Narkomanlıq mənəvi və əxlaqi dəyərlərə ciddi zərbə vurur

   Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa  mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar dövlətimiz tərəfindən müvafiq normativ sənədlər qəbul edilmiş, ölkəmiz beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı  ilə  narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Xaçmaz Rayon Komissiyası Azərbaycan Respublikası Prezidentinin  2013-cü il 24 iyun tarixli Sərəncamı ilə  təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop madələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2013-2018-ci illər üçün  Dövlət Proqramı”na əsasən illik Fəaliyyət Planı hazırlamış və aidiyyəti dövlət orqanları, ictimaiyyətlə birlikdə bu istiqamətdə bir sıra işlər görmüşdür. Xaçmaz rayonu Rusiya Federasiyası ilə sərhəddə yerləşir. Eləcə də  rayonun Xəzər sahili, Yalama-Nabran zonasına istirahətə gələnlərin hesabına əhalinin sayı xeyli artır ki, bu da kriminogen şəraitin kifayət qədər mürəkkəbləşməsinə səbəb olur.

   Rayon İcra Hakimiyyəti narkomanlığın qarşısının alınması ilə bağlı  həyata keçiriləcək tədbirlərə daim diqqətini artırır. Belə ki, rayon ictimaiyyəti nümayəndələrinin,  qeyri-hökumət təşkilatlarının, hüquq-mühafizə orqanlarının iştirakı ilə narkomanlığın dövlətə, cəmyyətə və insanların sağlamlığına vurduğu ziyan barədə seminar müşavirələr  keçirilmişdir.  Rayon komissiyası müvafiq strukturlarla birlikdə  narkomanlığın qarşısının alınması işini daim nəzarətdə saxlayır, müvafiq tədbirlər həyata keçirərək narkotik asılılıqda olan şəxslərlə, bu əmələ meyil edənlərlə məqsədli maarifləndirmə işi aparır.

   Rayon komissiyasının təşəbbüsü ilə  rayonun ümumtəhsil məktəblərində, rayon Turizm və İnformasiya Mərkəzində, Uşaq incəsənət məktəbində, Texniki peşə liseyində “Antinarkomaniya”, “ Narkomaniya ilə mübarizə zamanın tələbidir”, “Narkomaniyaya yox deyək”, “Ağ ölüm”ə yox deyək”, “Narkotik maddələrin ayrı-ayrı orqanlara və ümumi insan orqanizminə mənfi təsiri” mövzularında məruzələr oxunmuş, mütəxəssislərin iştirakı ilə söhbətlər  aparılmışdır.

   “Antinarkomaniya və insan alverinə qarşı mübarizə” mövzusunda təbliğat vasitəsi olan disklərin  şəhər məktəblərində şagirdlərlə  birgə baxışı təşkil edilmişdir. Cəmiyyətin sağlam inkişafına, mənəviyyatına, onun  genefonduna ağır zərbə vuran narkomaniya ilə mübarizə işi Azərbaycan dövlətinin ümumi siyasətinin  əsas tərkib hissəsi olduğu məktəblilərin nəzərinə çatdırılmışdır. “Narkomaniyaya yox deyək” devizi altında ümumtəhsil məktəblərində şagirdlər arasında inşa müsabiqələri və rəsm sərgiləri keçirilmişdir.

   Yeniyetmə və gənclərin  asudə vaxtlarının səmərəli təşkili üçün  əməli tədbirlərin həyata keçirilməsi, müntəzəm olaraq idman yarışlarının, intellektual oyun müsabiqələrinin, anket-sorğuların keçirilməsi təmin olunmuşdur. Narkomanlığa qarşı mübarizəni əks etdirən əyani təbliğat vasitələrindən ictimai yerlərdə, tədris müəssisələrində, yaşayış massivlərində geniş istifadəsi təmin edilmişdir.

   Rayonda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin köməkliyindən də istifadə olunmuşdur. Belə ki, tərəfimizdən keçirilmiş tədbirlər ayrı-ayrı televiziya kanallarında və mətbuatda işıqlandırılmışdır.  Xaçmaz Regional TV vasitəsilə müntəzəm olaraq bu qlobal  mövzuya toxunulmuş, narkomaniyanın insan orqanizminə zərəri, törətdiyi fəsadlar, cəmiyyətə vurduğu ziyanı əks etdirən videoçarxlar göstərilmiş, mütəxəssislərin iştirakı ilə verilişlər hazırlanmışdır.

   Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə üzrə rayon komissiyası da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslərə dair daxil olmuş icra vərəqələrinin icrası ilə bağlı müvafiq  işlər görmüşdür.

   Belə ki, 2017-ci ilin ötən dövrü ərzində komissiya tərəfindən ümumilikdə 1 kq 747,172 qram narkotik vasitə olan marixuana, 5,265 qram heroin, 1.46 ha qram həşiş, 05 ədəd çəkisi 94,22 qr olan çətənə bitkisi yandırılaraq məhv edilmişdir.

   Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları da bütövlükdə narkomaniyaya və narkotik vasitələrin qanunsuz  dövriyyəsinə qarşı mübarizə sahəsində müəyyən müsbət nəticələr əldə etmişlər. Narkotik  vasitələrin, psixotrop maddələrin müvafiq profilaktikası və kompleks əməliyyat tədbirləri həyata keçirilmiş, bu növ cinayətlərdə şübhəli bilinən şəxslər barəsində müvafiq uçot-qeydiyyat işləri aparmışdır. Onların cinayət əməlləri ifşa olunaraq cinayət başında yaxalanması həyata keçirilərək istintaq orqanlarına təhvil verilməsi təmin olunmuşdur.

   Xaçmaz rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində əməli və praktiki tədbirlərimiz davam etdiriləcək.

Y.Mehmanov, 
Xaçmaz  Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri




Baxılıb: 1242