Həyat, yoxsa ölüm?

İnsan yaşadığı müddət ərzində seçimlər edir. Seçim hüququ vətəndaşa dövlət tərəfindən müəyyən edilmiş qaydalarda və qanunlarda müəyyən edilmiş hüquq və azadlıqlarda qeyd edilir. Seçim hüququ bütün sahələri əhatə edir. Nümunə üçün, insan sağlam yaşamaq istəyirsə idmanla məşğul olur, təhsil alır, sağlam qida qəbul edir, sağlam həyat tərzini seçir. Ancaq  həyatı məqsədsiz yaşayırsa və ya hər hansısa problemlərə təslim olursa, sağlamlığına zərər vura bilər. Narkotiklərin və alkoqollu içkilərin istifadəsi, təhsildən yayınma, tənbəllik, hərəkətsizlik insanı ölümlə üz-üzə qoya bilər.

Bunların qarşısının alınması və sağlam həyat tərzinin təbliğ edilməsi dövlətin vəzifəsidir. Dünyada milyonlarla insanlar narkotik istifadəçisidir. Hər il yüz minlərlə narkotik istifadəçisinin həyatına son qoyulur. Dünya dövlətlərinin hamısında narkotik problemi var və hamısında bu problemlə bağlı mübarizə aparılır.

2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən narkomaniya ilə mübarizə, onun insan üçün zərərləri barədə maarifləndirmə materialları çap edilir, təlimlər mütəmadi olaraq keçirilir. Eyni zamanda, Dövlət Komitəsi tərəfindən yerli media orqanları ilə işlər aparılır və narkomaniyanın mənfi təsirləri ilə bağlı informasiya geniş şəkildə yayılır. Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti çərçivəsində yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və maarıfləndirilməsi məqsədilə vaxtaşırı təlimlər, tədbirlər təşkili olunur.

Maarifləndirmə tədbirlərinin davamı olaraq 2016-2017-ci illərdə “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi keçirilmişdi. Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq keçirilən tədbirlərdə ziyanlı vərdişlərin yaratdığı fəsadlar, sağlam həyat tərzi, reproduktiv sağlamlıq və digər mövzular ətrafında müzakirələr aparılmış, iştirakçıların mövzular ətrafinda sualları cavablandırılmışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2016-cı ildən başlayaraq yerli rayon icra hakimiyyətləri ilə birlikdə “Öyrən, İdarə et, Lider ol” mövzusunda təlimlər təşkil edir.

Təlimlərdə məktəblilərə ekspertlər tərəfindən müxtəlif mövzularda təlimlər keçirilmiş, müzakirələr, qrup işləri aparılmışdır. Təlim zamanı Komitənin əməkdaşları tərəfindən “Uşaq hüquqları: hüquq və vəzifələrimiz. Qanunvericiliyimiz”, “Uşaqlarda liderlik keyfiyyətlərinin inkişafı. Liderlik və idarəetmə-bacarıq və tələblər”, “Qarabağ həqiqətlərini dünyaya çatdıraq”, “Uşaq və yeniyetmələrin internet təhlükəsizliyi” mövzuları üzrə iştirakçılar maarifləndirilmişdilər.

Həmçinin, təlim zamanı yazıçılar, alimlər, incəsənət xadimləri uşaqlarla alkoqolizm və narkomaniya ilə bağlı maarifləndirici söhbət aparmış, müəllifi olduqları pyeslər və tamaşalar uşaqlara nümayiş olunmuşdur.

Kampaniyalar çərçivəsində Təhsil, Səhiyyə, Ədliyyə nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, rayon icra hakimiyyətlərinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaları, rayon Polis idarələrinin yetkinlik yaşına çatmayanlarla işləyən inspektorları, rayon vətəndaş vəziyyətləri aktlarının dövlət qeydiyyatı idarələrinin, müvafiq QHT-lərin nümayəndələri, o cümlədən məktəblərin nəzdində valideyn-müəllim assosiasiyası rəhbərləri, məktəb psixoloqları da cəlb olunmaqla müvafiq tədbirlər keçirilmişdir.

Mütəmadi olaraq Komitə tərəfindən müxtəlif  maarifləndirmə xarakterli bukletlər, kitabçalar çap edilir əhali arasında paylanılır:

Tədbirlərdə dövlət proqramları çərçivəsində narkomaniya, HIV/QİÇS xəstəliyinin qarşısının alınması, insan alverinin profilaktikası, sağlam həyat tərzinin təbliği mövzusunda maarifləndirmə işləri aparılmış, qeyd edilən məsələlərlə bağlı “HIV/AİDS: Növbəti qurbanı sən olma”, “Günəş şəhəri”, “Hədəf”, “Yuxu yaddaşı”, “Affekt”, “İşıqlı zülmət” adlı qısametrajlı filmlər nümayiş etdirilmişdir.

Sağlam ailədə sağlam uşağın böyüməsi məqsədilə Azərbaycanda qeyri-hökumət təşkilatları tərəfindən görülən işlər mühüm yer tutur. Yeniyetmə və gənclər arasında narkomanlığın zərərinin təbliği və bu barədə gənclərin maarifləndirilməsi işinə qeyri-hökumət təşkilatları da cəlb edilir (Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, Azərbaycan Psixiatriya Assosiasiyası, “Nur” Uşaq və Gənclərin İctimai Birliyi və digərləri).

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda  öz peşəkar və ictimai fəaliyyəti,  yorulmaz əməyi, hər bir problemə dərin insani və həssas münasibəti ilə  hamı üçün təkrarsız örnəkdir. Komitə tərəfindən artıq 9-cu ildir ki, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə layihəsi çərçivəsində “Azərbaycan ailəsi” adlı film festivalı keçirilir. Film festivalının əsas məqsədi kinomatoqrafiyanın vasitəsi ilə Azərbaycan gənclərinin sağlam ruhda tərbiyələndirilməsi, ailə dəyərlərinin qorunub-saxlanılması və cəmiyyətdə mövcud olan problemlərin kinematoqrafiyanın köməyi ilə işıqlandırılmasıdır. Festivalda narkomaniyanın gətirdiyi faciələrdən bəhs edən filmlər də iştirak edirlər.

Bu gün narkomaniyadan və zorakılıqdan zərər çəkmiş uşaqlara yardımı edilməsi, reabilitasiyanın keçməsi və cəmiyyətə reinteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərdən biridir. Reabilitasiya prosesi özündə psixoloji, hüquqi, tibbi yardımı əks etdirir. Eyni zamanda, araşdırma nəticəsində müəyyən edilsə ki, zorakılıqdan zərər çəkmiş uşaqlar valideyn qayğısı ilə əhatə edilmirdi, onda bu valideyn vəzifələrinin yerinə yetirilməməsindən təsdiqlənir. Həmin faktlar aşkar edilərsə, valideyn hüquqlarında məhdudlaşdırma və ya məhrumetməyə gətirə bilər. Ancaq İnzibati Xətalar və Cinayət Məcəlləsində valideyn məsuliyyətini əks edən müddəaları əlavə etsək problemin həllində çıxış yolunu tapa bilərik.

Son illər internetdə narkotiklərin satışının səviyyəsi artmışdı. (foto 2) İnternet vasitəsilə narkotiklərin satışı və uşaqların bu satışa cəlb edilməsi kibercinayətlərin sayının artmasını təsdiq edir. Həmin qanunpozuntularının qarşısının alınması məqsədilə Dövlət Komitəsi uşaqların internet təhlükəsizliyinin təmin edəcəyi filtr proqramın hazırlanmasına başlayıb. Elektron proqram təminatı valideynlərin internet vasitəsilə uşaqlara qarşı yönəldilən qeyri-qanuni çağırışlar haqqında məlumatlandıracaq və qarşısını alacaq.

Azərbaycanda dövlət tərəfindən aparılan islahatlara əsasən uşaq nikahlarının, məişət zorakılığının, uşaq alverinin qarşısının alınmasında və narkomaniya ilə mübarizə sahələrində uğurlara nail olunmuşdu. Uşaq hüquqlarının müdafiəsi və narkomaniyanın yayılmasının qarşısının alınması birbaşa dövlətlərin milli qanunvericiliklərdə aparılan islahatlardan və maarifləndirmə kampaniyalarının davam etdirilməsindən asılıdır.

Bu gün hər gəncə seçim hüququ verilib. İnkişaf etmək, təhsil almaq, idmanla məşğul olmaq, ictimai işlərdə fəal olmaq, cəmiyyətə xeyir vermək və digər müsbət fərdi xüsusiyyətlərin gənclərin məqsədinə çevrilməsi üçün dövlətin və vətəndaş cəmiyyətinin birgə fəaliyyəti gücləndirilməlidir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə narkomaniya ilə mübarizə üzrə dövlət siyasəti gücləndirilmiş, sahədə milli qanunvericilik təkmilləşdirilmiş, xüsusi mübarizə strukturları yaradılmış, bir neçə dövlət proqramı və fəaliyyət planları qəbul edilmişdir.

Bizim məqsədimiz Azərbaycanın gücünü və inkişafını davamlı olaraq təmin etməkdir.  Güclü dövlətin əsasında sağlam cəmiyyət, sağlam vətəndaşlar durur. Sağlam cəmiyyətin əsasında isə insan hüquq və azadlıqlarının  təminatı durur.

Elgün Səfərov,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət 
Komitəsinin İnformasiya və analitik araşdırmalar 
şöbəsinin müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru




Baxılıb: 1493