Narkotiksiz həyat

  Bu gün narkomaniya cəmiyyətin ən ciddi problemlərindən biridir. Son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli güclənmişdir. Bu mübarizədə Nəsimi rayonunda fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın az rolu olmamışdır.

  Komissiya öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı rəhbər tutmuşdur. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 29/11-138 saylı, 29.12.2016-ci il tarixli məktubuna müvafiq olaraq rayon komissiyasının 2017-ci il üçün iş planı təsdiq olunmuşdur.

  Gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədi ilə komissiya il ərzində rayonun orta və ali təhsil müəssisələrində müxtəlif mövzularda inşa-yazı və rəsm müsabiqələri, ədəbi-bədii tədbirlər keçirmişdir.

  Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Cəsurlar” hərbi idman və turizm və “Şahin” hərbi idman oyunlarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.

  Yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, təhsil səviyyələrinin yüksəldilməsi, elmi potensiallarının inkişaf etdirilməsi və eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə hər ay rayonun ali və orta ümumtəhsil məktəblərində bədii-əyləncəli tədbirlər keçirilmişdir.

  Ötən il də Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” 1 fevral 1997-ci il tarixli Sərəncamına uyğun olaraq Gəncləri Günü münasibətilə 2 fevral 2016-cı il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti “Gülüstan” sarayında “Gənclik ömrün baharıdır” adlı bədii-əyləncəli tədbir keçirmişdir. Tədbirdə gənclərin əldə etdiyi nailiyyətlərindən, gənclər siyasəti və idman sahəsində görülən işlərdən söhbət açılmış, il ərzində fərqlənmiş bir qrup  tələbə və şagirdlərə diplom və müxtəlif hədiyyələr təqdim edilmişdir. Həmçinin tədbirdə istedadlı gənc rəssamların əl işlərindən ibarət sərgilər də nümayiş etdirilmişdir.

  Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası məqsədi ilə məktəblərdə müsabiqələr, seminarlar və “dəyirmi masa”lar keçirilmişdir. Həmin tədbirlərdə din xadimləri, Ağsaqqallar Şurasının nümayəndələri, müharibə veteranları da iştirak etmişlər. Tədbirlərdə şagirdləri maraqlandıran suallar ətrafında diskussiyalar aparılmışdır.

  Rayon komissiyasının üzvləri keçən il ərzində yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədi ilə bədən tərbiyəsi və idman sahələri üzrə keçirilən tədbirlərdə fəal iştirak etmişlər. Yarışlarda yer tutan komandaların oyunçuları diplom və hədiyyələrlə mükafatlandırılmışdır.

  2016-cı il ərzində komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, onların hüquq və mənafelərini qorumaq, qanunazidd əməllərin qarşısını almaq, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsi, antinarkotik təbliğat və maarifləndirmə, məktəblilərin sağlam həyat tərzi ilə əlaqədar fiziki hazırlıqların inkişaf etdirilməsi, yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş azyaşlılar arasında narkomanlığın yayılması məqsədilə onlara qəyyum və himayəçi təyin edilməsi istiqamətində olmuşdur.

  Keçən il polis əməkdaşları tərəfindən keçirilmiş 82 reyd nəticəsində müxtəlif hüquq pozuntuları törətmiş 221 yetkinlik yaşına çatmayan müəyyən edilərək Poli bölmələrinə və rayon Polis idarəsinə gətirilmiş, hər biri ilə profilaktiki söhbət aparıldıqdan sonra onlardan iltizam alınaraq valideynlərinə və yaxud məktəb rəhbərliyinə təhvil verilmişdir. Küçələrdə avaralıq, dilənçilik edən, digər qanunazidd əməllərə yol verən, habelə uşaqları belə əməllərə təhrik edən şəxslərin aşkar olunması məqsədi ilə mütəmadi olaraq reydlər keçirilmiş və bu reydlər zamanı dilənçiliklə məşğul olan 30 yetkinlik yaşına çatmayan saxlanılmışdır. 2016-cı il ərzində narkotiklərdən zərər çəkmiş yetkinlik yaşına çatmayanlar qeydə alınmamışdır.

  Rayon ərazisində fəaliyyət göstərən “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhvi” üzrə komissiyaya daxil olmuş məktublara və icra vərəqələrinə baxılaraq, komissiya üzvləri tərəfindən vətəndaşlardan müsadirə edilmiş narkotik maddələrin çəkisi, tərkibi, icra vərəqəsinin nömrəsi, tarixi aydınlaşdırılaraq müsadirə edilmiş narkotik maddələr rayon Polis idarəsinin 20-ci polis bolməsinin həyətində xüsusi ayrılmış yerdə yandırılaraq məhv edilmişdir. 

  Çəkisi çox olan narkotik maddələr isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası sədrinin 3 saylı 03.03.2006-cı il tarixli Sərəncamına əsasən geri qaytarılmış, Dövlət Komissiyasına müraciət olunması tövsiyə edilmişdir. 

  2016-cı il ərzində 126 vətəndaşdan müsadirə edilmiş 2 kq.114.189 qram narkotik maddə komissiya üzvlərinin iştirakı ilə məhv edilərək aktlaşdırılmışdır.

  Ötən il ərzində Nəsimi rayonu ərazisində rayon Polis idarəsi tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 114 cinayət hadisəsi qeydə alınmış, onlardan 103 fakt bu maddələrin saxlanılması, qalan 11 fakt isə narkotiklərin satışı ilə əlaqədar olmuşdur. 

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Nəsimi Rayon Komissiyası bundan sonra da  Dövlət Proqramını rəhbər tutaraq, yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi,  onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması və eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə kütləvi şəkildə keçirilən tədbirlərə cəlb olunmalarını təmin edəcəkdir və proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirəcəkdir.

A.Tağıyev,

Nəsimi Rayon İcra Hakimiyyətinin Narkomanlığa və

Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə

üzrə rayon Komissiyasının sədri 




Baxılıb: 1215