“Ağ ölüm”ə qarşı mübarizə gücləndirilir

   Azərbaycan Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı İşçi Qrupu tərəfindən göndərilmiş təhlil rayon komissiyası tərəfindən müzakirə edilmiş və komissiya əlaqədar təşkilatlarla birlikdə Ucar rayonunda 2016-ci ildə bir sıra tədbirlər görmüşdür. Belə ki, ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu islahatlara uyğun olaraq cəmiyyətimiz üçün “ağ ölüm” sayılan narkomanlığın yayılmasına qarşı mübarizə işi də hər zaman aktual olmaqla son illərdə rayonda bu sahəyə ciddi diqqət yetirilməkdədir.

   Buna uyğun olaraq rayon İcra Hakimiyyətinin aidiyyəti şöbələri, rayon Gənclər və idman idarəsi, rayon Təhsil şöbəsi və rayonun hüquq-mühafizə orqanları ilə birlikdə əhali arasında, xüsusilə ümumtəhsil məktəblərində müvafiq tədbirlər keçirilmiş, yeniyetmə və gənclərə narkomanlığın zərərli təsirləri və müxtəlif fəsadları, ümumilikdə bəşəriyyət üçün təhlükəli təsirləri barədə geniş məlumatlar verilmişdir.

   Son dövrlərdə orta təhsil məktəblərinin proqramlarına 3-cü sinifdə “Siqaret çəkənlərə münasibətiniz”, 4-cü sinifdə “Siqaret və spirtli içkilərin zərəri”, “Cinayət və cinayətkarlıq”, 5-ci sinifdə “Yoluxucu xəstəliklərdən necə qorunaq”, 6-cı sinifdə “Sağlam həyat tərzi” və “Zərərli vərdişlərdən uzaq olun”, 7-ci sinifdə “Alkoqolizm və narkomaniyaya “yox” deyək”, “Toksiki maddələrin sağlamlığa zərəri”, 9-cu sinifdə “Siqaret, alkoqol, toksiki maddələr və narkotiklərə “yox deyək”, 10-cu sinifdə “Narkotik vasitələrin çeşidləri (hind çətənəsi, opiatlar, LCD, amfetaminlər, kokain) onlardan asılılığın yaranması, 11-ci sinifdə “Narkotik maddələrin ayrı-ayrı orqanlara və ümumən orqanizmə təsirləri”, “Narkotiklərə “yox” deyək” kimi mövzular daxil edilmişdir.

   Hüquqpozmaya meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerlərində, o cümlədən rayonun bütün kəndlərində, həmçinin əmək kollektivlərində və şəhər 3 və 5 nömrəli, Qaracallı kənd 1 nömrəli, Qazıqumlaq kənd 1 nömrəli, Lək kənd 1 və 2 nömrəli, Qazyan kənd 3 nömrəli tam orta məktəblərində 100-dən çox mühazirə, söhbət keçirilmiş, narkomanlığın təzahürləri barədə gənclərə geniş məlumat verilmişdir. 24 iyun 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində rayon gəncləri ilə 26 iyun-BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar seminar keçirilmiş və seminarın video və foto görüntüləri aidiyyəti üzrə İşçi Qrupuna göndərilmişdir. 30 noyabr 2016-cı il tarixdə isə Heydər Əliyev Mərkəzində “Narkomaniyaya “yox” deyək” mövzusunda rayon tədbiri keçirilmişdir.

   Tərkibində narkotik maddələr olan, yabanı halda bitən və qanunsuz əkilən bitkilərin məhv edilməsi üzrə tədbirlər gücləndirilmiş, 2013-cü ildə 2 kq 414,9 qram, 2014-cü ildə 2 kq 767 qram, 2015-ci ildə 3 kq 625 qram narkotik vasitə olan marixuana, 2016-cı il ərzində 8 fakt aşkar edilmiş 4 kq 131.73 qram marixuana yandırılaraq dövriyyədən çıxarılaraq məhv edilmiş, vətəndaşlardan 2,075 q heroin 6 ədəd çətənə kolu, 0,2 ha sahədən 2455 ədəd yaş çəkisi 2 ton 455 kq çətənə kolu yığılaraq məhv edilmişdir.

   Ötən dövr ərzində, həmçinin rayon Mərkəzi xəstəxanasının və onun müvafiq bölməsinin bu sahədə apardığı işlər nəzarətdə saxlanılmışdır. Hazırda rayon üzrə narkotik vasitələri qəbul edən 102 nəfərin narkoman kimi qeydiyyatda olduğu müəyyən edilmiş və onlarla aparılan profilaktika və maarifləndirmə işlərinin gücləndirilməsinə səy göstərilmişdir.

   Rayon komissiyası bundan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı təbliğat işlərinin, narkotiklərin acı təzahürlərinin minimuma endirilməsi ilə əlaqədar əhali arasında maarifləndirmə işlərinin aparılmasını daha da gücləndirərək, bu məqsədlə bütün qüvvəsini səfərbər edəcəkdir.

Əliş Cəbrayılov,

Ucar Rayon İcra Hakimiyyəti başçısının 
birinci müavini, Narkomanlığa və 
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı 
Mübarizə üzrə Rayon Komissiyasının sədri

 



Baxılıb: 1359