Narkomaniya sağalmaz xəstəlikdir

  Bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri narkomaniya və geniş anlamda narkotizmdir.

  Narkomanlığın tarixi qədimdir. Xaş-xaş qozasından alınan şirə tibbi məqsədlər üçün istifadə edilmişdir. Fransada “Həşişçilər məclisi”nin üzvü şair Şarl Bodler (1821-1867) “Süni cənnət” əsərində yazır: “Bilmirəm, həşişdən ölümcül zəhərlənmənin nəticələri ilə on illik təcrübədən keçmiş tiryəkçilərin süqutu arasında bərabərlik işarəsi qoymaq olar, ya yox, lakin mən təsdiq edirəm ki, onların biri sakitcə tovlayan (həşiş), digəri isə əndazə bilməyən iblisdir”. Yazıçı Lev Tolstoy deyirdi: “Mən dünyada iki böyük bədbəxtlik tanıyıram, bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır”.

  Yunanca yuxu mənasındakı “narke”dən gələn və ingilis dilinə “narkotik” olaraq keçən narkotik sözü, keyitmə xüsusiyyəti olan, keyidən, eşitməz hala gətirən deməkdir. Kimyəvi xüsusiyyətləri ilə canlı orqanizmlərin quruluşuna təsir edən, sui-istifadə halında isə cəmiyyət quruluşu üçün böyük ölçüdə təxribata səbəb olan bu maddələr həm də ictimai istiqamətdə iqtisadi və sosial çöküntü meydana gətirən maddələrdir. İlkin cəmiyyətlərdə, qəbilə ayinlərində, mərasimlərdə, meditasiya və dualarda psixo-aktiv maddələrdən geniş istifadə olunmuşdur. Hallusenogen maddələr ehtiva edən göbələklər, Astek, Mayya sivilizasiyalarında, Amanita Muskaria göbələkləri isə Asiya qitəsindəki şaman mərasimlərində istifadə edilmişdir. Kokain Cənubi Amerika yerliləri tərəfindən sərt təbiət şərtlərinə qarşı, uzun piyada səfərlərində aclığa və yorğunluğa qarşı istifadə olunub.

  Siqaretdən başlayaraq, bütün narkotiklərin ən böyük zərəri və təxribatı onun birbaşa beyinə,  mərkəzi sinir sisteminə təsir etməsidir. Narkotik insanı tarazlıqdan, normal yaşam və davranışlardan uzaqlaşdırır. Zəka və yaddaş pozğunluqlarına gətirib çıxarır. Zəhərlənmə halında isə yüksək dozaya meyilli hüceyrələr məhv olur. Narkotik asılılığı yaşayan insan ölü halına gəlir. İntiharların, cinayətlərin, anarxiyanın əsasında narkotik durur. Daxili və xarici düşmənlərin ən ağır silahı “narkotik” və narkotik xəstəliklərinin dağıdıcı gücü olan “narkotik mədəniyyətidir”. Cəmiyyətləri təhlükəyə aparan hər cür maddi və mənəvi təxribatın əsas səbəbi narkotiklərdir.

  Narkomanlar arasında ən geniş yayılmış xəstəlik hepatitdir. Xəstəlik qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlarda tez-tez rast gəlinir. Narkomanlar çox vaxt kollektiv şəkildə “iynələnirlər”. Onlar birlikdə narkotik alır və bundan pul qazanırlar. Bəzən ayrı, bəzən də eyni dozadan eyni şpirislə iynələnirlər. Aydındır ki, yanındakının xəstə olduğunu bilmirlər. Narkoman heç də həmişə təmiz narkotik əldə etmir. Qarışıq narkotik isə daha qorxuludur. Doza həddinin aşılması və zəhərli maddələrin qarışığı baş beyinə öldürücü təsir göstərir. Beyin qabığı yavaş-yavaş ölür. Narkoman natamam insana çevrilir. Bəzən hərəkət edə bilmir, heç bir reaksiya göstərmir, düşünmür. Onların beyinləri ancaq fizioloji prosesləri idarə edə bilir. Onları yedirtdikdə yeyir, danışa, əşyalardan istifadə edə bilmirlər. Beləcə illərlə ömür sürürlər. İnsanın bütün maraqları, ümidləri, qarşısına qoyduğu məqsədlər getdikcə sönür. Artıq “ağ ölüm” insanı heç edir.

Vaqif HƏSƏNOV,

Narkomanlığa və narkotik vasitələrin 
qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 
Xəzər rayon Komissiyasının sədri 




Baxılıb: 2998