Narkotiklərlə bağlı 55 cinayət faktı aşkarlanıb

   XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır. Dünyanın bütün dövlətlərində mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməmişdir. Narkomanlığın yayılması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar qanunlar qəbul edilmiş, ölkə rəhbərliyi tərəfindən Fərmanlar verilmiş, dövlətimiz beynəlxalq miqyasda qəbul olunmuş Konvensiya və sazişlərə qoşulmuşdur.

   Son zamanlar bütün ölkələri narahat edən əsas məsələlərdən biri narkomaniyanın yayılmasıdır. Azərbaycanı da məhz həmin ölkələrin siyahısına əlavə etmək olar. Narkotiklərin qeyri-qanuni dövriyyəsi və istifadə miqyasının genişlənməsi əhalinin sağlamlığına, millətin genefonduna, sosial-siyasi və iqtisadi stabilliyinə, dövlətin təhlükəsizliyinə və ictimai asayişə ciddi təhlükə yaradan amilə çevrilir. Bir çox insanlar narkomaniyanın əslində nə olduğunu anlamırlar və ya anlamaq istəmirlər.

   Cəmiyyətin sağlam inkişafına, mənəviyyatına, onun genefonduna ağır zərbə vuran narkomaniya, QİÇS, alkoqollu içkilər, siqaret çəkməyə qarşı mübarizə Azərbaycan dövlətinin ümumi siyasətinin əsas tərkib hissəsinə çevrilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nda gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə bağlı, “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi ilə bağlı ayrıca fəsil öz əksini tapmışdır.

   Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən də bir çox işlər görülmüşdür. Komissiya tərəfindən narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqət artırılmış, yeniyetmə və gənclərin pis vərdişlərdən çəkindirilməsi üçün onların təlim-tərbiyəsinə, asudə vaxtlarının səmərəli təşkilinə, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmalarına şəraitin yaradılması, həmçinin təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində müvafiq müsbət işlər həyata keçirilmişdir.

   Azərbaycanın qərb zonasına narkoloji xidmət göstərən Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserində 2015-ci il ərzində birinci olaraq narkomaniya diaqnozu ilə 23 nəfər dispanser qeydiyyatına götürülmüş, 2 nəfər isə dispanser qeydiyyatından çıxarılmışdır.

   2015-ci il ərzində dispanserin stasionar şöbəsinə 165 nəfər xəstə daxil olmuşdur. Daxil olanlardan 80 nəfəri kənd əhalisi olmuşdur.

   Cari il ərzində məcburi tibbi müayinədən 532 nəfər keçmişdir. Bunlardan 412 nəfəri narkotik vasitə olan çətənə preparatlarından istifadə etdiyi üçün, 18 nəfəri narkotik vasitə olan tiryək qəbul etdiyi üçün, 65 nəfəri narkotik vasitə olan heroin preparatlarından istifadə etdiyi üçün, 47 nəfəri isə narkotik vasitə qəbul etməyənlər tibbi müayinədən keçmişdir.

   Gəncə  Şəhər Baş Polis İdarəsi (BPİ) 2015-ci il ərzində şəhər ərazisində narkotiklərlə bağlı 55 cinayət faktını aşkar etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri üzrə cinayətkarlardan 32 kq  694 qr marixuana, 26,518 qr heroin, 310,317 qr tiryək, 207 qr həşiş qətranı olan narkotik vasitə aşkar edilib götürulmüşdür.

   2015-ci il ərzində əksər ali və orta məktəblərdə Gəncə şəhər BPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları, DİN-in QBRŞ-nin əməkdaşları ilə birlikdə “Narkomaniya-QİÇS”, “Narkomaniya-Hepatit C” mövzuları haqqında profilaktiki çıxışlar edilmiş, bundan başqa Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşlarının iştirakı ilə yerli televiziya kanallarında narkomaniyanın zərərləri barədə çıxışlar olmuşdur.

   Ölkəmizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə hər gün daha da gücləndirilir. Bu işdə dövlətlə yanaşı, ictimai sektorun da fəallığı nəticəsində cəmiyyətin bəlası olan “ağ ölüm”lə mübarizədə ciddi nəticələr əldə edilməsi davam etdiriləcək.

Mikayıl Zeynalov,

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Gəncə Şəhər Komissiyasının sədri




Baxılıb: 881