Hazırda dünya birliyi qarşısında duran mürəkkəb və təhlükəli problemlərdən biri narkomaniyadır. Narkomaniya cəmiyyəti təhdid edən bəladır. İlk növbədə gəncliyin fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərən və ən ciddi sosial problemlərdən hesab olunan narkomaniya təəssüflər olsun ki, bizim ölkəmiz üçün də aktual olaraq qalmaqdadır.
Ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanını, Dövlət Komissiyası haqqında Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı, eləcə də digər hüquqi-normativ sənədləri rəhbər tutan Astara Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar 2016-cı ilin ötən dövründə ictimai maarifləndirmə işləri genişləndirilmiş, antinarkotik təbliğat və digər təşkilati-hüquqi tədbirlər həyata keçirilmişdir.
Belə ki, Dövlət Proqramının tələblərindən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə komissiyada geniş tədbirlər planı hazırlanmış və icrası nəzarətə götürülmüşdür. Bu istiqamətdə rayonun bütün yaşayış məntəqələrində geniş izahat, maarifləndirmə və profilaktiki işlər görülmüşdür.
2016-cı ilin ötən dövründə rayonda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni daha da gücləndirmək üçün rayon İcra Hakimiyyətinin, Gənclər və idman idarəsinin, Təhsil şöbəsinin, Astara Pedaqoji Kollecinin, rayon Mədəniyyət və turizm şöbəsinin, YAP rayon təşkilatı Gənclər Birliyinin, rayon Mərkəzi xəstəxanasının və rayon Polis şöbəsinin birgə kompleks tədbirlər planına uyğun olaraq müxtəlif mövzularda 9 tədbir - 1 seminar müşavirə, 1 idman yarışı, 1 rəsm sərgisi, 2 seminar, 4 görüş və mədəni-kütləvi aksiyalar keçirilmişdir. Bu tədbirlərdə 955 nəfərdən çox gənc iştirak etmişdir. Burada “Narkotiklərsiz XXI əsr”, “Narkomaniya uçuruma aparan yoldur”, “Bəşəriyyətin faciəsi”, “Narkotiklərsiz həyat”, “AİDS XXI əsrin bəlasıdır”, “Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir”, “Narkomaniyaya yox deyək” mövzularında məruzə və mühazirələr oxunmuş, söhbətlər aparılmış, seminar-müşavirələr keçirilmiş, foto və rəsm sərgiləri təşkil olunmuşdur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın səmərəliliyinin artırılması məqsədi ilə rayon İcra Hakimiyyəti, Gənclər və idman idarəsi, Təhsil şöbəsi, Astara Pedaqoji Kolleci, rayon Mədəniyyət və Turizm şöbəsi, YAP rayon təşkilatının Gənclər Birliyi, rayon Mərkəzi xəstəxanası, Polis şöbəsi ilə birgə razılaşdırılmış “Gənclərimizi qoruyaq”, “Narkomaniyaya yox deyək!” mövzusunda keçirilən seminar-müşavirələrin, müsabiqələrin və gənclərlə görüşlərin Əsasnaməsi hazırlanaraq icrası təmin edilmişdir.
29-31 yanvar 2016-cı il tarixdə Astara Olimpiya İdman Kompleksində rayon Gənclər və idman idarəsi Juboksinq Citsu Federasiyası ilə birgə “Narkomaniyaya yox deyək” devizi ilə respublika turniri keçirmişdir. Tədbirdə respublikanın 12 şəhər və rayon komandasından 95 idmançı, 24 məşqçi və nümayəndə iştirak etmişdir.
22, 23, 25,29 fevral 2016-cı il tarixlərində Təngərüd, Şüvi kənd, Şiyəkəran kənd 2 saylı və Astara şəhər 1 saylı məktəblərdə rayon Gənclər və idman idarəsi Təhsil şöbəsi ilə birgə “Narkomaniyaya yox deyək” mövzusunda gənclərlə görüşlər keçirmişdir.
26 may 2016-cı il tarixində Gənclər evində rayon İcra Hakimiyyəti, Gənclər və idman idarəsi, Təhsil şöbəsi, Astara Pedaqoji Kolleci və əlaqədar təşkilatlarla birgə 31 may Dünya Tütünlə Mübarizə Gününə həsr olunmuş “Sağlam gənclik, sağlam gələcək” mövzusunda seminar və rəsm sərgisində tələbə gənclər, müəllimlər, idmançılar ümumilikdə 180 nəfər iştirak etmişdir.
Bütövlükdə keçirilən tədbirlərdə iştirakçıları maarifləndirmək məqsədi ilə rayon İcra Hakimiyyəti, Gənclər və idman idarəsi tərəfindən hazırlanmış “Narkotiklərsiz həyat”, “Zərərli vərdişlər sağlamlıq üçün təhlükəlidir”, “Narkomaniya-uçuruma aparan yol” mövzularında bröşürlər paylanmışdır.
Komissiyanın tədbirlər planına əsasən “Xaş-xaş” şərti adı altında rayon Polis şöbəsi, Gömrük xidməti, İnzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələrlə birlikdə aprel-oktyabr aylarında kompleks əməliyyat-axtarış tədbirlər həyata keçirilmişdir.
2016-cı ilin ötən dövrü ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 81,889 qram heroin, 1,049,844 qram tiryək, 99,36 qram həşiş, cəmi 11 fakt üzrə 1 kq 231,093 qram narkotik maddələr aşkar edilərək dövriyyədən çıxarılmış, 4 saxlama (234,1-ci maddə), 6 satma (234.2-ci maddə) olmaqla cəmi 10 fakt aşkar edilərək, müvafiq olaraq tədbirlər görülmək üçün aidiyyəti üzrə göndərilmişdir.
Narkoloji kabinetdə dispanser qeydiyyatında 304 nəfər narkoman vardır. Bunlardan 194 nəfər profilaktik narkoman kimi nəzarətdə olmaqla , 15 nəfər isə xroniki alkoqolizm diaqnozu ilə qeydiyyatda durur.
Astara rayonun İran İslam Respublikası ilə 100 km-ə yaxın quru sərhədi, 20 km-lik dəniz sərhədi vardır. Burada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədi ilə daha ciddi tədbirlərin görülməsi tələb olunur.
Narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə rayonun ümumtəhsil məktəblərində, Astara Pedaqoji Kollecində, Olimpiya İdman Kompleksində, mədəniyyət evi, klub və kitabxanalarda, ayrı-ayrı yaşayış məntəqələrində həyata keçirilən tədbirlər “Astara” rayon qəzetində dərc edilmişdir.
Narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə sahəsində dövlət orqanlarının, rayonda fəaliyyət göstərən Ağsaqqallar Şurası, Qadınlar Şurası, gənclər təşkilatları, Veteranlar Şurası, dini icmalar və digər qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq öz bəhrələrini verməkdədir.
Nəticələr göstərir ki, bəşəri problem olan narkomaniya ilə mübarizədə ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, əhalinin bütün təbəqələrinin birgə mübarizəsi çox böyük əhəmiyyət daşıyır. Başqa sözlə, narkomaniyaya qarşı mübarizə ümumxalq işi olmalıdır. Yalnız bu halda biz gələcəyimizi bu bəladan qurtara bilərik.
Narkomanlığa, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Astara Rayon Komissiyası narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəni daim nəzarətdə saxlamaqla bu istiqamətdə zəruri olan bütün tədbirləri aidiyyəti idarə, müəssisə və təşkilatlarla qarşılıqlı əlaqəli şəkildə həyata keçirəcək, fəal gənclərin və ictimai təşkilatların yaxından köməyindən səmərəli istifadə edəcəkdir.
Dövlət Proqramının müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar sağlam həyat tərzinin təbliği, asudə vaxtın təşkili məsələlərinə diqqətin artırılması və gənclər arasında antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə rayon komissiyası bundan sonra da fəaliyyətinin səmərəliliyinin artırılmasına səy göstərəcəkdir.
Allahverən Mahmudov,
Astara Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini,
Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Rayon Komissiyanın sədri