Narkomaniya insanın mənəviyyatını məhv edir, “canlı ölü”yə çevirir

  Müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. Əvvəllər narkotikdən istifadə təhlükəsi bir neçə ölkə qarşısında dururdusa, artıq vətəndaşlarının narkotizasiyasının acı nəticələrini hiss etməyən ölkə tapmaq demək olar ki, mümkün deyildir. Vaxtilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəliliyinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya yoluxucu xəstəlik kimi insanlar, xüsusən də gənclər arasında yayılmış, öz ərazisini genişləndirmiş, yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxmışdır. 
  Narkomaniyanın (yunan sözüdür, narke - yuxu, bihuşluq, mania - cəzb etmə, ağılsızlıq) etiologiyası və məişətə daxil olması tarixi ilə maraqlansaq eramızdan neçə minillik qabağa gedib çıxarıq. Narkotik maddələrin xeyirxah məqsədlər üçün istifadə edilməsi tarixini isə dəqiq söyləmək çox çətindir. 
  Narkomanlıq-xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və ya fiziki asılılıqla ifadə olunan xəstəlikdir. 
Psixi asılılıq sindromuna narkotik vasitələrə psixi (obsessiv) meyilin olması və intoksikasiya zamanı psixi komfortun əldə olunması aiddir. Psixi meyil daimi narkotik haqda fikirlər, narkotik qəbulu zamanı əhval-ruhiyyənin artması, əks halda isə narazıçılıq, əzginlik hissi ilə müşahidə olunur. Meyil xoşagəlməz həyəcan, narkomanlarla görüş, narkotiklər haqqında söhbət etdikdə güclənir.
  Obsessiv meyil ilkin simptomlardan biri olmasına baxmayaraq, uzunmüddətli, cətin aradan qalxan simptomdur. Xəstəliyin inkişafı ilə əlaqədar meydana çıxan daha güclü simptomlar (kompulsiv meyil, abstinent sindromu) fonunda psixi meyil arxa plana keçir.
  Fiziki (kompulsiv) meyil narkomaniyanın əsas əlamətlərindən biri olub narkotizasiyaya güclü meyil ilə müşahidə olunur. Meyil yüksək intensivlikdə olub, hətta həyati vacib meyillərdən olan susuzluq və aclıq hissini də üstələyir. Kompulsiv meyl nəinki əhval-ruhiyyəni və affektiv fonu təyin edir, həmçinin davranışı, digər motivlərin aradan qaldırılmasını kontrol edir. Xəstələrin hərəkət və davranışlarını motivasiya edir. Bu zaman bütün istəklər narkotik vasitə əldə etməyə yönəlir.
  Abstinent sindrom narkomaniyanın bütün formalarında meydana çıxmır, formalaşma uzun müddət ərzində baş verir. Sonuncu narkotik qəbulundan bir neçə müddət sonra əmələ gəlir. Abstinent sindromun tam formalaşması narkotizasiyanın formasından asılıdır: abstinent sindromun ləng formalaşması alkoqolizmdə, tez formalaşması həşiş narkomaniyasında, daha qısa müddət ərzində isə opioidlərin istifadəsi zamanı baş verir. Abstinent sindrom narkotik vasitədən formalaşmış fiziki asılılığın göstəricisidir. 
  Millətin sağlam həyat tərzi üçün təhlükənin yaranması narkotik maddələrin qəbulu və narkomaniyanın yayılmasıdır. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların qaraciyər və böyrəyin zəhərlənməsinə səbəb olur. Bu səbəbdən narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatit və QIÇS xəstəliyidir. 
  Hazırda dünyada 2 milyondan artıq narkoman var ki, onların bir qismini kişilər və qadınlar, digər qismini isə gənclər və uşaqlar təşkil edir. Gənclərdə üzə çıxan narkomaniyanın əsası yeniyetməlik dövründən başlayır. 
  Yeniyetmə yaş dövrü bütün uşaq yaş dövrlərinin ən çətin və vacib mərhələsini təşkil edir. Çünki onun tərkibinə şəxsiyyətin qurulması dövrü daxil olmaqla uşaqlıq və böyük yaş dövrü arasında keçid mərhələsini əhatə edir. İlk əlamətlərindən tam qurulana qədər cinsi yetişmə prosesini daxil etməyinə görə, yeniyetmə yaşı pubertat dövrü adlanır. Yeniyetmə yaşı sosial psixoloji cəhətdən keçid, dönüş yaşıdır, çünki bu dövrdə xasiyyətin formalaşması, yəni şəxsiyyətin əsaslarının formalaşması baş verir. Çoxları bu yaşı “çətin”, kritik yaş adlandırır. Çünki valideynlik himayəsindən müstəqilliyə keçid, xasiyyətin qurulması - bunların hamısı şəxsiyyətin zəif tərəflərini açır, onu çox zəif, mühitin xoşagəlməz təsirlərinin və zərərli adətlərin (siqaret çəkmə, alkoqol, toksikomaniya və s.) meyilliliyinin təsiri altına düşən edir.
  Şəxsiyyətin inkişafının yeniyetmə mərhələsində ən vacib psixoloji yenilik şüurun formalaşması, özünü dərk etmək və xüsusiyyətlərini qiymətləndirmək cəhdi ilə müəyyən olunan Mən-konsepsiyasının dəyişilməsidir. Yeniyetmə yaşda uşaqlara xas olan konkret-obrazlı təfəkkür tədricən öz yerini abstrakt təfəkkürə verir, şəxsiyyətin iradi və iş xüsusiyyətlərinin formalaşması baş verir. 
  Lakin buna baxmayaraq, bu yaşda intellektual, şəxsi planda ziddiyyətlər və həmçinin fərdlərarası münasibətlərdə differensiasiya və seçmə qabiliyyəti, əhvalın kəskin dəyişilməsi, ekzaltasiyadan subdepressiv vəziyyətlərə tez keçmələr özünü göstərir. Yeniyetmə yaşında onun çatışmazlıqlarına deyilən iradlar və ya onun müstəqilliyini sıxışdırmaq cəhdləri zamanı yeniyetmədə sürətli affektiv reaksiyalar yaranır. Bu da onların davranışlarında antisosial və deiant istiqamətin əmələ gəlməsinə səbəb olur. 
  Narkomaniyaya meyilliliyin yaranması ilə əlaqədar yeniyetmənin şəxsiyyətində, motivasiya-tələbat strukturunda əhəmiyyətli dəyişikliklər baş verir. Narkotiklərə meyilli olan yeniyetmələrdə iradə kimi xüsusiyyət, həmçinin dəyişikliyə məruz qalır. Qətiyyət ancaq narkotikin qəbuluna istiqamətlənən birtərəfli məna alır. 
  Narkotik qəbul edən yeniyetmənin kriminal meyilləri xüsusən təhlükəlidir. Belə ki, neqativ psixiki kənarlaşmaların xüsusən ağırlaşması onun yaş xüsusiyyətləri, xarakterin zəifliyi, yüksək emosional vəziyyəti, mənəvi özünənəzarətin olmaması ilə şərtlənir. Beləliklə, eyforiya vəziyyətində yeniyetmələr yaşlılara nəzərən hüquq pozuntularına daha çox meyilli olurlar. Düzgün olmayan sosial-mənəvi istiqamətlənmə nəticəsində, narkotik eyforiya və ya abstinensiya vəziyyətində olan yeniyetmə tərəfindən törədilən hüquqpozuntuları və ya cinayətlər çox zaman motivsiz, mənasız xarakter daşıyır, bəzən vandalizm doğurur, bir sıra hallarda xüsusi qəddarlığı ilə fərqlənir.
  Narkomaniyanın ictimai təhlükəliliyi insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasında, onlarda ruh düşgünlüyünün, intellektual səviyyənin, ictimai fəallığın aşağı düşməsində, sosial əlaqələrin daralmasında və parçalanmasındadır. Narkotiklərdən istifadə nəticəsində psixi xəstəliklərə düçar olan, cəmiyyətdə tüfeyli həyat sürən narkomanlar tərəfindən ictimai təhlükəli əməllərin, o cümlədən cinayət əməllərinin törədilməsi hallarına tez-tez rast gəlmək olur. Buna görə də narkomaniyanı kriminogen amil hesab etmək olar. Məhkəmə-istintaq təcrübəsində narkotik eyforiya və ya abstinent sindrom vəziyyətində narkomanların ən müxtəlif xarakterli cinayətlər törətməsi barədə çoxsaylı faktlar vardır. Bütövlükdə narkotizmlə cinayətkarlıq arasında qarşılıqlı əlaqənin və bunlar arasında bilavasitə asılılığın olması artıq heç kimdə şübhə doğurmur. Qiyməti çox baha olan və durmadan artan narkotiklərdən asılı vəziyyətə düşən narkoman, narkotik vasitələr almaq üçün vəsait əldə etmək məqsədilə “cinayət törətməyə yüksək hazırlıq vəziyyətində” olur. Narkotik vasitələrin qəbuluna ehtiyac gücləndikcə, onun davranışının kriminal səbəbi artır. Narkomanın eqoizmi, onun bütün niyyət və hərəkətləri hər hansı bir yolla onun üçün zəruri olan narkotik dozanın əldə edilməsinə yönəldilir və onu hüquqazidd hərəkətlərə sövq edir. Bu halda narkomaniyanın xüsusi təhlükəliliyi narkotiklərdən istifadənin yalnız şəxsiyyəti məhv etməsindən deyil, həmçinin narkomaniyanın özünün cinayətlər törədilməsinin səbəblərindən biri kimi çıxış etməsindən ibarətdir.
  İlk növbədə, insanın psixikasına narkotiklərin dağıdıcı, pozucu təsiri çox zaman güclü qısqanclıq, seksual patologiya doğurur ki, bu da bir sıra hallarda zorlamaya gətirib çıxarır. Bir çox hallarda qadın narkomanların özləri seksual manyakların, digər cinayətkarların qəsd obyektlərinə çevrilirlər.
Çoxlarında narkotik vasitələrin təsirindən iradə və şüurun zəifləməsi baş verir, onlarda rəzil, alçaq instinktlər doğurur, həddən artıq qısqanclıq, təcavüzkarlıq, sadizm yaranır ki, bunlar da adamöldürmə, sağlamlığa ağır zərər vurma və digər həyat və sağlamlıq əleyhinə cinayətlərin sövqedici motivləri olurlar.
  Çox zaman tamah-zorakı xarakterli kriminal əməllər narkotik aclığın (abstinensiyanın) təsiri altında törədilir ki, məqsəd də bu halda belə aclığı, yanğını aradan qaldırmaq, qarşısını nə yolla olursa-olsun almaqdan ibarətdir. 
Narkomanlıq cinayətkarlıqla və sosial kənarlaşmaların digər növləri ilə sıx əlaqədardır. Narkomanlar arasında aparılan araşdırmalar göstərir ki, narkomanların çoxu gec-tez cinayətkarlıq yoluna qədəm qoyurlar. Məhkum olunmuş narkomanlardan rəyi soruşulanların çoxu narkotik maddə almaq üçün oğurluq etmişlər. Narkomanlar arasında ictimai qaydalar və ictimai təhlükəsizlik əleyhinə cinayətlərin xüsusi çəkisi yüksəkdir, həmin cinayətlərin böyük bir qismi xuliqanlığın payına düşür. Narkomanların törətdikləri cinayətlərin bir hissəsi narkotik aclıq vəziyyətində edilir, lakin həmin şəxslər narkotik maddələrin təsiri altında heç də az təhlükəli deyillər. Narkomanların adam öldürməsi və sair ağır cinayətlər törətməsi hallarına kifayət qədər rast gəlmək olar.
  Narkomaniya zəminində törədilən və tamah xarakteri daşıyan cinayətlərə narkotiklərin istehsalından, alverindən və narkotiklərlə bağlı digər qeyri-qanuni əməliyyatlardan böyük miqdarda qazanc əldə etmək məqsədi güdən ictimai təhlükəli əməlləri də aid etmək olar. Belə ki, alkoqoldan fərqli olaraq, narkotik qəbul etməklə müvəqqəti həzz alma nəticəsində adamda narkotik vasitənin təkrar istehlakı üçün güclü ehtiyac yaranır. Daha sonra, narkotiklərə vərdiş və onları daha böyük dozada qəbul etmək, yaxud daha güclü təsirə malik narkotik maddələri dadmaq arzusu baş qaldırır. Tədricən insan narkotiklərdən asılı vəziyyətə düşür, narkomaniya xəstəliyinə tutulur, bir qayda olaraq, şəxsiyyət kimi tənəzzülə uğrayır. Zəhmətsiz gəlir əldə etmək naminə, hətta insan fəlakəti üzərində varlanmaqdan belə çəkinməyən, narkotik vasitələrin satışı bazarını genişləndirmək üçün narkotik istehlakına daha çox adam cəlb etməyə çalışan narkoişbazlar narkotik vasitələrin insan orqanizminə bu cür təsirindən sui-istifadə edirlər. 
  Narkomanların şəxsi keyfiyyət və xüsusiyyətləri, iradə zəifliyi, öz hərəkətlərini nəzarətdə saxlama bacarığının zəifləməsi, hərəkətlərini və əməllərini tənqidi cəhətdən qiymətləndirməyi bacarmamaları cəmiyyətəzidd davranış variantının seçilməsini asanlaşdırır, yalançılığa və riyakarlığa gətirib çıxarır ki, bu da onlar tərəfindən narkotikləri əldə etmə mənbələri, yəni yoldaşları (xüsusən də narkoticarətçilər) haqqında ifadə verməkdən imtina etmə və ya bilərəkdən yalan ifadə vermə və s. kimi ədalət mühakiməsi əleyhinə cinayətləri doğurur. 
  Narkomaniyanın faciəvi, qorxunc nəticələrindən danışarkən yaddan çıxartmaq olmaz ki, narkomaniya, ilk növbədə, adamlarda insanlığı məhv edir, onu şüursuz bir varlığa, kimliyi, yeri-yurdu, nəsli bəlli olmayan, özünün insan olduğunu dərk etməyən “canlı ölüyə” çevirir.
  Bəşəriyyət qarşısında duran mürəkkəb və çoxaspektli, hüquqi, sosial, mənəvi, iqtisadi, tibbi və psixoloji xarakterli arzuolunmaz neqativ nəticələrə gətirib çıxaran narkomanlıq Azərbaycanda da aktual olaraq qalır. Narkomaniyaya qarşı mübarizə tədbirləri nə qədər gücləndirilsə də o, yoluxucu xəstəlik kimi yayılmaqda davam edir. 
  Qeyd edilməlidir ki, respublikamızda narkomaniya ilə mübarizə sahəsində heç də az iş görülməmişdir, lakin bununla qətiyyən kifayətlənmək və arxayınlaşmaq olmaz. Cəmiyyətimizin, ayrı-ayrı ictimai birlik və təşkilatların ən müxtəlif dövlət strukturlarının, xüsusən də hüquq-mühafizə orqanlarının bu istiqamətdə səylərinin birləşdirilməsi və gücləndirilməsi əsas amildir. 
  Çünki yerləşdiyi geosiyasi məkana görə narkobizneslər Azərbaycana daha çox meyillidirlər. Onlar ölkəmizi narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün münasib dəhliz hesab edirlər. Odur ki, bu cür cinayətkarlığa qarşı mübarizə gündən-günə daha təsirli, peşəkar aparılır. Hüquq-mühafizə orqanlarının keçirdikləri uğurlu əməliyyatlar daim ictimaiyyətə açıqlanır.
  Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi narkotik vasitələr sahəsində ən müasir avadanlıqla təchiz edilmiş, elm və texnikanın son nailiyyətlərinin və yeni texnologiyaların tətbiqi nəticəsində hər il məhkəmə və istintaq orqanlarının yüzlərlə sualı cavablandırılır.
  Regionlarda fəaliyyət göstərən məhkəmə və hüquq-mühafizə orqanlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ekspertizasının keçirilməsində rastlaşdıqları çətinlikləri aradan qaldırmaq, onların həmin xidmətlərə əlçatanlığını asanlaşdırmaq və bu işdə operativliyi təmin etmək məqsədilə nazirliyin Ekspertiza Mərkəzinin Gəncə, Şirvan və Şəki regional bölmələri yaradılmışdır. Yeni bölmələr ixtisaslı kadrlarla komplektləşdirilmiş və müasir avadanlıqlarla təchiz edilmişdir. 
  Bundan başqa, narkotik vasitələrin tərkibində olan kənar qarışıqların tədqiqi üsulları, narkotiklərin ekspert tədqiqatının elmi-metodiki və prosessual əsasları, beynəlxalq nəzarətdə olan narkotik vasitələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin diaqnostikası və müasir tədqiqat üsulları, yüngül təsirə malik olan narkotik bitkilərin tədqiqat metodikası, amfetamin sırasına aid olan stimuləşdirici və yeni psixoaktiv maddələrin tədqiqi, bitki mənşəli narkotik vasitələrin məhkəmə ekspertizasının bəzi xüsusiyyətləri və digər mövzularda elmi-tədqiqat işləri yerinə yetirilmişdir. 
  Həmçinin ekspertizaların təyini, aparılması və ekspert rəyinin qiymətləndirilməsi üzrə məhkəmə və istintaq orqanlarına daim metodik tövsiyələr verilmiş, ali məktəb tələbələri, hüquq-mühafizə orqanlarının işçiləri narkotik vasitələr tədqiq edilən laboratoriyaların müasir imkanları ilə yaxından tanış olmuşlar.
  Eyni zamanda narkomaniyaya düçar olmuş şəxslər üçün tibb xidmətinin yaxşılaşdırılması, məhkəmənin hökmü ilə barələrində məcburi müalicə tətbiq edilmiş şəxslərin müalicəsi və onların cəmiyyətə sağlam qaytarılması istiqamətində addımlar atılmışdır. 
  Bu səbəbdən penitensiar sistemdə narkomaniyadan əziyyət çəkən məhkumlara tibbi yardımı təmin etmək məqsədilə cəzaçəkmə müəssisələrində həkim-narkoloqların sayı artırılmışdır. 2015-ci ildə 7 yeni həkim-psixiatr-narkoloq ədliyyə orqanlarına xidmətə qəbul edilmişdir.
r Davamı 5-ci səhifədə
r Əvvəli 1-ci səhifədə
  Narkomaniyaya görə məcburi müalicənin operativliyini təmin etmək üçün müalicənin cəzaçəkmə müəssisələrinin Tibb-sanitar hissələrində həyata keçirilməsinə başlanılmış, qiymətləndirmə Həkim-Məsləhət Komissiyasının səyyar iclaslarında yerlərdə aparılmışdır. 2015-ci ildə Komissiyanın 106 səyyar iclası keçirilmişdir. Təqdim edilmiş 996 narkoloji xəstə-məhkumun 924-nə məcburi müalicənin davam etdirilməsinə zərurətin aradan qalxdığı barədə tibbi rəy verilmişdir. Eyni zamanda, komissiyalarda 3-ü ağır xəstə, 54-ü əlil, 12-si altmış yaşdan yuxarı olduğu üçün məcburi müalicənin tətbiq edilə bilinməməsi barədə, 3 nəfərinin isə məcburi müalicəsinin tamamlamaq mümkün olmadığına görə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi barədə müvafiq tibbi rəylər verilmişdir. Məhkum və həbs olunmuş şəxslərdə narkotik maddə qalıqlarının aşkarlanması məsələlərinin qanuni əsasının təmin olunması üçün mövcud qanunvericilyə dəyişiklik və əlavələrin edilməsi barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən təkliflər verilmişdir. 
  Penitensiar sektorda narkoloji xəstələrə dezintoksikasion, simptomatik, vitaminoterapiya, nootroplarla, hepatoprotektorlarla müalicə, həmçinin fərdi psixoterapiya müalicəsi aparılır. Istintaq təcridxanalarında aşkar edilən bütün abstinensiya halları zamanı həbs olunmuş şəxslərə tələb olunan tibbi yardımlar göstərilir. Cəzaçəkmə müəssisələrində müxtəlif mövzularda (“Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “İİV (İnsanın immun çatışmazlığı virusu)-İİV infeksiyası xəstəliyinin törədicisidir”, “AİDS/QİÇS! Nə etməli?”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Dozanı aşma”, “İİV/QİÇS nədir?”, “İİV-lə yaşamağı öyrən”, “” Hepatit B/C nədir?” və s.) bukletlər və broşürlər paylanılmış, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkomanlığın cəmiyyətə və insan sağlamlığına vurduğu ziyanı özündə əks etdirən “Mayak” adlı film nümayiş etdirilmişdir.
  Penitensiar Xidmətin 21 cəzaçəkmə müəssisələrinin Tibb sanitar hissəsində yaradılmış “Sağlamlıq otaqları”nda narkomanlara qrup və fərdi şəkildə müxtəlif mövzularda (narkomaniya, qanla yoluxan xəstəliklər, riskli davranışlar, vərəm və s.) maarifləndirici filmlər numayiş etdirlimiş, “Gənclər İnkişaf naminə” qeyri-hökumət təşkilatının psixoloqları tərəfindən narkomanlara və “İİV/QİÇS-ə yoluxmuş məhkumlara psixoloji yardım göstərilmişdir.
  Qeyd etmək lazımdır ki, respublikamızda antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, bu xəstəliyə düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin daha da təkmilləşdirilməsi, bu sosial bəladan qurtulmaq istiqamətində müsbət nəticələrə nail olmaq məqsədilə əhali, o cümlədən məhkumlar arasında məqsədyönlü işlər həyata keçirilir. 
  Ekspert təcrübəsinə əsasən hesab edirik ki, 12 yaşdan 15 yaşa qədər olan yeniyetmələrin psixikası zərərli meyillərə xüsusi ilə həssasdır. Məhz bu dönüş yaşda, ailədə olan oğlan və ya qızlar valideynlərlə əlaqələrini zəiflətməyə çalışırlar. Bəzi hallarda valideynlərin məsləhətlərinə zidd getməyə başlayırlar, öz həyəcanlarını gizlədirlər, sərt və aqressiv olurlar. Bununla bərabər yeniyetməlik dövründə xəyalpərəstlik, qətiliyə və yetişməmiş emosional hərəkətlərə meyllilik əlamətləri də özünü göstərir. Yeniyetmə yaşında psixikanın bu xüsusiyyətləri isə narkomaniyanın inkişafı üçün əlverişli zəmin yaradır. 
  Xasiyyətin anomaliyaları ilə bərabər, yeniyetmə-narkomanlarda tez-tez tərbiyə defektləri üzə çıxır. Məhz səhv tərbiyə yeniyetmələrin narkotiklərə qoşulmasının əsas səbəblərindən biridir. 
  Ontogenezin yeniyetmə mərhələsində narkotik maddələrə qoşulmaq üçün səbəb yaradan ən vacib psixoloji amillərindən biri yeniyetmənin yaşadığı xoşagəlməz sosial-məişət mühitidir. Belə ailələrə ər-arvad arasında emosional-şəxsiyyət əlaqələrinin pozulduğu, uşaqları diqqətdən, qayğıdan, valideyn nəvazişindən və sevgisindən məhrum edən, ilk növbədə karyera, pul, maddi təminat, sonra isə uşaq və onun maraqları güdən ailələr aiddir. 
  Narkotiklərə qoşulmağa başlamış yeniyetmə, öz əqli və idrak bacarıqlarının, maraqlarının itirilməsindən başqa tam mənəvi tənəzzül edir. Çünki həmin yeniyetmələrdə müsbət maraqların və meyillərin əvəzinə gəlmiş maraqlar onların bütün mənfi ifadələri ilə onun psixi proseslərini reqressə (yəni, müsbətdən mənfiyə) tərəf inkişafa sürükləyir. Belə yeniyetmələrdə əqli və intellektual bacarıqların pozulması, təhsilə həvəssizlik, əxlaqın aşağı düşməsi, dərs fənlərini mənimsəmək bacarığının olmaması, anlaqlı dərk etmə bacarığının və yaddaşın itirilməsi, aqressivlik elementləri ilə ümumi narahatlığın və əsəbiliyin üstünlük təşkil etməsi müşahidə olunur.
  Hesab edirik ki, narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın rolunu başa düşmələri olduqca mühümdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, narkomaniyanın profilaktikası qarşılıqlı inam olan ailədə mümkündür.
  Ailədə narkomaniyanın profilaktikasının yalnız söhbət formasında aparılması həmişə müsbət nəticə vermir. Böyüklər tez-tez səhvlər edirlər, uşağın fikrinə hörmət etmirlər, ona qulaq asmırlar, amma uşaq səhv edəndə, adətən, onu cəzalandırırlar və çox vaxt ona niyə səhv etdiyini və bu səhvi aradan qaldırmağın yollarını başa salmırlar. Bu halda uşaq, yeniyetmə öz problemləri barədə yoldaşları ilə bölüşür və çox zaman yanlış məlumat alır. Ona görə də ailədə onların fikirlərinə, düşüncələrinə diqqətlə yanaşılmalı, onlarla nəinki valideyn, hətta dost səviyyəsində münasibət qurulmalıdır. Uşaqlara düzgün yol göstərilməli, dost seçimində məsləhət verilməli, hətta lazım gələrsə, şübhəli məqamlarda özlərindən xəbərsiz izlənmələri də məqsədəuyğun olardı.
Narkomaniyanın qarşısını almağın ən əlverişli yolu onun məktəblərdə profilaktikasını aparmaqdır. Məhz ən çox yeniyetmələr təhlükəli işlərə meyilli olduğundan buna görə də şəxsiyyətin formalaşdığı dövrdə bir sıra xəbərdarlıq yönlü fəaliyyətlərin aparılması vacibdir. Lazımi tərzdə yanaşma və təsirli informasiyalar verdikdə uşaqlar narkomaniya barədə öz fikirlərini formalaşdıra və ondan istifadənin nə kimi fəsadlar verə biləcəyi barədə düzgün biliyə malik olurlar. 
  Məktəbli azyaşlılar və yeniyetmələr arasında narkomaniyanın profilaktikası mütləq və aydın başa düşüləcək tərzdə olmalıdır. Narkomaniyanın profilaktikası yeniyetmələr tərəfindən çox ciddi qəbul olunmalı və birmənalı olaraq onlarda narkotiklərdən uzaq durma mövqeyini formalaşdırmalıdır. Narkomaniyaya qarşı profilaktika sistematik olmalı və kütləvi xarakter daşımalıdır. 
  Buna görə də narkomanlığa qarşı vaxtında aparılmış keyfiyyətli profilaktik tədbir çox vacibdir. Bu, profilaktika böyüməkdə olan gənc nəslə aid maarifçilik işinin ayrılmaz hissəsi olmalıdır. Yeniyetmələr arasında aparılan keyfiyyətli profilaktik iş narkotik istifadəçilərinin sayını azaltmaqla müsbət nəticələr verir, onları ailələrinə və cəmiyyətə qazandırır. 
  Müasir dünyada narkomaniya ona qarşı yeni mübarizə üsullarının yaranmasından daha sürətlə yayılır. Buna görə də bu bəla ilə sistematik profilaktik mübarizə aparılması çox vacibdir.
  Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev demişdir: “Coğrafi mövqeyindən, ictimai-iqtisadi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq, elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Məlumdur ki, narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir”. 
  Göründüyü kimi, bütün hallarda narkomaniya və narkobiznes təhlükəli cinayətlərdir. Odur ki, buna qarşı ümummilli mübarizə mütləq lazımdır. Bu mübarizə həyatımızı, gələcəyimizi, sərvətimizi, sağlamlığımızı, dövlətçiliyimizi qorumağa xidmət edir. 


Səbinə Qədirova,
Zemfira Məmmədova


Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası
Mərkəzinin əməkdaşları
 




Baxılıb: 41335