Təhlükəsiz və Sabit Əfqanıstan üçün Regional Təhlükəsizlik və Əməkdaşlığa dair Bakı şəhərində növbəti beynəlxalq konfrans keçirilib

    Cari ilin 10 noyabr tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Təhlükəsiz və Sabit Əfqanıstan üçün Regional Təhlükəsizlik və Əməkdaşlığa dair “Asiyanın Ürəyi”-İstanbul Prosesi çərçivəsində Narkotiklərə Qarşı Mübarizəyə dair Etimad Quruculuğu Tədbirləri üzrə ekspertlər səviyyəsində iclas keçirilmişdir.

  Sözügedən iclasda üzv dövlətlərin ekspertləri (İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirləri üzrə), DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov, Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev, Xarici İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

   Tədbirin gündəliyinə uyğun olaraq, aidiyyəti dövlət orqanlarının əməkdaşları və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun nümayəndəsi tərəfindən təqdimat çərçivəsində 2016 və 2017-ci illərdə ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial, tibbi tədbirlər barədə ətraflı məlumat verilmişdir.

  Bundan əlavə forum iştirakçıları “İstanbul Prosesi” çərçivəsində üzv dövlətlər arasında  narkotiklərə qarşı mübarizə üzrə etimadın möhkəmləndirilməsi tədbirləri üzrə qəbul olunmuş İcra Planının həyata keçirilməsi ilə bağlı irəliləyişlərin, mövcud olan maneələrin və gələcək əməkdaşlığın müzakirəsi aparılmışdır.




Baxılıb: 1461