Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri ümumiləşdirilmişdir

   2016-cı ilin 3 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri aidiyyəti icraçı orqanların hesabatları əsasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

   Cari ilin I rübü ərzində hüquq mühafizə orqanları müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə, qanunsuz idxal-ixrac və tranzit daşıma marşrutlarını birlikdə təhlil etmiş və həmsərhəd dövlətlərdəki narkoşəraitin ölkədaxili vəziyyətə təsirini nəzərə alaraq, adekvat tədbirlər görmüş, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması üçün bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər.

   Belə ki, cari ilin I rübündə narkotiklərlə mübarizə sahəsində Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 860 fakt aşkar edilmişdir ki, onlardan 226-sı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 613-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 14-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 7-si isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 832 kq 141,596 qr  müxtəlif növ narkotik vasitələr müsadirə olunmuşdur.

   Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 226 kq 787,73 qr marixuana (27,2 %),  93 kq 340,652 qr tiryək (11,2%), 496 kq 024,312 qr heroin (59,6%), 15 kq 935,225 qr həşiş (1,9%), 53,677 qr psixotrop maddələr (0,1%) və 11798 ədəd həb  təşkil etmişdir.

   Həmçinin “Xaş-Xaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 24 kq 012,390 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilmişdir.

   Cinayət məsuliyyətinə 441 nəfər cəlb edilmişdir ki, onlardan 39-u  18-25 yaşadək, 72-si 30 yaşadək, 330-u  30 yaşdan yuxarı, 4-ü fəhlə, 1-i qulluqçu, 386-sı  işləməyənlər, 438-i kişilər, 3-ü qadınlar, 4 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur. Əcnəbilərdən 2-si İran İslam Respublikasının, 1-i Türkmənistan və 1-i Qazaxıstan  Respublikasının vətəndaşı olmuşdur.

   Hesabat dövrü ərzində Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 455 nəfər göndərilmiş, onlardan 268 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilmişdir.

   Həmçinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 5537 nəfər keçmiş, onlardan 220 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş, 113 nəfər istifadəçi aşkarlanaraq  müvafiq qeydiyyata götürülmüşdür.

   2016-cı ilin 3 ayı ərzində  628 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 272 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 290 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozları ilə stasionar müalicəyə qəbul olunmuşdur. 66 nəfəri isə digər diaqnozlarla stasionar müalicəyə qəbul edilmişdir.

   Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2016-cı ilin müvafiq dövrü ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 125 nəfər təşkil etmişdir ki, onlardan 121-i Azərbaycan vətəndaşı,  4-ü isə əcnəbilərdir. Eyni zamanda 125 nəfər İİV-li şəxslərin 31-i İNİ-lər olmuşdur. Onların da 24 nəfəri Respublika QİÇS-lə Mübarizə Mərkəzində dispanser qeydiyyatına götürülmüşdür, qalanları isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində aşkarlanıb və orada müşahidə olunurlar.

   Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1988-ci ildən 2016-cı ilin I rübünədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5754 nəfər qeydiyyata götürülmüşdür. İİV-ə yoluxması təsdiq olunmuş 5754 nəfərdən 2838 İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan  2027 nəfər dispanser qeydiyyatındadır.




Baxılıb: 931