Narkotiksiz gələcək naminə

  Bu gün bəşəriyyəti düşündürən ən ağır problemlərdən biri cəmiyyətin ciddi bəlasına, təhlükə mənbəyinə çevrilən narkomaniya və narkobiznesdir. “Narkomaniya” və “ölüm” sözləri bu gün artıq insanların təsəvvüründə sinonim sözlərə çevrilib. Narkomaniya dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır. Bütün dünyada narkotizmin yayılmasının qarşısının alınmasında dünya dövlətləri BMT-nin qəbul etdiyi üç əsas Konvensiyanın ətrafında sıx birləşərək vahid mübarizə metodları hazırlamaqla bu dəhşətli bəlanın qarşısının alınmasında birgə səy nümayiş etdirirlər. O da məlumdur ki, narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarətində saxlamaq məqsədilə BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib. Ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək istiqamətində səylərini artırırlar.

  Narkomanlığın və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin ölkəmizin iqtisadiyyatına, ictimai asayişə, insanların sağlamlığına, mənəviyyatına, psixologiyasına, intellektinə vurduğu ziyanı hesablamaq mümkün deyil. Azərbaycan müstəqillik əldə etdikdən, daha dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər problemlər kimi narkomaniyaya qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyi də önə çəkilmişdir. Ümummilli lider Heydər Əliyev bu istiqamətdə müvafiq fərman və sərəncamlar imzalamış və problemin həlli ilə bağlı keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizənin əsası qoyulmuşdur. Təbii ki, bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi hal almasının qarşısının alınmasına dəstək ola bilərlər. Qeyd edilən qanunla Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qadağan edilmişdir. Ulu öndər Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə “2000-2006-cı ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram” qəbul edilmişdir. Bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır. 2001-ci ildə Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” Regional Yardım Proqramı fəaliyyətə başlamışdır. 2001-ci ildə Milli Məclis tərəfindən “Narkoloji xidmət və nəzarət haqqında” Qanun qəbul edilmişdir. Son 12 ildə də Azərbaycan dövləti daim ölkə ərazisində narkomaniya və narkobiznesə qarşı mübarizədə uğurlar əldə etmək üçün bütün adiyyəti strukturların fəaliyyətinin əlaqələndirilməsinin başlıca meyar olduğunu qeyd edir, narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirləri sistemli şəkildə həyata keçirir. Belə ki, 2005-ci ildə görülən işlərin məntiqi davamı kimi beynəlxalq qurumların tövsiyələrinə, Azərbaycanın qoşulduğu Konvensiyaların müddəalarına uyğun olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun Milli Məclisdə qəbul olunmuş və Prezident İlham Əliyev tərəfindən təsdiqlənmişdir. Bu Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir. Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin alınması, saxlanması, satılması, əldə edilməsi, paylaşdırılması, daşınması, göndərilməsi, istifadə edilməsi, onların dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir. Bununla yanaşı, ölkədə hüquq mühafizə orqanları səviyyəsində də narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı lazımi mübarizə aparılır. Dövlət başçısı İlham Əliyevin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə uzrə (2007-2012-ci illər) Proqram”ın uğurlu icrası yeni proqramın qəbulunu zərurətə çevirdi. Belə ki, “2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı” qəbul olundu və sənəddən irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərilir, atılan addımlar davamlıdır. Təbii ki, yeni Proqramın icrasında da məqsəd ölkə əhalisinin sağlamlığının qorunması üçün ciddi təhlükə olan, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən narkotik maddələrin ölkəmizə idxalının qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsidir. Qeyd etdiyimiz kimi, bu mübarizə Azərbaycan Respublikası Cinayət Məcəlləsində də öz əksini tapıb. Sənəddə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi cinayətlərə aid edilmiş, bu cür neqativ hallara qarşı mübarizəni əhatə edən hüquqi baza, tədbirlər planı təkmilləşdirilmişdir.

  Qeyd edək ki, narkotizmlə və narkobizneslə mübarizədə regional və beynəlxalq əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi səmərəli addımlardan biri hesab olunur. Bu baxımdan Azərbaycanın narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizəyə həsr olunan beynəlxalq konfranslara ev sahibliyi etməsi təbii ki, ölkəmizin bu əməkdaşlığa, birgə səylərin göstərilməsinə nə qədər böyük önəm verdiyini nümayiş etdirir. Keçirilən tədbirlərdə Azərbaycanın müstəqillik tarixində narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizənin həmişə diqqət mərkəzində olması, bu sahədə təkmilləşdirilmiş normativ hüquqi bazanın mövcudluğu, çoxsaylı milli qanunvericilik aktalarının qəbul olunması, ölkəmizin BMT-nin konvensiyalarına qoşulması qeyd edilmiş və yüksək qiymətləndirilmişdir.

  Bir əsas məqamı da qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin digər dövlətlərə narkotik maddələrin güclü axını həyata keçirilir. Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunur. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisinin narkoişbazlar üçün cəlbedici olması ölkəmizdə bu istiqamətdə ciddi mübarizə aparılmasını tələb edir ki, bu da hər bir şəxsin öz sahəsində narkomaniya və narkobiznesə qarşı vicdanla mübarizə aparması nəticəsində mümkündür. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan Dağlıq Qarabağın nəzarətsiz zona olduğunu, terror yuvasına çevrildiyini bəyan edib.

  Göründüyü kimi, ölkəmiz bu bəlaya qarşı mübarizədə səylərini artırır, narkomaniyanın bu və ya digər sahələrdə yaratdığı fəsadların aradan qaldırılması üçün konkret tədbirlərin həyata keçirilməsini daha da sürətləndirir. Narkotikləri istər qəbul etmək, istər gətirmək, istərsə də satmaq cinayət tərkibli əməldir. Əgər hər hansı bir cinayət tərkibli əməldə ilbəil artım varsa və bu, getdikcə gəncləri və yeniyetmələri daha çox özünə cəlb edirsə, onun qarşısının alınması yolunda profilaktik tədbirlərin görülməsi mütləqdir, əsas çağırışlardandır. Problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Bununla əlaqədar olaraq bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaşlıq borcudur. Bu proqramlarda əksini tapan tədbirlər sırasında təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi maarifləndirmə işinin gücləndirilməsinə öz müsbət təsirini göstərir.

  Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında hər zaman bu reallıq öz əksini tapır ki, həyata keçirilən siyasətin əsasında vətəndaş amili dayanır. İnsanların təhlükəsiz, əmin-amanlıq, sağlam şəraitdə yaşaması əsas məsələlərdəndir. Bu fikir də önə çəkilir ki, Azərbaycanın gələcəyi olan gənclərin düzgün istiqamətləndirilməsinə, öz potensial imkanlarını ortaya qoymalarına xüsusi diqqət yetirilməlidir. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Həmçinin bu da qeyd edilmişdir ki, Azərbaycan gəncliyi sağlam düşüncəli, müasir dünyagörüşlü, vətənpərvər gənclərdir. Gəncləri mənfi meyillərdən qorumaq istiqamətində davamlı tədbirlər həyata keçirilir. Qeyd edək ki, gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri məhz sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Azərbaycan gəncliyinin inkişafına xidmət edən Dövlət Proqramlarının müddəalarında da bu kimi tələblər öz əksini tapıb. Təbii ki, hər bir qurum üzərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfəsini vermiş olar.

  Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan rayonların hər birində narkomaniyanın sağlam həyat üçün nə qədər böyük təhlükə olduğunu təbliğ edən silsilə tədbirlərin keçirilməsində də əsas məqsəd maarifləndirmə işinin səviyyəsini yüksəltməkdir. Daim qeyd etdiyimiz kimi, hər bir məsələnin həllində, mövcud problemlərin çözülməsində təbliğat işi əhəmiyyətli rol oynayır. Bu iş elə səviyyədə həyata keçirilməlidir ki, gündəmə gətirilən məsələnin aktuallığı, ümumi yanaşmanın ortaya qoyulmasının mütləqliyi daha aydın dərk olunsun. Narkomaniyaya qarşı mübarizə bütün dövrlərdə aktual olub, onun fəsadları dolğun şəkildə ictimaiyyətə çatdırılıb. Gənclərin asudə vaxtlarının yüksək səviyyədə təşkili də bu istiqamətdə zəruri olan tədbirlər sırasındadır. Daha çox gənclər və yeniyetmələr ona görə önə çəkilir ki, onların təsir mühitinə düşmələri bir qədər asandır. Bunun üçün məktəblərdə müxtəlif məşğələlərin təşkili, “Narkomaniyaya “yox” deyək” adlı aksiyaların, elmi-praktiki konfransların keçirilməsi, tədris-təlim proqramlarına narkomanlığın sağlamlığa mənfi təsiri ilə bağlı mövzuların daxil edilməsi, kütləvi idman tədbirlərinin keçirilməsi üçün müvafiq şəraitin yaradılması, əyani təbliğat vasitələrindən daha geniş şəkildə istifadə olunması və s. kimi mühüm addımların ictimai fikrə təsir imkanları genişdir, gənclərin və yeniyetmələrin sağlam ruhda, heç bir təsirə düşmədən düzgün istiqamətlənmələrində rolu inkaredilməzdir. Qeyd etdiyimiz kimi, keçirilən tədbirlərin mövzuları çağırış xarakterli olduqda bu gəncləri daha çox düşünməyə vadar edir. Təbii ki, bu kimi tədbirlərin təşkilində Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Bakı Şəhər Baş Polis İdarəsinin, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin və Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin rolunu xüsusi qeyd etmək lazımdır. Ümumtəhsil məktəblərində təşkil olunan tədbirlərdə, “dəyirmi masa”larda narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu özündə əks etdirən mövzular ətrafında geniş fikir mübadiləsi aparılır, orta məktəblərdə inşa yazı və rəsm müsabiqələri təşkil olunur, gənclərin bu təhlükəli cinayətlə bağlı fikir və mülahizələri öyrənilir.

  Maarifləndirmə işinin əhəmiyyətindən bəhs etdik. Təbii ki, bu sahədə ictimai fikrə təsir imkanları böyük olan mətbuatın rolunu da xüsusi qeyd etməliyik. Keçirilən tədbirlərin, eyni zamanda bu sahədə aidiyyəti qurumların gördüyü işlərin və əldə olunan uğurlu nəticələrin, həmçinin prioritetlərin mətbuat səhifələrində işıqlandırılması heç şübhəsiz ki, qarşıya qoyulan məqsədə əhəmiyyətli təsir göstərir. Təqdirəlayiq haldır ki, hər bir aidiyyəti orqanın gördüyü işlərin hesabat xarakterli məcmusu mütəmadi olaraq kütləvi informasiya vasitələrinin səhifələrində yer alır. Bu, təbii ki, özlüyündə birgə işin səmərəliliyinə təsirsiz deyil. “Narkomaniya və müasir gənclik”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”, “Narkomaniyaya qarşı hamılıqla mübarizə”, “Narkomaniya nədir?”, “Zərərli vərdişlərə yox deyirik”, “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat” və s. kimi çağırış xarakterli mövzularda təşkil olunan tədbirlərin əhatə dairəsi daha da genişlənir.

  Onu da qeyd edək ki, rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə və Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların ləğvi üzrə Rayon komissiyaları dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə (2007-2012-ci illər) Proqram”ın davamı olaraq “2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nda nəzərdə tutulan müddəaların icrasına öz töhfələrini verməyə çalışırlar. Daim qeyd olunduğu kimi, birgə səylər qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa stimul verir. Ümumiləşdirmiş şəkildə qeyd etsək, narkomaniyaya və narkobiznesə qarşı mübarizəni gücləndirək ki, sağlam, təhlükəsiz gələcəyimizə təminatı daha da möhkəmləndirək.

Böyükağa Mirhəşimov,
Bakı Şəhər İcra Hakimiyyətində Narkomaniyaya Qarşı
Mübarizə Komissiyasının katibi




Baxılıb: 1718