Narkomaniyaya qarşı mübarizə ümumxalq işinə çevrilməlidir

Müasir dövrdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal  problem kimi bəşəriyyətin qarşısında durmaqdadır.  Təəssüf ki, “Ağ ölüm” təhlükəsi ölkəmizdən də yan keçməmişdir.Faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyata ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terror mərkəzlərinin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amilə çevrilmişdir.

Ekspertlərin   hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotik alveri üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai fəlakətə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. 

Bu gün narkotiklərin qanunsuz dövriyyəsi dünya miqyasında geniş vüsət alaraq, insanlıq üçün ciddi təhdidə çevrilmişdir. Narkomaniya cinayətkarlığın artmasına rəvac verir, ağır xəstəliklərə səbəb olur, mənəvi deqradasiyaya aparıb çıxarır. Buna baxmayaraq, gənc nəslin bəzi nümayəndələrinin narkotiklərin gətirdiyi fəlakətlər haqqında yetərli təsəvvürü və məlumatı yoxdur.  Narkomanlığın yayılması cəmiyyətdə digər mənfi halların genişlənməsi üçün zəmin yaradır. Narkotik asılılığında olan şəxslər sosium üçün təhlükə mənbəyi kimi çıxış edirlər. 

Təəssüf ki, narkomaniya respublikamızda da ciddi problem olaraq qalmaqdadır.  Bəzi gənclər narkotik asılılığı girdabına yuvarlanır, bu da narkomaniya ilə bağlı cinayətlərin törədilməsinə səbəb olur. Narkotiklərlə bağlı cinayətlərin artım dinamikası problemin cəmiyyət üçün doğurduğu təhlükəni daha da artırır.  Narkomanların say artımı milli genofond üçün ciddi təhdid əmələ gətirir. 

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bu problemə münasibətdə yeni mərhələ başlanmışdır. Bu mərhələnin ən müsbət cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır. Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunla qoyulmuşdur. 

Bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi xarakter kəsb etməsinin qarşısını ala bilər. Narkomaniyaya qarşı ardıcıl mübarizə bir çox istiqamətlər üzrə əməli addımlar atılması zərurətini şərtləndirir. Bu gün narkomaniya probleminin həlli sahəsində geniş tədbirlər kompleksinin həyata keçirilməsi tələb olunur. Narkomaniyaya qarşı məqsədyönlü mübarizə ümumxalq işinə çevrilməlidir.

Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərə dövlət dəstəyi sahəsində tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdu.  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi  vəzifə kimi aidiyyəti orqanlara tapşırılmışdır. “Narkotik vasitələrin,  psixotrop  maddələrin və onların  prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilməli olan kompleks tədbirləri müəyyən etmişdir. 

Dövlət rəhbərliyi tərəfindən bu sahədə qarşıda qoyulmuş vəzifələrin həlli məqsədilə Gənclər və İdman Nazirliyi narkomaniyaya qarşı mübarizə çərçivəsində ardıcıl tədbirlər həyata keçirir, sağlam həyat tərzinin təbliği sahəsində məqsədyönlü  fəaliyyətini davam etdirir.   

Gənclər arasında zərərli vərdişlərin profilaktikası sahəsində maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Narkomaniyaya qarşı mübarizə məqsədilə təşviqat aksiyaları, mədəni-kütləvi tədbirlər,  müsabiqələr, festivallar təşkil olunur.   
2017-cı ildə bu sahədə bir sıra yeni addımlar atılmışdır. Gənclər və İdman Nazirliyi bu sahədə xarici ölkələrin təcrübəsini və beynəlxalq praktikanı yaxından öyrənir, əldə edilən məlumat və vərdişlərin həyata keçirilməsi təmin olunur. Bu sahədə qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa, xüsusilə gənclər təşkilatları ilə işbirliyinə böyük diqqət yetirilir. 

Ötən müddətdə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları və valideynlər üçün metodik tövsiyələr işlənib hazırlanmışdır. Qeyri-hökumət təşkilatları tərəfindən reallaşdırılan müvafiq layihələr çərçivəsində mövzuya dair çap məhsulları hazırlanaraq gənclər arasında yayılmışdır. 

Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə əhalinin mütəmadi olaraq məlumatlandırılması təmin edilir. Sağlam həyat tərzinin gənclər arasında təbliğini yeni və daha təsirli metodlar vasitəsilə həyata keçirmək məqsədilə 2017-ci il ərzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə 11 cəzaçəkmə müəssisəsində “Həyatla oyun” adlı maarifləndirici teatr tamaşası nümayiş etdirilmişdir.

Şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı yönəlmiş kütləvi idman yarışları keçirilmişdir. 6 aprel 2017-ci ildə Xətai rayonunda “Fiziki Aktivlik Festivalı-2017” keçirilmişdir. Festival çərçivəsində məktəblilər arasında yarışlar keçirilmiş, bir sıra idman növləri üzrə nömrələr nümayiş etdirilmişdir. 200-dən çox gənc iştirak etdiyi tədbirdə tanınmış incəsənət ustaları və idmançılar geniş şəkildə təmsil olunmuş və gənclərimizi zərərli vərdişlərdən uzaq olmağa, sağlam həyat tərzi seçməyə çağırmışlar.

2017-ci il ərzində habelə Saatlı, Sabirabad, Abşeron, Xızı, Göyçay, Ağdaş, Siyəzən və Şabran rayonlarında “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında maarifləndirici tədbirlər keçirilmişdir. Bu tədbirlərdə 1500- dən çox yeniyetmə və gənc iştirak etmişdir.

Narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində, xüsusilə sosial şəbəkələrdə təbliğat aparılması səmərəli və önəmli vasitəyə çevrilmişdir. Bu sahədə həm nazirlik, həm də gənclərin qeyri-hökumət təşkilatları tərəfindən görülən işlər mütəmadi olaraq sosial şəbəkələrdə təbliğ edilir. 

Respublikamızın şəhər və rayonlarında asudə vaxtın təşkili məsələlərinə diqqət artırılır, Gənclər evlərinin və idman müəssisələrinin bu istiqamətdə fəaliyyəti daha da gücləndirilir, uşaq və yeniyetmələrin belə müəssisələrə cəlb olunması genişləndirilir.  Respublikada 40 “Gənclər evi” (mərkəzi) və 43 Olimpiya İdman Kompleksinin fəaliyyətinə daha çox uşaq və gəncin cəlb edilməsi məqsədilə nazirlik tərəfindən müvafiq proqramlar həyata keçirilmişdir. Təcrübə göstərir ki, narkomaniyanın qarşısının alınmasında gənclərin asudə vaxtının səmərəli təşkili, onların kütləvi surətdə idmana cəlb edilməsi olduqca vacibdir. Bu gün Azərbaycanda fəaliyyət göstərən Olimpiya İdman kompleksləri, idman zalları və meydançaları, “Gənclər evləri” gənc nəslin asudə vaxtının səmərəli təşkili prosesində yaxından iştirak edirlər. 

Narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Lakin bu sahədə fəaliyyət daha da genişləndirilməli, yeni və kreativ aksiyalar həyata keçirilməlidir. Gənclər və İdman Nazirliyi narkomaniyaya qarşı mübarizə işinə öz töhfəsini vermək üçün bütün imkanları səfərbərliyə alaraq, bu istiqamətdə fəaliyyətini məqsədyönlü şəkildə davam etdirir.  

Gənclər və İdman Nazirliyi




Baxılıb: 3764