Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 cinayət faktı aşkarlanıb

   Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmışdı. Azərbaycanda narkomaniya və narkobizneslə mübarizənin əsası tarixdə ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanun ilə qoyulmuşdur. Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısını ala bilər.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü  il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nərimanov rayonunun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası fəaliyyətini mütəmadi illik iş planları əsasında qurur.

   Narkomanlığın yayılması və qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə əhali arasında maarifləndirmə işlərin səmərəliyinə diqqət artırılır, bu xəstəliyə dücar olanlar müəyyən edilərək müalicəyə cəlb olunur, narkoxassəli bitkilərin əkilib becərilməsi və yabanı bitənlərin erkən aşkarlanaraq məhv edilməsi sahəsində aidiyyəti orqanlar bir sıra tədbirlər həyata kecirir.

    Nərimanov rayonu ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılması ilə mübarizə sahəsindəki tədbirlərin ildən-ilə təkmilləşməsi və gücləndirilməsinin nəticəsi olaraq aşkar edilən cinayət faktlarının sayı, qanunsuz dövriyyədən götürülən narkotik vasitələrin, o cümlədən güclü təsirə malik narkotiklərin çəkisi əhəmiyyətli dərəcədə coxalmış, bir sıra qrupların yaxalanması ilə nəticələnən uğurlu əməliyyatların, eyni zamanda məqsədyönlü profilaktiki və maarifləndirmə tədbirlərinin keçirilməsi təmin edilmişdir.

   2016-cı ilin ötən dövrü ərzində Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 38 cinayət faktı aşkar edilmiş, bunlardan 7 fakt narkotik vasitələrin satışı ilə bağlı olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində  12 kq 717, 645 qram çəkidə narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası Gənclər və idman idarəsi ilə birgə narkomaniyaya qarşı bir sıra profilaktik tədbirlər həyata keçirmişdir. Belə ki, 193 №-li tam orta məktəbdə “Narkotiklərə - yox!” mövzusunda rəsm sərgisi və şagirdlərlə görüş, 34 №-li tam orta məktəbdə “Narkomaniya ilə mübarizə” mövzusunda şagirdlərlə görüş, 16 mart tarixində Bakı İdarəetmə və Texnologiya Kollecində “Həbsxanaya gətirən yollar” mövzusunda  tələbələrlə disput, 12 aprel tarixində 36№-li tam orta məktəbdə “Ağ ölüm”lə mübarizə” mövzusunda rəsm sərgisi və şagirdlərlə görüş, 17 may tarixində Bakı Dəmir Yolu Liseyində “Narkotiklərdən imtina edək” mövzusunda şagirdlərlə görüş, 7 iyun tarixində Azərbaycan Turizm və Menecment Universitetində “Asudə vaxtımızı səmərəli keçirək” mövzusunda konfrans keçirilmişdir. Tədbirlərdə həkim-narkoloq Asif Kəngərlinin “Bəla” filmi nümayiş etdirilmişdir.

    Bəşəri bəla olan narkomanlığın yayılması və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Rayon Ağsaqqallar Şurasının, Müharibə, Əmək, Silahlı Qüvvələr, hüquq-mühafizə orqanları Veteranlar Şurasının rayon şöbəsi üzvlərinin, Rayon gənclər və idman idarəsinin nümayəndələrinin, hüquq-mühafizə orqanları işçilərinin iştirakı ilə 37, 73, 34, 207, 39, 178, 82 nömrəli məktəblərdə müxtəlif tədbirlər keçirilib.  36, 47 və 258 nömrəli məktəblərin müəllim-valideyn kollektivlərinin birgə iştirakı ilə “Övladlarımızı narkomaniyadan qoruyaq” mövzusunda keçirilən maarifləndirici toplantıda uşaqların zərərli vərdişlərdən qorunması yolları şəhər Narkoloji Dispanserin həkimi Elçin Aslanovun, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi Azər  Nəcəfovun, rayon Polis idarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik, işinin təşkili bölməsinin rəisi, polis mayoru Rüstəm Rüstəmovun tərəfindən aşılanmışdır.

   Narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə Polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları, İctimai təhlükəsizlik şöbəsinin və Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin işçiləri, ali və orta-ixtisas təhsil müəssisələrinin gənclər təşkilatlarının üzvləri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının üzvləri ilə birgə əlaqəli profilaktik tədbirlər həyata keçirirlər. Tədbirlərdə gənclərin asudə vaxtının səmərəli təşkil olunması, şagirdlərin siqaret çəkməsi, dərsdən yayınmasına və pis vərdişlərə yiyələnməsinə qarşı mövzularda çıxışlar edilir, fərdi söhbətlər və fikir mübadiləsi aparılır.

    26 iyun - Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar  24 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyevin, BMT-nin İnkişaf Proqramının Strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyevin, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənovun və Respublika Narkoloji Mərkəzin həkim-narkoloqu Asif Kəngərlinin iştirakı ilə Nərimanov Rayon İcra Hakimiyyətində toplantı keçirilmişdir.

   2016-2017-ci tədris ilinin başlanması ilə əlaqədar gənc və yeniyetmələri narkomaniyaya doğru çəkən daxili və xarici amillərdən əlavə onların asudə vaxtlarının təşkili, onların məşğulluq səviyyəsi, işsizliklə bağlı problemlər də daxildir. Ancaq narkomaniyaya aludə olmaq səbəbini yalnız sosial vəziyyətlə bağlamaq olmaz. Təbliğat cəmiyyətdən gəlsə də bu, ailələr səviyyəsində, məktəb səviyyəsində yetərincə aparılmalıdır. Məktəblərdə maarifləndirmə işləri lazımi səviyyədə təşkil olunmalı, asudə vaxtın səmərəli təşkilindən tutmuş insanın düzgün formalaşmasına qədər kompleks tədbirlər planı həyata keçirilməlidir.

   Hazırda  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Nərimanov Rayon Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində tədbirləri davam etdirir.

İradə Mahmudova,

Nərimanov Rayon İcra Hakimiyyəti 
başçısının müavini, Narkomanlığa və Narkotik 
Vasitələrin Qanunsuz Dövriyyəsinə 
Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri 




Baxılıb: 1123