Narkotik xassəli bitkilərin aşkarlanıb məhv edilməsi daim diqqət mərkəzindədir

   Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq, həmişə, xüsusilə də son dövrlərdə insanların sosial, iqtisadi, mənəvi dəyərlərinə zərbə vuran   mürəkkəb ictimai təhlükəli hadisəyə çevrilmişdir. 

   Respublikamızda ictimai-siyasi və sosial-iqtisadi sabitliyin təmin edilməsi, insan həyat və sağlamlığının, genefondunun  mənəvi-əxlaqi dəyərlərinin qorunması, gələcək nəslin normal formalaşmasını təmin etmək   məqsədilə narkomanlığın, narkotiklərin xassəli bitkilərin yetişdirilməsinin qarşısının alınması və aşkarlanaraq məhv edilməsi ümumdövlət vəzifəsi olduğunu başa düşərək, aqrar sahə mütəxəssisləri özlərinin gündəlik fəaliyyətlərində bu məsələni daim diqqət mərkəzində saxlayırlar.    

   Azərbaycan Respublikası Prezidentinin 2013-cü il  24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi sistemində səlahiyyətlərimiz çərçivəsində bir çox tədbirlər  həyata keçirilmiş və mütəmadi olaraq Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna hesabatlar verilmişdir.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2015-ci il üçün iş planı təsdiq edilmişdir. Tədbirlər planına müvafiq olaraq seminar-müşavirələr təşkil etmək və cari kənd təsərrüfatı işlərinin gedişinə əməli köməklik göstərmək məqsədilə nazirliyin yerlərə ezam olunmuş rəhbər və mütəxəssisləri vaxtaşırı kəndli-fermer təsərrüfatlarda, dövlət  tabeliyində olan təsərrüfatlarında  və digər istehsal qurumlarında olaraq bu sosial bəlanın aradan qaldırılması üçün təbliğat işlərinin gücləndirilməsinə və  narkotik tərkibli bitkilərin zərərli təsiri barədə əhali arasında geniş izahat işləri aparmaqla onların aşkar olunub məhv edilməsi üçün rayon Kənd Təsərrüfatı idarələrində yaranmış qruplara əməli köməkliklər göstərmişdir.

   İş planının 10-cu bəndinə uyğun olaraq, cari ilin aprel-oktyabr ayları ərzində aidiyyəti qurumlarla birlikdə “Xaş-xaş 2015” şərti adı altında keçirilməsi nəzərdə tutulan tədbirlərdə iştirak etməklə Kənd Təsərrüfatı Nazirliyinin rayon Kənd Təsərrüfatı idarələrinin   becərilən torpaq sahələrində əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilər aşkarlandığı hallarda müvafiq məlumatları, həmçinin bu bitkilərin məhvedilmə prosesini əks etdirən foto və video materialların tərtib olunan aktlara əlavə edilərək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna təqdim edilməsi   tapşırılmışdır.

Nazirliyin  rayon Kənd Təsərrüfatı idarələrinin  mütəxəssisləri tərəfindən ictimaiyyət arasında, məktəblərdə izahat işləri aparılmış, kənd təsərrüfatı məhsulları istehsalçıları arasında maarifləndirmə işləri və narkotik xassəli bitkilər, onların formaları və vegetasiya müddətlərinin tanınması haqqında tövsiyələr verilmişdir.

   Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin bitki karantin məntəqələri və bitki mühafizəsi mərkəzləri, Dövlət Toxum  Müfəttişliyi və  rayon Kənd Təsərrüfatı İdarələrinin vasitəsi ilə narkotik xassəli bitkilərin sərhəd keçid məntəqələrində, bazarlarda, toxum satışı yerlərində, dövlət və özəl toxumçuluq təsərrüfatlarında aşkarlanması və tanınmasında hüquq- mühafizə orqanlarına lazımi köməkliklər göstərilmişdir.

   Görülmüş işlər nəticəsində hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə cari ildə xeyli miqdarda yaşıl kütlə halında narkoxassəli bitkilər, məsələn, Gədəbəy rayonunda münbit torpaqlarda və meşə zolaqlarında yabanı halda bitmiş çətənə kolları    aşkarlanaraq  məhv edilmişdir. Saatlı rayonunda yabanı şəkildə bitmiş ümumi çəkisi 36,3  kq olmaqla 130 ədəd çətənə kolu aşkar olunaraq qanunla müəyyən edilmiş qaydada yandırılaraq dövriyyədən çıxarılmışdır. Ağdam rayonunun Mirəşəlli kəndində həyətyanı sahədə 188 ədəd, çəkisi 15,2 kq olan çətənəkolu toplanı yandırılaraq məhv edilmişdir. Bundan başqa, İsmayıllı şəhərində həyətyanı sahədə, Qax rayonunun Çıxlar və Fıstıqlı kəndlərinin ərazisindəki meşə massivlərində aqrotexniki qaydada becərilən və yabanı halda bitən, Zaqatala rayonunun Xançatala çölündə  yabanı halda bitən çətənə kolları aşkarlanaraq məhv edilmişdir. Neftçala rayonunda Bankə qəsəbəsində həyətyanı sahədə  və Aşağı Qaramanlı kəndi ərazisində Kür çayının sahilində “Ada” deyilən ərazidə becərilən çətənə kolları aşkarlanaraq məhv edilmişdir.

   Nazirlik tərəfindən kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə rayonlarda keçirilmiş seminar və müşavirələrdə aqrar islahatların nəticəsində yaranmış bütün özəl qurumlarla narkomanlığın insanlara vurduğu ağır ziyanların nəticələri barədə söhbətlər aparılmış, onlarının qarşısının alınması sahəsində   Prezidentin məlum Fərmanının əhəmiyyətini nəzərə alıb əhali arasında təbliğatın genişləndirilməsi, yerli inzibati orqanlarla əlaqəli şəkildə ərazilərdə narkotik tərkibli bitkilərin aşkar olunub məhv edilməsi istiqamətində mübarizə işlərinin  gücləndirilməsi tövsiyə olunmuşdur.

   Narkotiklər bitki mənşəli və ya laboratoriya şəraitində hazırlanan sintetik maddələrdir. Heç şübhəsiz gələcəkdə sintetik yolla əldə edilən narkotik maddələr üstünlük təşkil edəcəkdir. Lakin hazırda bitki mənşəli narkotik maddələr daha çox istifadə edilir. Hazırda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı əsas problem xaricdən ölkə ərazisinə gətirilən narkotiklərlə bağlıdır. Bu ilk növbədə respublikamızın coğrafi mövqeyinin narkotiklərin Şərqdən Qərbə tranziti üçün əlverişli olmasıdır.     

   Bu baxmayaraq,  ölkəmizdə narkotik təbiətli bitkilərin  həm yabanı halda bitməsinə, mədəni halda yetişdirilməsinə, həmçinin onların müxtəlif orqanlarından narkotik maddələrin istehsalına da rast gəlinir. Narkotik xassəli bitkilərin   kultivasiya olunması insan tərəfindən bilavasitə narkotik maddə istehsalı və gəlir götürülməsinə yönəldilib. Bunun üçün müxtəlif yollarla, müxtəlif şəraitdə və müasir texnologiyalarla (açıq və örtülü şəraitdə, qidalı dibçəklərdə, qapalı ev şəraitində hidroponika) tətbiq olunmaqla bu bitkilərin bilərəkdən gizli yolla narkotik məqsədlər üçün insan tərəfindən əkilməsi artıq cinayətdir.

   “Narkotik  vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın icrası istiqamətində Kənd Təsərrüfatı Nazirliyi səlahiyyətləri daxilində fəaliyyətini aidiyyəti qurumlarla bundan sonra da davam etdirəcəkdir.

Oqtay Hüseynov,

Kənd Təsərrüfatı Nazirliyi Aparatının

Bitkiçilik şöbəsinin sektor müdiri,

aqrar elmləri üzrə fəlsəfə doktoru




Viewed: 1000