Narkomaniya insanı məhvə sürükləyir

Ölkə ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin və müvafiq qurumların əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur.

Belə ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən 2017-ci ilin yanvar ayında bu sahədə görüləcək işlərlə bağlı 29 bənddən ibarət iş planı tərtib olunmuş, şəhərin aidiyyəti təşkilatlarına göndərilərək icrasına nəzarət edilir.

İş planına uyğun olaraq şəhərdə fəaliyyət göstərən 1 ali,    2 orta ixtisas, 1 peşə və 22 ümumtəhsil məktəblərində təhsil alan tələbə və şagirdlərlə vaxtaşırı görüşlər təşkil olunur. 2017-ci ilin mart-aprel aylarında şəhərin ümumtəhsil məktəblərində “Zərərli vərdişlərin qarşısının alınması” mövzusunda tədbirlər təşkil olunmuş, şagirdlərlə maarifləndirici söhbətlər aparılmışıdır. Tədbirlərdə şəhər İcra Hakimiyyətinin, Polis şöbəsinin və Narkoloji dispanserin nümayəndələri məruzələr etmiş, şagirdlərə zərərli vərdişlərdən uzaq olmaları tövsiyə olunmuşdur. Məktəblərdə təşkil olunmuş görüşlərdə beş minə yaxın şagird iştirak etmişdir. Bu görüşlər şəhərin ali və orta ixtisas məktəblərində də təşkil olunmuş, yeniyetmə və gənclərlə “Narkotikaya yox deyək”, “Əsrin bəlası”, “Ağ ölüm” və s. mövzularda söhbətlər aparılmış, “dəyirmi masa”lar, inşa və rəsm müsabiqələri keçirilmiş, film və videolar, çarx və lentlər nümayiş etdirilmişdir. Şəhərin təhsil müəssisələrində keçirilən tədbirlər yerli və respublika KİV-lərində işıqlandırılmışdır.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədilə yerli komissiyanın Tədbirlər Planının 8-ci bəndinə əsasən, eləcə də 26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Mingəçevir şəhərində narkomaniya, onun doğurduğu fəsadlar və s. barədə maarifləndirici tədbirlər keçirilmişdir. Yerli komissiya tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq tədbirlər Mingəçevir Dövlət Universiteti, Tibb və Turizm kollecləri, Peşə məktəbi, şəhər Təhsil və Mədəniyyət şöbələri, Gənclər və idman idarəsi və şəhər Mərkəzi xəstəxanasında keçirilmişdir.

Tədbirlər şəhər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiya üzvlərinin, Polis şöbəsinin və Rayonlararası Narkoloji dispanserin nümayəndələrinin iştirakı ilə keçirilmiş, bu görüşlərdə beş yüzə yaxın iştirakçı olmuş və maarifləndirici söhbətlər aparılmışdır. Keçirilmiş tədbirlər yerli və respublika KİV-lərində işıqlandırılmışdır.

2017-ci ilin 6 ayında narkotik vasitələrin qeyri-qanuni hazırlanması, əldə edilməsi, saxlanması və ya satışı ilə bağlı 62 cinayət faktı aşkarlanmış, 62 cinayət faktı üzrə istintaq aparılmışdır. Əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərdən 35,829 qram heroin, 1407,0 qram qurudulmuş marixuana, 3873,22 qram çətənə, 124,498 qram tiryək, 7344,65 qram kanabis bitkiləri, 6,15 qram həşiş qətranı götürülmüş, yandırma üsulu ilə məhv edilmişdir. Cinayətkarlar arasında yetkinlik yaşına çatmayanlar olmamışdır.

Hesabat dövründə şəhər xəstəxanası və apteklərindən qanunsuz əldə edilmiş dərman preparatlarının istifadəsinə dair cinayət faktları aşkar edilməmişdir.

2007-ci ilin may ayından başlayaraq “Xaş-xaş” şərti adı altında keçirilən cinayət axtarış tədbirləri 2017-ci ildə də davam etdirilmiş və bu sahədə 2 cinayət faktı aşkarlanmışdır.

2017-ci ilin müvafiq dövründə Mingəçevir Rayonlararası Narkoloji Dispanserə 23 nəfər xəstə daxil olmuşdur, Xəstələrdən 17 nəfəri ətraf rayon əhalisi, 6 nəfəri isə şəhərdəndir. 11 nəfər anonim müalicə almış, onlar arasında yeniyetmələr olmamışdır.

Hazırda dispanserdə 472 nəfər xəstə qeydiyyatdadır ki, onlardan 40 nəfəri xroniki alkoqolizm, 432 nəfəri isə narkomaniya diaqnozu ilə müalicə olunur. Bu xəstələr əsasən 20-59 yaş qrupunu əhatə edir, 4 nəfər qadın narkomaniya diaqnozu ilə profilaktiki qeydiyyatda olmuşdur.

Əvvəlki illərdə olduğu kimi bu müddət ərzində də şəhər televiziyasında yerli mətbuat orqanları olan “Mingəçevir” və “Mingəçevir işıqları” qəzetlərində də narkomaniyaya qarşı mübarizə mövzularında bir sıra məqalələr və reklam çarxları əhalinin diqqətinə çatdırılmışdır.

Bildiririk ki, Mingəçevir şəhərində narkomanlığa qarşı mübarizəyə dair tədbirlərin icrası davam etdirilir və daimi nəzarətdə saxlanılır.

İ.İsmayılov,

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının

I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz

Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri




Baxılıb: 1247