Bəşəri bəlaya çevrilən narkomaniya ilə mübarizədə mədəniyyət ocaqlarının maarifləndirici fəaliyyəti böyük önəm kəsb edir

   Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Dünyanın hər yerində narkomaniyaya aludəçilik ağır ictimai bəlaya çevrilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi isə çoxdan ölkələrin sərhədlərini aşaraq transmilli cinayətkarlıq halına gəlmişdir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Ən acınacaqlısı da budur ki, gənc nəsil arasında narkotiklərə meyillilik artır. Sözügedən problemin ağırlığını və fəsadlarını diqqətə alan digər dünya ölkələri kimi, Azərbaycanda da narkomaniya ilə mübarizədə cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsi prioritet önəm kəsb edir.

   Müstəqilliyimizin ilk illərindən bu istiqamətdə genişmiqyaslı tədbirlər, o cümlədən beynəlxalq konvensiyalara uyğun milli qanunvericiliyin formalaşdırılması, normativ akt və proqram sənədlərin qəbulu həyata keçirilmişdir. Azərbaycan Respublikası hələ 1992-ci ildə BMT-nin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasına (1988-ci il tarixli) qoşulmuşdur. Ulu öndər Heydər Əliyev bu bəlanın təkcə cəmiyyət üçün deyil, bütövlükdə dövlətin gələcəyi üçün təhlükə olduğunu nəzərə alaraq 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” Fərman imzalamışdır. Fərmana əsasən, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışıdır. 1999-cu il 18 iyun tarixində “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu, bir il sonra isə bu sahədə ilk əhatəli fəaliyyət sənədi - 2000-2006-cı illərədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul olunmuşdur.

   Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətini əhalinin sağlamlığının, milli genefondun qorunması sahəsində fəaliyyət təşkil edir. Dövlət başçısı öz çıxışlarında nəzərə çatdırır ki, təhsil, mədəniyyət, elm və texnologiyaya prioritet diqqət ölkənin davamlı inkişafı, insan kapitalının formalaşması üçün nə qədər əhəmiyyətlidirsə, xalqın sağlamlığı da bir o qədər vacib məsələdir. Bu baxımdan gənc nəslin zərərli vərdişlərə aludəçilikdən qorunması, xüsusilə narkomaniya ilə mübarizə böyük önəm kəsb edir: “Narkomaniyaya qarşı ciddi mübarizə aparılır. Biz gəncləri pis vərdişlərdən çəkindirməliyik... Azərbaycanın böyük imkanları var. Ən böyük sərvət isə insanların sağlamlığıdır. Biz istəyirik ki, yetişən gənc nəsil həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olsun”.

   Ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən və 2007-2012-ci illərdə icra olunan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması üzrə Proqram” bu istiqamətdə cəmiyyətin daha da səfərbər olmasına, o cümlədən mədəniyyət və təhsil ocaqlarının, QHT-lərin, gənclər təşkilatlarının, medianın maarifləndirici fəaliyyətinin artmasına zəmin yaratmışdır. Bu baxımdan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının həmin fəaliyyətlərdə əlaqələndirici rolunu vurğulamaq lazımdır.

   Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə qəbul olunan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın da üç ili arxada qalmışdır. Proqramın icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2013-cü il tarixli əmri ilə Tədbirlər Planı təsdiq edilmiş və ötən müddətdə nazirliyin tabeliyindəki təşkilatlar tərəfindən müxtəlif layihələr, tədbirlər həyata keçirilmişdir. Onu da qeyd etmək istərdik ki, bu mövzuya ölkə başçısının 2014-cü il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda da yer ayrılmışdır. Konsepsiyanın müvafiq bəndi (2.4.) narkomaniya və digər neqativ halların yaranmasına xidmət edən vasitələrin təbliğinin qarşısının alınmasına həsr olunmuşdur.

   Bu istiqamətdə ötən bir ildə görülən işlər əhatə dairəsi, mövzu və forma zənginliyi ilə diqqət çəkir. Paytaxtda və bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində “Narkomaniya bəşəriyyətin məhvi deməkdir”, “Narkomaniya əsrin bəlasıdır”, “Sağlam həyat tərzi bizim məqsədimizdir”, “Narkomaniyaya yox deyək”, “Sağlam həyat uğrunda”, “Narkomaniyanın qarşısının alınmasında kitabxanaların rolu”, “Narkomaniya cəmiyyətin mənəvi dayaqlarını sarsıdır” və s. mövzularda müxtəlif səpkili tədbirlər təşkil edilmişdir. O cümlədən 2016-cı ilin birinci yarısında muzeylərdə, kitabxanalarda, tədris ocaqlarında, rəsm qalereyalarında narkomaniya və narkotik vasitələrin fəsadlarından bəhs edən sərgilər, maarifləndirici görüşlər, “dəyirmi masa”lar, məlumat saatları keçirilmiş, fotostendlər hazırlanmış, slayd və videofilmlər, kompozisiya və səhnəciklər nümayiş olunmuş, eləcə də teatrların repertuarında bu mövzu əksini tapmışdır.

     Bu istiqamətdə kitabxanalarda görülən işləri xüsusi qeyd etmək gərəkdir. Hər gün minlərlə insanla - oxucu kütləsi ilə ünsiyyətin olduğu kitabxanalar müxtəlif formatlı maarifləndirici tədbir və layihələr üçün əlverişli məkandır.

   M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının fonduna narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair yeni ədəbiyyat alınmış, dövri mətbuat məqalələrinin tammətnli resursları hazırlanaraq elektron bazaya yerləşdirilmiş, yeni ədəbiyyat sərgiləri təşkil olunmuşdur. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında mövzuya dair kitab sərgiləri, narkomaniyanın acı nəticələrini əks etdirən foto-stendlər tərtib edilmiş, müvafiq dövlət qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, gənclərin iştirakı ilə “dəyirmi masa”lar keçirilmişdir.

   F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Narkomaniya - bəşəriyyətin faciəsi” adlı ədəbiyyat siyahısı hazırlanmış, siyahıda dövlət sənədləri, kitablar, bədii ədəbiyyat və dövri mətbuatda dərc olunan məqalələrin annotasiyalı təsvirləri verilmişdir. Elmi metodika şöbəsi tərəfindən hazırlanmış “Gəlin, gələcəyimizi qoruyaq!” adlı vəsaitdə yeniyetmələrin maariflənməsi məqsədilə müxtəlif tədbir formaları qeyd edilmişdir. Yeniyetmə oxucular arasında (Bakı Modern məktəbi, 23 saylı orta məktəb, Uşaq və Gənclərin Sülh Şəbəkəsi Təşkilatı) treninq-mühazirələr və interaktiv oyunlar, yuxarı sinif şagirdləri ilə Çingiz Abdullayevin “Göy mələklər”, “Qisasın ölçüsü”, Elxan Elatlının “Görünməyən izlər”, Elxan Xanəlizadənin “Zəncir”, İsmayıl Qarayevin “ Məni tanıdınmı?” kitablarının icmal-oxusu keçirilmişdir.

     Paytaxt rayonlarındakı Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və kitabxana filiallarında, habelə Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Yevlax, Şirvan şəhər MKS-lər tərəfindən kitabxanalarda mövzu ilə bağlı “dəyirmi masa”lar keçirilmiş, tədbirlərdə narkotik vasitələrin və ümumiyyətlə, tüfeyli həyat tərzinin insan  düşüncəsinə, sağlamlığına mənfi təsirindən danışılmışdır.

    Ayrı-ayrı şəhər, eləcə də Abşeron, Astara, Balakən, Biləsuvar, Göygöl, Goranboy, Gədəbəy, Hacıqabul, Samux, Şəmkir, Şuşa, Siyəzən, Sabirabad, Yardımlı, Zəngilan, Qobustan, Qazax, Quba, Qubadlı, Qəbələ, Tərtər,  və s. rayon mərkəzi kitabxanalarında və kitabxana filiallarında hüquq-mühafizə orqanları əməkdaşlarının, həkim narkoloqların, ziyalıların, ictimai və din xadimlərinin iştirakı ilə “Ağ ölüm”ə yox deyək”, “Gənclərimizi “ağ ölüm”dən qoruyaq” və s. mövzularda görüşlər təşkil edilmiş, narkomanlığın gətirdiyi bəlalar barədə uşaqlar və yeniyetmələr arasında izahat işləri aparılmış, mövzu üzrə slayd və video-çarxlar hazırlanaraq nümayiş etdirilmişdir. Bundan başqa, MKS-lərin sosial şəbəkə səhifələrində “Ağ ölüm” haqqında videolar, fotolar yerləşdirilmişdir.

    Hər il olduğu kimi, bu il də 26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü  ilə bağlı mədəniyyət ocaqlarında silsilə tədbirlər təşkil olunmuşdur. Tədbirlərdə mədəniyyət işçiləri ilə bərabər təhsil, səhiyyə, gənclər və idman idarələri, polis əməkdaşları iştirak etmişlər. Çıxışlarda BMT Baş Assambleyasının 7 dekabr 1987-ci il tarixli qətnaməsi ilə beynəlxalq miqyasda belə bir günün təsis olunmasının əhəmiyyətindən söz açılmışdır. Qeyd olunmuşdur ki, narkomaniya ilk növbədə gəncliyi hədəf alan, xalqın genefonduna zərbə vuran bəşəri bəladır və onunla mübarizə gələcəyimiz uğrunda mübarizə deməkdir.

    Mədəniyyət ocaqlarının keçirdikləri tədbirlərə tədris müəssisələrinin cəlb olunmasına, məktəblərlə birgə layihələrə xüsusi önəm verilir. Azərbaycan İstiqlal Muzeyinin paytaxtdakı Hikmət Nəzərli adına 27 saylı orta məktəbdə, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Bakı Turizm Peşə Məktəbi tələbələri ilə, Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində 3 saylı uşaq musiqi məktəbi və Şəki Pedaqoji Kolleci, L. və M.Rostropoviçlərin ev-muzeyinin Abdulla Şaiqin mənzil-muzeyi ilə birgə keçirdiyi və s. tədbirlər bu qəbildəndir.

    Öncəki illərdə olduğu kimi, narkomaniyanın gətirdiyi bəlalar, ailələrdə və cəmiyyətdə törətdiyi fəsadlar mövzu olaraq ayrı-ayrı teatrlarımızın repertuarında xüsusi yer tutur. Bakı Uşaq Teatrının narkomaniyanın faciəli fəsadlarından bəhs edən “Həyatla oyun” tamaşası ötən müddətdə respublikanın demək olar ki, bütün bölgələrində, o cümlədən təhsil müəssisələrində nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru İntiqam Soltanın bu ilin yanvarında Şimali Kiprə səfəri zamanı  “Həyatla oyun” əsərinin bu ölkədə də səhnələşdirilməsi ilə bağlı razılıq əldə olunmuşdur.

   Sumqayıt və Gəncə teatrlarının repertuarlarında bu mövzuda iki tamaşa var. Yazıçı-dramaturq Kamran Nəzirlinin Sumqayıt Dövlət Dram Teatrında tamaşaya qoyulan “Narkoman” pyesi (quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev) bu bəlanın bir ailənin timsalında dəhşətini göstərir. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında səhnələşdirilən Şəfa Vəlinin “Bəyaz ölüm” əsərinin süjet xəttini narkotiklərdən istifadə edən gənclərin faciəli taleyi təşkil edir.

    Bu il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında hazırlanmış “Ağ ölüm” tamaşası da narkotik aludəçiliyinin ailələrə gətirdiyi faciədən, valideynlərin övladlarının taleyinə laqeyd münasibətinin acı nəticəsindən bəhs edir. Tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur, əsas obrazları Əməkdar artist Nübar Novruzova, Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf  Dadaşov və Anar Seyfullayev canlandırırlar. Teatr bu səhnə əsəri ilə iyun ayında Şirvan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik və Astara rayonlarında qastrolda olmuşdur. Bundan əlavə, tamaşa təhsil ocaqları ilə birgə (129 saylı orta məktəb, Dövlət Dəmir Yolu Liseyi və s.) layihə əsasında yeniyetmə və gənclərə nümayiş olunmuşdur.

   Bəşəri bəlanın yayılmasının qarşısının alınmasında, bu istiqamətdə qabaqlayıcı, preventiv maarifləndirmə tədbirlərin görülməsində tədris ocaqlarının, pedaqoji kollektivlərin üzərinə mühüm məsuliyyət düşür. Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan təhsil müəssisələrində də bu yöndə tədbirlər keçirilir. 2015-ci ilin dekabrında Azərbaycan Turizm və Menecment Universitetində QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir və narkomaniyanın fəsadlarından bəhs edən sərgi keçirilmişdir. Tədbirdə Bakı Turizm Peşə Məktəbinin kollektivi də iştirak etmişdir. Mingəçevir Turizm Kollecində də təlim-tərbiyə işində bu mövzuya diqqət ayrılır. 2016-cı ilin mart ayında Azərbaycan Turizm və Menecment Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında keçirilən “Narkomaniyaya yox deyirik” mövzulu tədbirlər də bu sıradandır. Həmçinin Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin tədris planında narkomaniya və narkotik vasitələrin dövriyyəsi ilə mübarizə mövzusunda mühazirələr yer alır.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn müddəalarla bağlı mədəniyyət müəssisələrinin həyata keçirdiyi tədbirlər nazirliyin mətbu orqanı olan “Mədəniyyət” qəzetində geniş şəkildə işıqlandırılır. Ötən bir il ərzində qəzetdə bu mövzuda müxtəlif səpkili 30-dək yazı (xəbər, məqalə, tamaşa haqqında rəy və s.) dərc olunmuşdur. Keçirilən tədbir və layihələr mütəmadi şəkildə nazirliyin rəsmi internet saytında, şəhər-rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, muzey və digər mədəniyyət müəssisələrinin saytlarında, eləcə də ölkəmizin çeşidli digər kütləvi informasiya vasitələrində əksini tapır.

Mədəniyyət və Turizm Nazirliyinin

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi




Baxılıb: 1321