Nizami rayonunda narkomanlığa qarşı mübarizə üzrə tədbir keçirilmişdir.

   Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyası tərəfindən Rayon Polis İdarəsi ilə birgə 26 oktyabr  2017-ci il tarixdə 210 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirilmişdir.

   Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik leytenantı Müşfiq Aslanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev, Respublika Narkoloji Mərkəzinin narkoloq-həkimi Asif Kəngərli, Rayon Polis İdarəsi Veteranlar Şurasının sədri Aydın Əzimov və 210 №-li tam orta məktəbin direktoru Kəmalə Rəsulova çıxış etmiş, narkomanlığın ağır və sağalmaz yaraları barədə məlumatlar vermiş, yeniyetmə-gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırmış, sağlam həyat tərzinin insanın mənəvi zənginliyinin və fiziki sağlamlığının formalaşmasında müstəsna rol oynadığı xüsusilə vurğulanmış, bu sahədə asudə vaxtın səmərəli təşkilinin zəruriliyi önə çəkilmişdir.

   Çıxışlarda qeyd olunmuşdur ki, gələcəyimiz olan böyüməkdə olan nəslin sağlam ruhda böyüməsi və tərbiyə alması üçün bütün aidiyyəti qurumlar tərəfindən davamlı olaraq həyat keçirilən məqsədəmüvafiq işlərin intensivliyi daha da artırılmalı, bu sahədə yeni təbliğat vasitələrindən geniş istifadə olunmalıdır.

   Tədbirdə həmçinin şağirdlərin sualları cavablandırılmış, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, müvafiq izahatlar verilmişdir.

   Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarxı nümayiş olunmuşdur.




Baxılıb: 2267