Narkomaniya böyük bədbəxtlikdir!

   Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır.

   Lev Tolstoy deyirdi: “Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır”.

   Mütəxəssislərin fikrincə, narkotik maddələrdən istifadə edən insanlarda ilk əvvəl xoş hisslər yaranmağa başlayır və istifadəçilər bu aldadıcı təsirin, yəni sevinc və enerjinin həmin maddələrdə olmasına inanmağa başlayır. Bu qənaətin yanlış olduğunu isə deməyə heç ehtiyac yoxdur. Əgər hər şey narkotik istifadəçilərinin düşündüyü kimi olsaydı, cəmiyyətin ən fərəhli, ən gümrah, öz karyerasında və şəxsi həyatında uğur qazanan insanları onlar olardılar.

   Azərbaycan “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkotizmlə və narkobizneslə mübarizənin əsası ölkə tarixində ilk dəfə olaraq  ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dünyanın başı üstündə dolaşan bu dəhşətli ölüm  kabusuna qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən o müdrik şəxsiyyətin 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında”  imzaladığı fərmandan sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Həmin fərman əsasında 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli Proqram hazırlanmış, həmin bəşəri bəlaya qarşı mübarizə məqsədilə Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan 1998-ci ildə BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il konvensiyalarına da qoşulmuş, Milli Məclisin 18 iyun 1999-cu il tarixdə qəbul etdiyi Azərbaycan Respublikasının qanununa müvafiq olaraq, ölkəmizdə narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının  və xammalın hazırlanması qadağan edilmişdir. Ulu Öndərin 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illərədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə daha bir Milli Proqram qəbul edilmiş, bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, həmçinin aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan 2000-ci ildə Avropa Şurasının tamhüquqlu üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində bu sahədəki fəaliyyətini uğurla davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005, 2007 və 2013-cü illərdə verdiyi tarixi fərman və sərəncamlar da “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə üzrə Dövlət Proqram”larının həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlar idi. 2011-ci il oktyabrın 17-də BMT-nin dəstəyi ilə “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda paytaxtımızda keçirilən ikigünlük beynəlxalq konfrans da bu cəhətdən böyük əhəmiyyət kəsb etmişdir. Narkotizmlə və narkobizneslə mübarizə hər şeydən öncə ölkəmizin ərazi bütövlüyünün qorunması, onun suverenliyinin bərpası, cəmiyyətin sağlamlığının, dinclik və əmin-amanlığının mühafizəsi zərurətindən irəli gəlir. Çünki narkotizmlə və narkobizneslə mübarizə terrorizmlə mübarizənin tərkib hissəsidir. Bu sahədə ölkəmizdə  normativ hüquqi baza da yaradılıb.

   Narkotizmlə mübarizə uzunmüddətli və çoxşaxəli, geniş maliyyə vəsaiti tələb  edən dinamik bir proses olsa da, öz ictimai təhlükəliliyi ilə fərqlənən, həmişə gizli şəraitdə baş verdiyi üçün ictimai nəzarətdən kənarda qalıb durmadan artan bu cinayətkar prosesə qarşı səylə mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsinə çevrilməli, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artmasının  qarşısı qətiyyətlə alınmalıdır.

İlqar  Dadaşov,
Lənkəran Şəhər İcra Hakimiyyətinin 
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədri 




Viewed: 930