Narkomaniya ilə mübarizə cəmiyyətin xilası deməkdir

   XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin, cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin “sosial bəlası” adlandırmışdır.

   Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin daha da genişləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın əhatə dairəsinin daha da artırılması dövlət başçısının, hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir. Bu gün narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədi ilə yaradılmış Dövlət Komissiyası və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş, 2007-2012-ci illəri əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram “ ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan vermişdir.

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Yasamal Rayon Komissiyası Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2013-2018-ci illər)ın” təsdiq edilməsi barədə Sərəncamını rəhbər tutaraq illik fəaliyyət planı hazırlamış, aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT və KİV-lərlə birlikdə bu fəaliyyət planının yerinə yetirilməsi istiqamətində bir sıra işlər görmüşdür. Rayon komissiyası müvafiq strukturlarla birlikdə bu işi daim nəzarətdə saxlamış, kompleks qabaqlayıcı profilaktik tədbirlər həyata keçirərək, narkotik asılılıqda olan şəxslərlə, bu əmələ meyillilərlə məqsədli maarifləndirmə, tibbi tədbirlərin genişləndirilməsinə, narkotiklərin daxil olma yollarının, onun sifarişçilərinin aşkar olunmasına ciddi önəm vermişdir. Rayonun ali, orta-ixtisas, ümumtəhsil müəssisələrində, mədəniyyət mərkəzlərində yeniyetmə və gənclər arasında hüquq pozuntusu və narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, onların sağlam həyat tərzi ruhunda tərbiyə olunmaları məqsədilə aidiyyəti təşkilatlarla birgə antinarkotik təbliğat, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının insan orqanizminə zərəri, narkomanlığın profilaktikası mövzusunda bir sıra tədbirlər həyata keçirilmişdir.

   Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması məqsədilə rayonun idarə, müəssisə və təşkilatlarında “Bəşəriyyətin təhlükə mənbəyi narkomaniya”, “Antinarkotizm”, “Narkomaniya nədir?”, “Narkomanın aqibəti”, “Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur”, “Özünü qoru”, “Narkomaniya ilə mübarizə cəmiyyətin xilası deməkdir”, “Kabuslara qarşı”, “Narkomaniyaya yox deyək”, “Azərbaycan gəncləri narkotiklər əleyhinə”, “Gənclər sağlam həyat tərzi seçir”, “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir”, “Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminə”, “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda konfranslar, rəsm, inşa yazı müsabiqələri, “dəyirmi masa”lar, seminarlar, idman yarışları və turnirləri keçirilmişdir. Rayon ərazisində yerləşən 13, 18, 21, 225, 173, 286, 308 nömrəli məktəblərdə “Narkomaniya ümumbəşəri maarifləndirici bəladır” mövzusunda çıxışlar edilmiş və şagirdlər arasında maarifləndirici və profilaktik söhbətlər aparılmışdır.

   Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli və düzgün təşkil edilməsi, sağlam həyat tərzinin təbliği məqsədilə rayonun abadlaşdırılmış nümunəvi məhəllələrində mini-futbol meydançaları, sadə idman və əyləncə qurğuları quraşdırılmış, mövcud olanlar isə bərpa edilərək sakinlərin istifadəsinə verilmişdir.

   Rayonun müalicə-profilaktika müəssisələri, şəhər narkoloji dispanserin Yasamal rayonu üzrə bölməsinin əməkdaşları fəaliyyətlərini əsasən narkomaniyanın profilaktikasına və müalicə işinə yönəltmişlər. Narkoloji dispanserin, müalicə-profilaktika müəssisələrinin həkimləri, rayon Polis İdarəsi, Gənclər və idman idarəsi, rayon Ağsaqqallar, Ağbirçəklər, Əmək və Müharibə, Silahlı Qüvvələr, Hüquq Mühafizə Orqanları Veteranları şuraları ilə birgə təhsil ocaqlarında, mədəniyyət mərkəzlərində, idarə və müəssisələrdə narkomaniyaya qarşı mübarizə ilə əlaqədar tədbirlər həyata keçirmişlər.

   Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə üzrə rayon komissiyası da Azərbaycan Respublikası Cinayət Məcəllləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslərə dair daxil olmuş icra vərəqələrinin icrası ilə bağlı müəyyən işlər görmüşdür.

   Yasamal Rayon Polis İdarəsinin əməkdaşları bütövlükdə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müəyyən müsbət nəticələr əldə etmişlər. Narkomaniya ilə bağlı 2016- cı ilin 3 ayı ərzində 61 cinayət faktı aşkar edilmişdir ki, onlardan 6 fakt narkotik vasitələrin satışı ilə bağlı olmuşdur. İdarə bu müddət ərzində narkomanlığın yayılması və qarşısının alınması istiqamətində qabaqlayıcı profilaktik tədbirlər görmüşdür. Narkotik xassəli bitkilərin əkilməsi, açıq yabanı halında yayılması və narkotik maddələrin hazırlanmasının qarşısının alınması məqsədilə ərazi polis bölməsinin əməkdaşları ilə inzibati ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.

   Narkotik vasitələrin, psixotrop maddələrin müvafiq profilaktiki və kompleks əməliyyat tədbirləri həyata keçirilmiş, bu növ cinayətlərdə şübhəli bilinən şəxslər barəsində müvafiq uçot-qeydiyyat işləri aparılmışdır. Onların cinayət əməllərinin ifşa olunaraq cinayət başında yaxalanmaları həyata keçirilərək istintaq orqanlarına təhvil verilməsi təmin olunmuşdur.

   Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həbs edilmiş cinayətkarlardan marixuana 16 kq, 300,18 qram, tiryək 46,6 qram, həşiş 21,7 qram, heroin 1 kq 853,409 qram müsadirə edilərək götürülmüşdür. Rayon Polis İdarəsinin və polis bölmələrinin əməkdaşları tərəfindən həbs edilmiş cinayətkarlardan ilkin hesablamalara görə 18 kq 221,349 qr narkotik vasitə aşkar edilərək götürülmüşdür.

   Yasamal Rayon İcra Hakimiyyətinin müvafiq komissiyaları rayon əhalisi, xüsusilə gənclər və yeniyetmələr arasında narkomanlıqla bağlı maarifləndirmə işlərinin səmərəliliyinin artırılması, dünyəvi bəlaya çevrilən narkomanlığın yayılmasının və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi məlum proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsini bir vəzifə kimi qarşıya qoymuşdur.

   Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində əməli və praktiki tədbirlər davam etdirilir.

Səməd İslamov,

Yasamal Rayon İcra 
Hakimiyyəti başçısının I müavini, Narkomanlığa və Narkotik 
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə 
üzrə Rayon Komissiyasının sədri




Baxılıb: 883