Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilir

   Azərbaycanın geosiyasi mövqeyi narkotiklərin qeyri-qanuni olaraq Avropaya daşınması üçün də əlverişlidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin digər dövlətlərə narkotik maddələrin daşınmasının həyata keçirilməsi, Dağlıq Qarabağ ərazisindən narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunmasına dair məlumatlar vardır. 

   Hələ 1997-ci ildə ümummilli lider Heydər Əliyev BMT-nin Yaxın və Orta Şərqdə Narkotiklərin Qanunsuz Dövriyyəsinə Nəzarət üzrə Yardımcı Komissiyasının 32-ci sessiyasında çıxış edərək Azərbaycan Respublikasının bu problemin həllində ardıcıl addımlar atacağını və dünya ictimaiyyəti ilə bu məsələdə bir yerdə olacağını bir daha bəyan etmişdir. 1998-ci ildə Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında”, 1961-ci ildə “Psixotrop maddələr haqqında” konvensiyalarına qoşulmuşdur. 1999-cu il iyun ayının 18-də “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı qanunla qadağan edilmişdir.

   Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsi yetkinlik yaşına çatmayanların narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə səbəb olduqda İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət yaradır. Belə bir təsir tədbiri cəmiyyətin digər və mühüm qolu olan ailə tərəfindən vəzifələrinin həyata keçirilməsini şərtləndirir ki, bu da narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına yönəlmişdir.

   Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlərin həyata keçirilməsi dayandırılmır və mütəmadi xarakter daşıyır.

   Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı Sərəncam narkomaniyaya qarşı mübarizə sahəsində atılmış mühüm addımdır. Dövlət Proqramının icrası ilə əlaqədar “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı beynəlxalq təcrübə nəzərə alınmaqla, preventiv tədbirlərin həyata keçirilməsi” Qaydası hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 mart tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmişdir.

   Həmçinin narkotik vasitələrin istifadəçilərinin reabilitasiyası istiqamətində “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə” Proqram hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmişdir.

   Narkomaniyaya qarşı mübarizə ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, digər tədbirlər də həyata keçirilmişdir.

   Belə ki, rəsmi məlumatlara əsasən, 2016-cı ilin birinci yarımilində respublika ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 1733 fakt üzrə cinayət işi istintaq edilmişdir.

   Qeyd etmək lazımdır ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 201 fakt, yəni 10.4% azalma müşahidə edilmişdir ki, bu da profilaktik tədbirlərinin səmərəliliyinin göstəricisidir.

   Eyni zamanda, qeyd edilən dövr ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutulmuş xarici ölkə vətəndaşlarının sayında da azalma müşahidə edilmişdir. Belə ki, müvafiq dövr ərzində cəmi 11 nəfər xarici ölkə vətəndaşı narkotik vasitələrlə əlaqədar cinayətlərin subyekti qismində tutulmuşdur. Həmin şəxslər Türkiyə, Gürcüstan, Hindistan, Belarus, Türkmənistan və İran İslam Respublikası vətəndaşları olmuşlar. 

   2016-cı ilin 6 ayı ərzində respublika üzrə ümumilikdə 1 ton 628 kiloqram 598,658 qram narkotik vasitə, o cümlədən 392 kiloqram 755,039 qram marixuana, 17 kiloqram 485,739 qram həşiş, 168 kiloqram 318,335 qram tiryək, 1 ton, 033 kiloqram 992,743 qram heroin, 16 kiloqram 046,802 qram digər vasitələr, 162,162 qram psixotrop maddələr götürülmüşdür.

   Ökəmizin nəqliyyat qovşağında yerləşməsi narkotik vasitələrin dövriyyəsinin artımını şərtləndirir. Bununla əlaqədar, vətəndaşların, xüsusən gənc nəslin  narkotik ticarətçilərinin potensial qurbanlarına çevrilməsinin qarşısının alınması məqsədilə təbliğat xarakterli tədbirlərin həyata keçirilməsi zəruridir. Narkomaniyanın genofondun pozulmasına yönəlmiş fəsadları ən böyük təhlükələrdən biridir. Bununla əlaqədar təhsil müəssisələrində həyata keçirilən təbliğat xarakterli tədbirlərin səmərəsini qeyd etmək olar ki, belə tədbirlər aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mütəmadi həyata keçirilir.

   Narkotik vasitələrin ticarəti dünyada silah və insan ticarətindən sonra ən çox gəlir gətirən qeyri-leqal ticarət olduğundan ölkəmizdə də onların əkilməsi halları mövcuddur. Əməliyyat tədbirləri nəticəsində belə sahələr aşkar edilərək müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları məhv edilmişdir. 2016-cı ilin birinci yarımili ərzində 101 ton 459 kiloqram 875,78 qram narkotik vasitə yaşıl kütlə halında məhv edilmiş və istehsalının qarşısı alınmışdır. 

   Qeyd edilən əməliyyat, istintaq və təbliğat tədbirlərinin gücləndirilməsi qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə yönəlmişdir.

   “Ağ ölüm” adlandırılan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bir gün deyil, hər gün mübarizə aparmaq hüquq-mühafizə orqanları ilə yanaşı, hər bir vətəndaşın borcudur.

Azərbaycan Respublikasının
Baş Prokurorluğunun mətbuat xidməti




Viewed: 1856