Narkomaniya cəmiyyəti təhdid edən bəladır

   İlk növbədə gəncliyin fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərən amillərdən biri bütün dünyanı narahat edən, ən ciddi sosial problemlərdən hesab olunan narkomaniyadır. Bu problem, təəssüflər olsun ki, bizim ölkəmiz üçün də aktual olaraq qalmaqdadır.

   Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu problem ilə mübarizə aparmaq bir o qədər asan deyil. Mütəxəssislər haqlı olaraq onu xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısının alınması böyük çətinliklər, külli miqdarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amil kimi dəyərləndirirlər.

   Eyni zamanda cinayətkar dəstələr narkotiklərin qanunsuz dövriyyəsindən külli miqdarda gəlir əldə etmək üçün müxtəlif yollara əl atırlar. Pul qazanmaq naminə onlar insanları, xüsusilə yeniyetmə və gəncləri “ağ ölüm”ə aparan bu pis vərdişə alışdırırlar.

   Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar QİÇS və başqa sağalmaz və ya çətin müalicə olunan xəstəliklərə yoluxurlar.

   Hər bir xalqın gənclərinin fiziki və mənəvi sağlamlığı dövlət üçün böyük əhəmiyyət kəsb edib. Azərbaycanda dövlət tərəfindən gənclərə yetərincə qayğı göstərilir,  böyüyən nəslin  inkişafı, gənclərin sağlam həyat tərzinin təşkili davamlı olaraq ölkə rəhbərliyinin  diqqət mərkəzindədir.

   Yuxarıda qeyd etdiyim kimi, narkomaniya Azərbaycan vətəndaşlarından  da yan ötməyib. Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları ölkəmiz üçün narahatedici problem olaraq qalır. Son illər respublikamızda da bu ümumbəşəri bəlaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı artırmışlar.

   Ümummilli liderimiz Heydər Əliyev 2002-ci il sentyabrın 12-də Gəncə Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edərkən gənclərə tövsiyə edirdi ki, zərərli vərdişlərdən əl götürüb idmanla məşğul olmaq sağlam cana, sağlam ruha, sağlam təfəkkürə malik olmaq deməkdir. Həmin mərasimdə ümummilli liderimiz Heydər Əliyev narkomaniya ilə mübarizə məsələsinə də toxunub: “... İndi dünyanın, demək olar ki, əksər dövlətlərinin narkotik maddələrin istehsalı, yayılması, onların satışı ilə mübarizə aparmasına baxmayaraq, təəssüflər olsun ki, narkotik maddələr yayılır. Təəssüflər olsun ki, insanlar, xüsusən gənclər bunun təsiri altına düşürlər. Biz Azərbaycanda bu barədə böyük proqram tərtib etmişik. Lazımi işlər görülür. Amma bu işlərin sırasında, yenə də deyirəm, yalnız və yalnız gənclərin özlərini fiziki cəhətdən möhkəmləndirməsi, bədən tərbiyəsi ilə, idmanla məşğul olması narkotik maddələrin istifadə edilməsindən uzaqlaşmanın ən birinci vasitəsidir və birinci şərtidir. Bunlara görə də biz çalışırıq ki, gənclərimiz üçün, onların sağlamlığını təmin etmək üçün müxtəlif idman kompleksləri yaransın. Bədən tərbiyəsi ilə kütləvi məşğul olmaq üçün imkanlar yaransın...”.

   2007-ci il 28 iyun tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın (2007-2012-ci illər) təsdiq edilməsi barədə” Sərəncam imzaladı.

   Proqramda bildirilir ki, bəşəriyyətin ən böyük bəlalarından olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən mürəkkəb problemlərdən biridir: “Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir”.

    Proqramın əsas məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin daha da təkmilləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktiki araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.

   Məlum olduğu kimi, Silahlı Qüvvələr cəmiyyətin tərkib hissəsidir və bu cəmiyyətdə böyümüş minlərlə gənc hər il  ordu sıralarına çağırılır. Cəmiyyətin və onun gəncliyinin sağlamlığı isə ordumuzun sağlamlığı deməkdir. Ona görə gənclər ordu sıralarına yola salınarkən ciddi müayinədən keçirilirlər.

    Mülki həyatda narkotik maddə qəbul edən gənclərin Silahlı Qüvvələrə hərbi xidmətə çağırılmaması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışdan öncə narkoloji dispanserlərdən sorğu vasitəsilə qeydiyyatda olanların siyahısını götürərək həmin gəncləri Səhiyyə Nazirliyinin müvafiq müəssisələrinə müayinəyə göndərirlər.

   Silahlı Qüvvələrdə də narkomaniya ilə mübarizə tədbirləri daim diqqət mərkəzində saxlanılır. Xidmətə çağrılanların davranışında, nitqində narkotik sərxoşluğuna şübhə olduqda həmin hərbi qulluqçular müayinəyə göndərilirlər. Müayinə zamanı şübhələr təsdiq olunduqda onlar məhkəmə-tibbi ekspertiza laboratoriyalarında narkotestlərə cəlb olunurlar. Hərbi hissə və birləşmə komandirlərinə narkomanlıq halları aşkar edilərsə, hərbi qulluqçuların müalicəsi və sağlamlığının bərpasının təmin edilməsi, hərbi xidmətdən tərxis olunduqdan sonra isə profilaktik işlərin həyata keçirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq orqanlarla qarşılıqlı məlumat mübadiləsinin aparılması tövsiyə edilmişdir.    

   Şəxsi heyətlə aparılan tərbiyə işinin təşkili zamanı və keçirilən hüquq hazırlığı saatlarında narkomaniyanın yaranması, narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizminə vurduğu zərər, habelə onların cəmiyyətdə törətdiyi fəsadların nəticələri haqqında məlumatlar verilir və xüsusi dərslər keçirilir, sənədli filmlər nümayiş olunur. Narkotik vasitələr və psixotrop maddələri qəbul edən şəxslərin aşkar edilib müəyyənləşdirilməsi və profilaktik işin təşkili üçün  komandir və rəislər müvafiq qayda və üsullardan  istifadə edirlər.

    Bütün bunlar əyani şəkildə göstərir ki, narkomaniya  dövlətin və cəmiyyətin qarşısında ağrılı bir problem kimi dayanır və bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti nəticəsində bütövlükdə cəmiyyəti təhdid edən bu bəla ilə səmərəli mübarizə aparmaq mümkündür.

Müdafiə Nazirliyinin Mətbuat Xidməti




Viewed: 1992