2015-ci il ərzində antinarkotik təbliğata xüsusi önəm verilmiş, maarifləndirmə işinin əhatəsi genişləndirilmişdir

  Ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanını, Dövlət Komissiyası haqqında Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı, eləcə də digər hüquqi-normativ sənədləri rəhbər tutaraq 2015-ci ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu qarşısına qoyulmuş vəzifələrin icrası ilə əlaqədar aşağıdakı tədbirləri həyata keçirmişdir.

  Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını daim diqqət mərkəzində saxlayan Dövlət Komissiyasının İşçi Qrupu narkotik vasitələrin qanunsuz döviriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, həmçinin maarifləndirmə işinin əhatəsi genişləndirilmişdir.

  Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədrinin müvafiq göstəriş və tapşırıqlarına əsasən Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü ilə 26 iyun-BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar ənənəvi olaraq respublikanın bütün şəhər və rayonlarında maarifləndirici silsilə tədbirlər keçirilmiş, tədbirlərdə yeniyetmələr, gənclər, müəllimlər və valideyinlər yaxından iştirak etməklə, mütəxəssislər tərəfindən onlara narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar mövzusunda geniş müzakirələr aparılmış və bu barədə şəhər/rayon komissiyaları tərəfindən təqdim olunan məlumatların (foto və video materiallarla birlikdə) Dövlət Komissiyasının rəsmi internet saytında yerləşdirilməsi təmin edilmişdir.

  Belə ki, 26 iyun-BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar tədbirlərin davamı olaraq və ictimai maarifləndirmənin genişləndirilməsi məqsədi ilə təbliğat işində iri ölçülü sosial reklamların (bilbordların) mühüm rol oynadığını nəzərə alaraq “Narkomaniya qarşı mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir”, “Gələcəyimizi birlikdə düşünək narkomaniya yox deyək” şüarları adı altında hazırlanmış lövhələr Bakı şəhərinin mərkəzi küçələrində quraşdırılmış və uzunmüddətli nümayiş olunmuşdur.
Bu işlərin davamı olaraq, narkomanlığın zərəri barədə əhalinin məlumatlandırılması məqsədi ilə hazırlanmış “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo Nəqliyyat Nazirliyinin elektron informasiya tablolarında nümayiş olunmuşdur.

  Bununla yanaşı, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə hazırlanmış videoçarx Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin avtobus dayanacaqlarında yerləşən informasiya terminal monitorlarında, Bakı şəhərinin mərkəzi küçələrində yerləşən reklam tablolarında işıqlandırılmışdır.

  Dövlət Proqramına müvafiq olaraq narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, bu sahədə profilaktik tədbirlərin səmərəliliyini nəzərə alaraq belə tədbirlərə diqqətin artırılması məqsədi ilə hazırlanmış videoçarxlar və digər yeni slayd şəklində olan təbliğat materialları “Park Bulvar” Alış Veriş Mərkəzinin, “Metro Park” Ticarət və Əyləncə Mərkəzinin bütün monitorlarında hal-hazırkı müddətə qədər nümayiş olunur.
Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları 2015-ci ilin müvafiq dövrü ərzində respublikanın bir sıra şəhər və rayonlarına ezam olunmuş və nəticədə müəyyən edilmişdir ki, bəzi şəhər/rayon komissiyaları tərəfindən nəzərdə tutulmuş tədbirlərin əksəriyyəti icra edilmiş və həyata keçirilməsi yolunda işlər davam etdirilir.

  Yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü və şəhər/rayon komissiyalarnın təşkilatçılğı ilə Bakı şəhəri Yasamal rayonu 24 saylı Uşaq Yaradıcılıq Mərkəzində “Sağlam həyat tərzi” adlı sərgi müsabiqəsi, Ağsu Rayon Mədəniyyət Sarayında narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat işləri çərçivəsində “Gələcəyimizi düşünək, narkomaniyaya yox deyək” mövzusunda tədbir, Sabunçu rayonunda narkomaniyaya qarşı mübarizə, erkən nikah və dini radikalizm istiqamətində “Sağlam təfəkkür-sağlam gələcək” mövzusunda konfrans, Xacmaz rayonunda “Narkomanlığın dövlətə, cəmiyyətə və insanların sağlamlığına ziyanı” mövzusunda tədbir, Qusar rayonunda “Narkomaniya əsrin bəlasıdır” devizi altında dəyirmi masa, İmişli rayonunda profilaktik tədbirlərinin əhatəliliyini genişləndirmək məqsədi ilə tədbir, Şirvan şəhərində “Hamılıqla narkomaniyaya yox deyək!” mövzusunda elmi-praktiki konfrans, Bakı şəhəri Nizami rayonu 251 saylı tam orta məktəbdə tədbir, Şəmkir rayonunda narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması üçün konfrans, Salyanda narkomaniyaya qarşı mübarizə üzrə gənclərin regional forumu, Tovuz rayonunda narkotiklərin törətdiyi fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədilə tədbir, Ucar rayon Heydər Əliyev Mərkəzində aidiyyəti dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə “Narkomanlığın cəmiyyətə, insanların sağlamlığına zərəri və doğurduğu təhdidlər” mövzusunda elmi praktik konfrans, Şamaxı rayonunda regionlarda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, Siyəzən rayonunda narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin təsirliliyini artırmaq məqsədi ilə, Yardımlı rayonunda zərərli vərdişlərin və narkomaniyanın profilaktikası mövzusunda, Nizami rayonunda “Narkomaniyanın cəmiyyətə, insanların sağlamlığına zərəri və sağlam həyat tərzinin təbliği” devizi altında, Qaradağ rayonunda “Narkomanlığa yox deyək” , Nərimanov rayonunda “Narkotiklərdən uzaq olaq”, Nəsimi rayonunda “Gənclər narkomaniyaya yox deyir” adlı mövzularda maarifləndirici tədbirlər keçirilmişdir.

  Eyni zamanda Dövlət Proqramının bəndlərinə müvafiq olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu Balakən, Zaqatala, Gəncə, Şirvan, Lənkəran və Sumqayıt şəhər və rayonlarında seminar-müşavirələr keçirmişdir.

  Bundan əlavə, 2015-cİ ildə Avropa Monitorinq Mərkəzi (EMCDDA) tərəfindən milli əlaqələndiricilərin daha da təkmilləşdirilməsi, narkomaniyanın yayılmasının qarşısını almaq üsulları və digər metodiki vəsaitlərin mükəmməl şəkildə mənimsəmələri və həmin mütəxəssislərin mənimsədiklərini öz ölkələrində tətbiq edə bilmələri məqsədilə Lissabon şəhərində keçirilən praktik təlimlərdə İşçi Qrupunun əməkdaşı, ölkə üzrə Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin (EMCDDA) əlaqələndiricisinin iştirakı təmin edilmişdir.

  2015-ci ilin 11 mart tarixində BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) Orta Asiyadakı Regional Nümayəndəliyinin hüquq-mühafizə məsələləri üzrə reginol müşaviri, Əfqanıstan və qonşu ölkələr üzrə proqramının koordinatoru ilə görüş keçirilmişdir. Tədbirin məqsədi UNODC-nin region dövlətləri üzrə proqramının işçi planları, həmçinin Əfqanıstan və qonşu ölkələr üzrə regional proqramla bağlı olan məsələlərin müzakirə edilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinə dair aidiyyəti dövlət qurumları ilə fikir mübadiləsi aparmaq olmuşdur.

  Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin narkotiklərdən istifadənin qarşısının alınması üzrə elmi cəhətdən əsaslandırılmış profilaktik tədbirlərin görülməsi vacibliyi barədə məlumatlılığın artırılması məqsədini daşıyan təşəbbüsü üzrə işlərin planlaşdırılması və həyata keçirilməsində təşkilata köməklik göstərilməsi üçün Azərbaycan Respublikası tərəfindən əlaqələndirici qurum qismində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu müəyyən edilmiş, ekpertlər isə aidiyyəti qurumların əməkdaşları təyin olunmuşlar.

  Dövlət Komissiyasının İşçi Qrupu təbliğat xarakterli kütləvi tədbirlərin təşkili ilə əlaqədar Azərbaycan Milli QHT Forumu ilə birgə Şəki, Oğuz, Qəbələ, Balakən, Abşeron şəhər və rayonlarında, Bakı şəhəri üzrə Yasamal və Suraxanı rayonlarında “Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbirlər keçirmişdir.

  Dövlət Komissiyasının təşkilatçılığı ilə ictimaiyyət tərəfindən hədsiz maraqla qarşılandığını və gənclərin maarifləndirilməsində çox təsirli təbliğat vasitəsi olduğunu nəzərə alaraq Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilmiş maarifləndirici “Həyatla oyun” teatr tamaşası 2015-ci ilin 9 fevral tarixindən 6 mart tarixinədək tərtib olunmuş qrafikə uyğun olaraq Bakı şəhərinin Suraxanı, Sabunçu, Nizami, Xətai, Xəzər, Yasamal, Qaradağ, Binəqədi, Nərimanov, Nəsimi, Səbail rayonlarında və respublikanın Abşeron, Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, Beyləqan, İmişli, Astara, Lerik şəhər və rayonlarında nümayiş etdirilmişdir.

  3 may 2015-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədi ilə, “Narkomaniyaya yox deyək” adlı keçirilən tədbirdə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış əyani vəsaitləri (“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, xəbərdarlıq vərəqələri və üzəri yazılmış köynəklər) paylanılmışdır.

  Həmçinin İşçi Qrupunda 2015-ci ilə dair ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirləri əks etdirən, aidiyyəti qurumların təqdim etdikləri hesabatlar əsasında “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində Ölkə Məruzəsi” Azərbaycan və ingilis dillərində hazırlanmışdır. Ölkə Məruzəsində həyata keçirilən tədbirlər, onların nəticələri, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statiskası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının həcmini və dinamikasını əks etdirən müxtəlif diaqramlar, eyni zamanda müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvi prosesinə aid tədbirlər, İşçi Qrupunun təşkilatçılığı və iştirakı ilə həyata keçirilən maarifləndirmə tədbirləri, beynəlxalq təşkilatlarla aparılan iş öz əksini tapmışdır.

  Hesabat dövründə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində görülən işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək, həmçinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, onun İşçi Qrupu və şəhər/rayon komissiyaları arasında işgüzar əlaqələrin yaradılmasını asanlaşdırmaq məqsədi ilə Dövlət Komissiyasının yeni telefon-məlumat kitabçası hazırlanmışdır. Tərtib olunmuş telefon-məlumat kitabçası xidməti istifadə üçün aidiyyəti nazirlik, komitə, təşkilat və narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər/rayon komissiyalarına göndərilmişdir.

  Bundan əlavə, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə əhalinin mütəmadi olaraq məlumatlandırılması və ölkədə aparılan antinarkotik təbliğatın daha da gücləndirilməsi məqsədilə Dövlət Komissiyasının üzvü olan nazirlik, komitə və təşkilatlar, həmçinin şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən müvafiq komissiyalar tərəfindən göndərilən materiallar qrafikə uyğun olaraq hər həftənin şənbə günü “İki sahil” qəzetində dərc edilir. Təbliğat-təşviqat işləri ilə əlaqədar məlumatların ictimaiyyətə çatdırılması üçün Dövlət Komissiyasının www.nmdk.gov.az ünvanlı rəsmi saytında mütəmadi surətdə görülmüş işlər barədə məlumatlar yerləşdirilmişdir.

  Dövlət Proqamının müvafiq bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində (xüsusilə sosisal şəbəkələrdə) təbliğat aparılmasını nəzərə alaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsində narkomanlığın törətdiyi fəsadlar, insan orqanizminə vurduğunu ziyan, sağlam həyat tərzinin təbliği, eyni zamanda Dövlət Komissiyasının təşkil etdiyi profilaktik, beynəlxalq və digər tədbirlər barədə mütəmadi olaraq geniş məlumatlar verilmiş, səhifənin daimi olaraq yenilənməsi və təbliği istiqamətində müvafiq işlər həyata keçirilmişdir. Dövlət Komissiyasının İşçi Qrupu BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin narkotiklərə qarşı ümumdünya hesabatı çərçivəsində hazırladığı məlumat-təbliğat yönümlü sənədlərlərindən istifadə olunmaqla, Azərbaycan Respublikasında qanunsuz dövriyyədə olan və narkomanların gündəlik qeyri-tibbi yolla istifadə etdikləri narkotik vasitələrin, psixotrop maddələrin ümumi təsviri, istifadəçilərə təsiri, törətdiyi ağır nəticələr və riskin digər növləri haqqında ətraflı məlumatları özündə əks etdirən “Narkotiklər haqqında həqiqəti bilin” adlı Azərbaycan və rus dillərində yaddaş kitabçası hazırlanmışdır.

  Eyni zamanda Dövlət Proqramının müvafiq bəndlərinin icrası ilə əlaqədar pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar üçün narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası məqsədi ilə yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri, metodik materiallar, həmçinin bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə yeni çap məhsulları hazırlanmışdır.

  İşçi Qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar, təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları və valideynlər üçün “Övladlarımızı və gələcəyimizi narkomaniyadan qoruyaq” adlı yaddaş kitabçası, “Narkotiklər haqqında həqiqəti bilin” metodik materiallar təşkil olunan təşkil edilən bütün maarifləndirici tədbirlərdə kütləvi şəkildə paylanılması təmin edilmişdir

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2012-ci il tarixli 1 nömrəli Sərəncamının tələblərinə uyğun olaraq, Dövlət Komissiyasının sədrinin müvafiq göstərişlərinə əsasən İşçi Qrupunun təşkilatçılığı ilə ötən ilin may və dekabr aylarında müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən Bünyad Sərdarov adına Maşınqayırma Zavodunun inzibati ərazisində 424 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 902 kq-dan (əlavə olaraq 6277 ədəd çətənə kolu) artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma yolu ilə məhv edilmişdir.

  Dövlət Proqramının müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar sağlam həyat tərzinin təbliği, asudə vaxtın təşkili məsələlərinə diqqətin artırılması və gənclər arasında antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü ilə cari il ərzində futbol üzrə idman yarışının keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” şüarı adı altında təşkil olunacaq idman tədbirində əsasən gənclərdən ibarət 16 komanda birincilik uğrunda mübarizə aparacaq, eyni zamanda turnir çərçivəsində iştirakçılar arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat işinin aparılması da planlaşdırılmışdır.

Fəqan Şahverdiyev, 
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri




Viewed: 967