Şirvanda narkomaniya ilə mübarizə tədbirləri davam edir

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən hüquq mühafizə orqanları və digər aidiyyəti idarə, müəssisə və təşkilatlarla birgə müəyyən işlər görülmüşdür.

   Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti başçısının 1 fevral 2016-cı il tarixli 11 nömrəli  sərəncamı ilə Narkomanlığa və  Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə şəhər Komissiyasının 2016-cı il üçün Tədbirlər Planı təsdiq edilmişdir.

   Tədbirlər Planına uyğun olaraq narkomanlığın yaşadığımız cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, onların sağlam mühitə qaytarılması, müxtəlif zərərli vərdişlərin yayılmasının əleyhinə şəhərin  qəsəbə icra nümayəndəliklərində, ümumtəhsil məktəblərində, kollec və peşə liseyinin tədris qruplarında, müəssisə və təşkilatlarında, yaşayış massivlərində mütəmadi kütləvi tədbirlər təşkil olunmuşdur. Bu maarifləndirici tədbirlərdə Komissiyanın üzvlərinin, aidiyyəti dövlət orqanlarının nümayəndələrinin, Polis şöbəsinin və şəhər Məhkəməsinin əməkdaşlarının, təhsil müəssisələrinin rəhbərlərinin, bələdiyyələrin, şagird və tələbələrin, ağsaqqalların, din xadimlərinin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı təmin olunmuşdur.

   Narkomanlığa və  Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Şəhər Komissiyası Təhsil şöbəsi, Gənclər və idman idarəsi və digər aidiyyəti qurumlarla birgə yeniyetmə və gənclər arasında narkomanlığın  törətdiyi ağır fəsadlar barədə maarifləndirmə işinin aparılması məqsədi ilə  ümumtəhsil, texniki peşə və orta təhsil müəssisələrində “Şirvan gəncləri narkomaniyaya yox deyir” devizi altında silsilə tədbirlər həyata keçirmiş,elmi-praktik konfranslar təşkil etmişdir.

   Şəhərin ümumtəhsil məktəblərinin hamısında “Hamılıqla narkomaniyaya yox deyək!”, “Narkomaniya əsrin bəlasıdır”, “Narkotiksiz gələcək”, “Sabahkı gələcəyimizi narkotik vasitələrdən qoruyaq”, mövzusunda elmi-praktik konfranslar, “dəyirmi masa”lar və disputlar keçirilmişdir. Keçirilən tədbirlərdə komissiya üzvləri, məktəbin pedaqoji kollektivləri, Polis şöbəsinin əməkdaşları, bələdiyyə üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Narkoloji dispanserin həkimləri  iştirak etmişlər.

   Yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək məqsədilə “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilasıdır”, “Sağlam həyat tərzini seç” əyani vəsait olan kiçik həcmli bukletlər şəhərin ümumtəhsil məktəblərinin, Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Şirvan Peşə Liseyinin tələbələri arasında yayılmış, narkomaniyanın zərərləri mövzusunda diskusiyalar, interaktiv təlim metodlarının öyrənilməsi ilə bağlı seminar-treninqlər keçirilmişdir.

   Yeniyetmə və gənclərin narkotiklərdən istifadə etmələrinin qarşısının alınması və onlara sağlam həyat tərzinin aşılanması məqsədilə şəhər  16,18 və 20 saylı orta məktəblərin akt zalında, şəhər Mədəniyyət evində “Yeniyetmə və gənclər arasında hüquq pozuntularının və zərərli vərdişlərin profilaktikası” mövzusunda seminarlar   keçirilmişdir.

   “Narkomanlığa qarşı mübarizənin mövcud durumu və gənclərin narkotiklərdən istifadəsinin qarşısının alınması”, “Narkomaniya və onun törətdiyi fəsadlar”, “Gənclər arasında narkomaniyanın yayılmasının qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr” mövzularında mühazirələr oxunmuşdur.

   Gənclərin asudə vaxtlarının səmərəli təşkili, narkomanlığa qarşı mübarizənin səmərəli aparılması məqsədilə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş şəhər məktəblilərinin  spartakiadası, ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş idman yarışları, kollektiv idman növlərindən olan futbol, voleybol, o cümlədən güləş, cudo, sambo və digər idman növləri üzrə şəhər birinciliyi keçirilmiş və yarışların keçirilməsində daha çox gəncin iştirakı təmin olunmuşdur. Mədəniyyət evlərində və uşaq yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən müxtəlif dərnəklərin, idman bölmələrinin işi diqqət mərkəzində saxlanılır.

   2016-cı ilin 6 ayı ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 33 cinayət faktı aşkar edilmiş, bunlardan 4 satış, saxlama ilə bağlı  28 fakt, əkin ilə bağlı 1 fakt aşkar edilmiş, qanunsuz dövriyyədən 2 kq 444,986 qram  müxtəlif növ narkotik vasitələr götürülmüş, onlardan 3,449 qr.- heroin, 3,967 qr. tiryək, 2 kq 437,57 qr. marixuana olmuşdur.

   Aşkar olunmuş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış, müsadirə edilmiş müxtəlif növ narkotik vasitələr məhkəmə hökmlərindən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına və Dövlət Komissiyasının 2012-ci il 9 yanvar tarixli 1 nömrəli Sərəncamının 9.2-ci bəndinin tələblərinə uyğun olaraq İcra Hakimiyyəti, hüquq mühafizə, səhiyyə orqanlarının nümayəndələrinin iştirakı  ilə “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə” Komissiya  tərəfindən müntəzəm olaraq müvafiq qaydada məhv edilmişdir.

   Tədbirlər Planına əsasən şəhər Komissiyasının və şəhər Gənclər və idman idarəsinin təşkilatçılığı, hüquq mühafizə orqanlarının, QHT-lərin nümayəndələrinin iştirakı ilə  23.06.2016-cı il tarixində  26 iyun-BMT-nin Narkotiklərlə Mübarizə Gününə həsr edilmiş  tədbir keçirilmiş, narkomaniyanın cəmiyyətə mənfi təsiri, törətdiyi fəsadlar, dünyanın ən böyük bəlası olan narkomanlığa qarşı aparılan mübarizə barədə tədbir iştirakçılarına geniş məlumat verilmiş, həkim-yazıçı Asif Kəngərlinin “Bəla” pyesinin teatr tamaşasında səhnələşdirilmiş III pərdəsi nümayiş etdirilmiş, narkomaniyanın fəsadlarını əks etdirən bukletlər paylanılmışdır.

   Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında qarşılıqlı, işgüzar əlaqələrin və məlumat mübadiləsinin keyfiyyət baxımından gücləndirilməsinə, narkomanlığın profilaktikası və qarşısının alınmasında qeyri-hökumət qurumlarının fəaliyyətlərinin genişləndirilməsi istiqamətində irəliləyiş əldə olunmasına baxmayaraq, bu sahədə işimizdə hələ də nöqsanlar vardır. İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası narkomanlığa qarşı mübarizədə əldə edilmiş müvəffəqiyyətlərlə yanaşı, hal-hazırda mövcud olan nöqsanların qətiyyətlə aradan qaldırılması üçün şəhərin hüquq mühafizə orqanları, gənclər və idman, təhsil müəssisələrinin və ictimaiyyətin gücündən səmərəli istifadə etməklə bu işi tələb olunan lazımi səviyyəyə çatdırmağa səy göstəriri.

Samid Abıyev,

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının I müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri




Baxılıb: 837