“Mən həyatı seçirəm”

   Son illərdə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində əldə olunan nailiyyətlərə əsasən Azərbaycan dünyanın çoxlu dövlətləri üçün bir nümunəyə çevrilib. Əsasən də ölkədə qanunvericilik sahəsində aparılan islahatlar və tənzimlənmə Avropa və Asiya ölkələri tərəfindən öyrənilir.

   Narkomaniya ilə mübarizə bütün dövlətlərdə aparılır. Narkotik vasitələrinin satışının və yayılmasının qarşısının alınması tədbirləri dünyada koordinasiya şəklində həyata keçirilir. Azərbaycanda bu sahədə dövlət qurumları müvafiq tədbirləri beynəlxalq və qeyri-hökumət təşkilatlarla birgə həyata keçirir.

   2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən narkotiklə mübarizə, onun insan üçün zərərləri barədə maarifləndirmə materialları çap edilir, mütəmadi olaraq təlimlər keçirilir. Eyni zamanda, Komitə tərəfindən yerli media orqanları ilə narkomaniyanın mənfi təsirləri ilə bağlı informasiya geniş şəkildə yayılır. Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti çərçivəsində yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və maarıfləndirilməsi məqsədilə vaxtaşırı təlimlər, tədbirlər təşkil olunur.

   2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yeni “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Proqrama əsasən narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi, şəhər və rayonlarda asudə vaxtın təşkili məsələlərinə diqqətin artırılması, gənclər evlərinin, idman, mədəniyyət, incəsənət müəssisələrinin, ailələrə və uşaqlara dəstək mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, uşaq və yeniyetmələrin belə müəssisələrə cəlb olunması və digər tədbirlər nəzərdə tutulub.

   Narkomaniya ilə mübarizə sahəsində qanunvericilikdə aparılan islahatlarla birgə maarifləndirmə kampaniyalarının keçirilməsi vacibidir. Rayonlarda və şəhərlərdə orta və ali təhsil ocaqlarında, rayon icra hakimiyyətlərində, hərbi hissələrdə konfranslar, dəyirmi masalar və maarifləndirmə tədbirləri  keçirilməkdədir. (“Narkomanlıq ağ ölümdür” mövzusunda elmi-praktiki konfrans,  “Gənclər narkotiklərin əleyhinədir” dəyirmi masa, “Narkomaniya İİV/QİÇS-in fəsadları” mövzusunda mühazirələr, “Sağlam həyat - sağlam gələcəkdir” adlı tədbir,  “Cənubi Qafqazda Gənclər Üçün Reproduktiv Sağlamlıq Təşəbbüsü” adlı Milli Konfrans, “Gənclər narkotiklərə yox deyir” mövzusunda elmi-praktik konfranslar və digərləri).

   Maarifləndirmə işinin davamı olaraq 2016-cı ildə “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə start verildi. Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq Respublikamızın şəhər və rayonlarında cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir. Görüşlərdə ziyanlı vərdişlərin yaratdığı fəsadlar, sağlam həyat tərzi, reproduktiv sağlamlıq və digər mövzular ətrafında müzakirələr aparılmış, iştirakçıların mövzular ətrafinda sualları cavablandırılmışdır.

   Ötən illərdə olduğu kimi 2016-cı ildə də orta məktəblərdə maarifləndirmə tədbirləri təşkil edilmişdir. Azərbaycanda uşaq hüquqları, uşaqlarla bağlı qəbul edilmiş qanunlar və imkanlar, uşaqlara qarşı zorakılıq və onlardan müdafiə olunmağın yolları, uşaq əməyi, zərərli vərdişlər, uşaqların internetdən təhlükəsiz istifadəsi ilə bağlı məlumatlar verilmiş, məktəblilərlə aktiv müzakirələr aparılmışdır.Yekunda uşaqlar tərəfindən səsləndirilən suallar cavablandırılmış, təklifləri dinlənilmişdir.

   Bizim gücümüz birliyimizdədir

   2015-ci ildən etibarən yerli icra hakimiyyətləri ilə birgə cəmiyyət üzvləri arasında Azərbaycan ailəsinə xas dəyərlərin və sağlam həyat tərzinin təbliği, ailələrin asudə vaxtının səmərəli təşkili məqsədilə “Bizim gücümüz birliyimizdədir” adlı maarifləndirmə layihəsi həyata keçirilib.

   Bu layihə   çərçıvəsində ailənin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği, gənclərin fiziki inkişafının önəmi və s.  mövzular ətrafında müzakirələr aparılmışdır.

   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2016-cı ildə Rayon İcra Hakimiyyətləri ilə birlikdə “Öyrən, İdarə et, Lider ol” mövzusunda təlimlər təşkil etmişdir. Təlimdə Bakı şəhərinin rayonlarını  təmsil edən məktəblilər iştirak etmişdir. Məktəblilərdə ekspertlər tərəfindən müxtəlif mövzularda təlimlər keçirilmiş, müzakirələr, qrup işləri aparılmışdır. Təlim zamanı Komitənin əməkdaşları “Uşaq hüquqları: hüquq və vəzifələrimiz. Qanunvericiliyimiz”, “Uşaqlarda liderlik keyfiyyətlərinin inkişafı. Liderlik və idarəetmə-bacarıq və tələblər”, “Qarabağ həqiqətlərini dünyaya çatdıraq”, “Uşaq və yeniyetmələrin internet təhlükəsizliyi” mövzuları üzrə iştirakçıları maarifləndirmişdilər. Təlimdə reproduktiv sağlamlıq, tütünçəkmənin reproduktiv sağlamlığa təsiri, passiv tütünçəkmə, spirtli içkilərin yeniyetmə orqanizmə vurduğu zərərlər, narkomaniya ilə bağlı uşaqlara ətraflı məlumatlar verilmiş, onlarla müzakirələr aparılmış, fikirləri dinlənilmişdir.

   Həmçinin, təlim zamanı yazıçılar, alimlər, incəsənət xadimləri uşaqlarla alkoqolizm və narkomaniya ilə bağlı ətrafli söhbət aparmış, müəllifi olduqları əsərləri və tamaşalar uşaqlara nümayiş olunmuşdur.

   Narkotiklər, yoxsa Həyat

   Cari ildə “Narkotiklər, yoxsa həyat” adlı yaddaş vərəqəsi çap olunaraq       müxtəlif qurumlar vasitəsi ilə əhaliyə paylanılmışdır.

   Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal inkişafına və sağlamlığına mənfi təsir göstərən hallardan və narkomaniya kimi zərərli vərdişlərdən qorunması məqsədi ilə vətəndaşlara, xüsusilə qaçqın və məcburi köçkün məktəblərində, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisələrində maarifləndirmə kampaniyaları keçirilmişdir. Kampaniyalar çərçivəsində Təhsil, Səhiyyə, Ədliyyə Nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, rayon İcra Hakimiyyətlərinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaları, rayon Polis idarələrinin yetkinlik yaşına çatmayanlarla işləyən inspektorları, rayon Vətəndaş Vəziyyətləri Aktlarının Dövlət Qeydiyyatı idarələrinin, müvafiq QHT-lərin nümayəndələri, o cümlədən məktəblərin nəzdində Valideyn-Müəllim Assosiasiyası rəhbərləri, məktəb psixoloqları da cəlb olunmaqla müvafiq tədbirlər keçirilmişdir.

   Mütəmadi olaraq Komitə tərəfindən müxtəlif  məlumat xarakterli bukletlər, kitabçalar (“Özünüzü və yaxınlarınızı qoruyun”, “Reproduktiv sağlamlıq”, “Nikahdan əvvəl tibbi müayinə”, “QİÇS sağalmaz xəstəlikdir”, “Sağlam həyat tərzi”, “Biz narkotiklərə yox deyirik”, “Reproduktiv sağlamlıq  və nikahdan əvvəl tibbi  müayinə”, “QİÇS analizini ver! Riski sıfıra endir!”, “Biz narkotiklərə YOX deyirik”,”Narkotiksiz həyat. Sağlamlığın öz əlindədir”) çap olunur.

   Tədbirlərdə Dövlət Proqramları çərçivəsində narkomaniya, HIV/QİÇS xəstəliyinin qarşısının alınması, insan alverinin profilaktikası, sağlam həyat tərzinin təbliği mövzusunda maarifləndirmə işləri aparılmış, qeyd edilən məsələlərlə bağlı “HIV/AİDS: Növbəti qurbanı sən olma”, “Günəş şəhəri”, “Hədəf”, “Yuxu yaddaşı”, “Affekt”, “İşıqlı zülmət” adlı qısametrajlı filmlər nümayiş etdirilmişdir.

   Əhali arasında maarifləndirmə işlərinin davamı olaraq Komitə tərəfindən hazırlanmış, “Reproduktiv sağlamlıq”, “Nikahdan əvvəl tibbi müayinə”, “QİÇS-ə yox! Özünüzü qoruyun!”, “QİÇS analizini ver. Riski sıfıra sal!”, “Valideyn-övlad münasibətləri”, “Sağlam həyat tərzi seçin”, “Yaşlılara hörmət və qayğı təlimatları”, “Qan qohumları arasında nikah və onun fəsadları”, “İnsan alverinin qurbanı olma!”, “Biz narkotiklərə yox deyirik”, “Ailənin əlifbası”, “Ailədə psixoloji iqlim”, “Ailə və iş”, “Ailə zorakılıq uşaq” adlı çap vəsaitləri və “Azərbaycan ailəsi” kitabı tədbirlərin həyata keçirildiyi müəssisələrin kitabxanalarına təqdim olunub.

   Sağlam Ailə - Sağlam Cəmiyyət

  Sağlam ailədə sağlam uşağın böyüməsi məqsədilə Azərbaycanda qeyri-hökumət təşkilatları tərəfindən görülən işlər mühüm yer tutur. Yeniyetmə və gənclər arasında narkomaniyanın zərərinin təbliği və bu barədə gənclərin maarifləndirilməsi işinə qeyri-hökumət təşkilatları cəlb edilir (Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, Azərbaycan Psixiatriya Assosiasiyası, “Nur” Uşaq və Gənclərin İctimai Birliyi və digərləri).

   Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda  yorulmaz əməyi, peşəkar ictimai fəaliyyəti ilə,  hər bir problemə dərin insani və həssas münasibəti göstərməklə  hamımız üçün təkrarsız örnəkdir. Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Komitə artıq 8-ci ildir ki, birgə “Azərbaycan ailəsi” adlı film festivalını keçirir. Bu festivalın əsas məqsədi kinematoqrafiyanın vasitəsi ilə Azərbaycan gənclərinin sağlam ruhda tərbiyələndirilməsi, ailə dəyərlərinin qorunub-saxlanılması və cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılmasıdır. Festivalda narkomaniyanın gətirdiyi faciədən bəhs edən filmlər xüsusi nominasiyalarda iştirak edirlər.

   Bu gün narkomaniyadan və zorakılıqdan zərər çəkmiş uşaqlara yardım edilməsi, reabilitasiya keçməsi və onların cəmiyyətə reinteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Reabilitasiya prosesi özündə psixoloji, hüquqi, tibbi yardımı əks etdirir. Eyni zamanda, araşdırma nəticəsində müəyyən edilsə ki, zorakılıqdan zərər çəkmiş uşaqlar valideyn qayğısı ilə əhatə edilmirdi, bu halda valideynlərin vəzifələrini yerinə yetirməməsi təsdiqlənir. Həmin faktlar aşkar edilərsə valideyn hüquqlarında məhdudlaşdırma və ya məhrumetməyə gətirə bilər. Ancaq İnzibati və Cinayət Məcəlləsində valideyn məsuliyyətini əks edən müddəaları əlavə etsək problemin həllində çıxış yolunu tapa bilərik.

   Narkomaniya xəstəlikdir, virusdur. Narkomaniya - psixoloji və fiziki zorakılıqdır. Narkotik vasitələrin yayılması cinayətdir! Uşaqların bu xəstəliyə və asılılığa düçar olunması ikiqat cinayətə çevrilir. Bu kimi problemlərin qarşısının alınması nəinki bir cəmiyyətin vəzifəsidir, bu bütün dünya dövlətlərinin məsuliyyətidir. Eyni zamanda, uşaqların narkomaniyadan yayınması məqsədilə valideynlərin məsuliyyətinin artırılması məsələsi gündəmə gəlib.

   Son 10 ildə Azərbaycanda dövlət tərəfindən aparılan islahatlara əsasən uşaq (erkən) nikahların, məişət zorakılığının, uşaq alverinin qarşısının alınmasında və narkomaniya ilə mübarizə sahələrində uğurlara nail olunmuşdu. Uşaq hüquqlarının müdafiəsi və narkomaniyanın yayılmasının qarşısının alınması ilk öncə dövlətlərin milli qanunvericiliklərdə aparılan islahatlardan və maarifləndirmə kampaniyalarının davam etdirilməsindən asılıdır. Gəlin birlikdə bu “virusla” mübarizə aparaq!!!

   Bizim məqsədimiz sağlam ailədir, sağlam düşüncədir!

   Bu gün hər gəncə seçim hüququ verilib. İnkişaf etmək, təhsil almaq, idmanla məşğul olmaq, ictimai fəaliyyətdə fəal olmaq, cəmiyyətə xeyir vermək və digər müsbət fərdi xüsusiyyətlərin gənclərin əsas məqsədinə çevrilməsi üçün dövlətin və vətəndaş cəmiyyətinin birgə fəaliyyəti gücləndirilməlidir.

  “Mən həyatı seçirəm” şüarına riayət edilməsi sağlam gələcəyin formalaşdırılmasına və dövlətin inkişafına təsir göstərən əsas istiqamətlərdən biridir.

Elgün Səfərov,

Hüquq elmləri üzrə Fəlsəfə Doktoru Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar
şöbəsinin müdiri




Viewed: 1314