) istifadə edilmişdir.

  Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir və bəşəriyyətin ən ağır bəlasına çevrilmiş narkomaniyanın tamamilə aradan qaldırılması istiqamətində daha ciddi işlər görüləcəkdir.

Azər Xamiyev, 
Yardımlı RİH başçısının 
I müavini, Narkomanlığa və
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
üzrə komissiyanın sədri




Baxılıb: 1024