Sumqayıt narkomaniyaya “yox” deyir!

   Xalqın sosial problemlərini, əhalinin sağlamlığını, xüsusilə gənclərin sağlam mühitdə böyümələrini diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir.

   Həmin Proqramın icrası ilə bağlı respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Sumqayıt şəhərində də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya və aidiyyətı təşkilatların iştirakı ilə bir sıra tədbirlər həyata keçirilmişdir.

   Cari ilin əvvəlində narkotik vasitələrin yayılması və narkomaniya ilə mübarizə istiqamətində aparılan işlərin vəziyyəti haqqında müvafiq idarə, müəssisə və təşkilatların hesabatları alınaraq təhlil edilmiş, gələcəkdə görüləcək işlər üçün prioritet istiqamətlər müəyyən edilmiş və Dövlət Proqramının icra edilməsindən irəli gələn vəzifələri müəyyən etmək məqsədilə şəhərin müxtəlif idarə və təşkilatları da cəlb olunmaqla Komissiyanın 2016-cı il üçün Tədbirlər Planı təsdiq edilmişdir.

   Şəhər ərazisində narkomaniyaya qarşı mübarizə daim diqqət mərkəzində saxlanılmış, hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçirilmiş,  aşkar olunmuş faktların sayı, götürülmüş narkotik vasitələrin növü və miqdarı, məsuliyyətə cəlb olunmuş şəxslər barədə məlumatların qeydiyyatı aparılmışdır. Narkomaniyanın yayılma riski yüksək olan yerlərdə mütəmadi olaraq reydlər keçirilmişdir.

   Aparılmış təhlillər zamanı əvvəlki il ilə müqayisədə hesabat ilində narkotiklərlə bağlı aşkar edilmiş cinayət faktlarının sayının 41 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarı isə 17,396 qram çox olduğu müəyyən edilmişdir. Belə ki, hesabat ili ərzində narkotik vasitələrin satılması, saxlanılması, tiryəkxanaların təşkil edilməsi və zəhərli maddələrin saxlanılması ilə əlaqədar şəhər Polis İdarəsinin Narkomaniya ilə mübarizə bölməsinin əməkdaşları tərəfindən 126 cinayət faktı müəyyən edilmişdir ki, onlardan 14-ü narkotiklərin qanunsuz satışı ilə bağlı olmuşdur. Nəticədə ümumi çəkidə  210057,958 qram qeyri-qanuni yolla əldə edilən narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin 3467,478  qramı güclü təsirə malik narkotik vasitələr növünə aiddir ki, bunların da 1158,795 qramını  heroin,  2290,61 qramını tiryək və 18,07 qramını həşiş təşkil edir.

   Sumqayıt şəhərində rayonlararası Narkoloji Dispanser fəaliyyət göstərir. Dispanserdə olan “Məxfi müalicə otağı” əhaliyə anonim tibbi xidmət göstərilməsini təmin edilir ki,bu da xəstələrin müalicəyə cəlb olunmasında xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, şəhərimizdə böyük sənaye müəssisələrində yerləşən narkoloji məntəqələr həmin müəssisələrin işçilərinə tibbi xidmət edir.

   Eyni zamanda hesabat ilində dispanserlə QİÇS-lə Mübarizə Mərkəzi arasında yaradılmış əməkdaşlıq nəticəsində 500-dən çox şəxsin könüllülük əsasında müayinəsi həyata keçirilmişdir.

   Dispanserin narkoloqları tərəfindən narkomaniya və toksikomaniya ilə mübarizə məqsədilə müxtəlif təşkilatlarda, tədris müəssisələrində mühazirələr oxunmuş, yerli televiziya kanalında narkomaniya əleyhinə vaxtaşırı təbliğat aparılmış və çıxışlar edilmişdir.

   Narkomaniya ilə mübarizə istiqamətində işin aktuallığını və gənc nəslin bu prosesə həssaslığı nəzərə alınaraq, “Gənclər narkomaniya əleyhinədir” devizi altında şəhərin bütün ümumtəhsil məktəblərində Gənclər və idman baş idarəsinin, Təhsil şöbəsinin, Rayonlararası Narkoloji Dispanserin, Ağsaqqallar Şurasının, şəhər Polis İdarəsi əməkdaşlarının iştirakı ilə şagirdlər və valideynlər arasında narkomaniyanın fəsadları, müalicəsi və profilaktikası haqqında məlumat və maarifləndirmə xarakterli silsilə xarakterli görüşlər keçirilmişdir. Görüşlər zamanı narkomanlığa düçar olmuş şəxslərin faciəli taleyindən bəhs edən “Narkomaniya əsrin bəlasıdır”  adlı videoçarx nümayiş etdirilmişdir.

   Ümumtəhsil məktəblərində və məktəbdənkənar tərbiyə müəssisələrində təbliğat və maarifləndirmə işinin aparılması məqsədilə antinarkomaniya xarakterli seminarların keçirilməsi, narkomanlıqla bağlı “Ağ ölüm”, “Əsrin xərçəngi”, “Olum ya ölüm-özün seç” və s. mövzularda rəsm müsabiqələrinin, inşa yazıl müsabiqələrinin, “Zərərli vərdişlərə yox deyək”, “Narkotiksiz gənclik” devizi altında idman yarışlarının təşkili və keçirilməsi təmin edilmişdir.

   Sumqayıt şəhərində əhalini narkomanlığa qarşı mübarizəyə cəlb etmək və yerlərdə təbliğat işini daha da genişləndirmək məqsədilə məhəllə və mikrorayonlarda da görüşlərin və reydlərin keçirilməsi işi davam etdirilir.

   Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın tədbirlər planına uyğun olaraq bu sahədə işlər davam etdirilir.




Viewed: 2021