Narkomanlıq dəhşətli bəladır

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan milli parklar, dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqlarında xüsusi komissiyalar yaradılmış və müvafiq İş planı təsdiq edilmişdir. Narkotik vasitələrin əkilib-becərilməsinin qarşısını almaq məqsədilə mütəmadi olaraq bu ərazilərdə reydlər və əməliyyat-axtarış tədbirləri aparılmışdır. Həmçinin meşə fondu torpaqlarında narkotik xassəli bitkilərin əkilib-becərilməsi, eləcə də yabanı şəkildə bitənlərin qarşısının alınması məqsədilə bir sıra profilaktik tədbirlər həyata keçirilmişdir və bu məsələ daim nəzarətdə saxlanılmışdır.

Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinin 8 may 2018-ci il tarixli 158-13742-1218 nömrəli məktubuna istinadən 7 may 2018-ci il tarixədək Mingəçevir şəhərində 3409,354 qram qurudulmuş marixuana, 268,324 qram tiryək, 14,435 qram narkotik vasitə olan heroin, 33,86 qram həşiş qətranı və 0,715 qram meta-amfitamin olmaqla ümumilikdə 3723,324 qram narkotik vasitə dövriyyədən çıxarılmışdır.

Qeyd olunanlarla yanaşı, bölgələrdə təbliğat və maarifləndirmə işləri də aparılmışdır. Belə ki, nazirliyin müvafiq qurumları tərəfindən 2017-ci il ərzində bölgələrdə qabaqlayıcı kompleks profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə rayon icra hakimiyyətlərinin, icra nümayəndələrinin, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, əhalinin və məktəblilərin iştirakı ilə narkotik vasitələrin və psixotrop maddələrin yayılmasının qarşısının alınmasında yeniyetmə və gənclərin üzərinə düşən vəzifələr, narkotik maddələrin zərərli təsirlərindən yarana biləcək təhlükələr, narkotik maddələrə aludəçiliyin qarşısının alınması istiqamətində “Narkomanlıq dəhşətli bəladır”, “Narkomaniyaya qarşı mübarizə”, “Sağlam həyat tərzini seç”, “Narkomanlığa qarşı mübarizədə fəal olmalı”, “Narkotiklərdən uzaq olaq” və s. mövzularda təbliğat xarakterli yığıncaqlar keçirilmiş, narkomanlığın yayılması, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır. Bu müddət ərzində təhsil müəssisələrində də həmin mövzularda şagirdlərlə söhbətlər aparılmış, mövzulara uyğun bukletlər hazırlanaraq paylanılmış və bu məsələlərə dair onların münasibətləri ətraflı öyrənilmişdir.

Ümumiyyətlə, narkoxassəli bitkilər aşkar edildikdə qabaqlayıcı kompleks tədbirlərin görülməsi məqsədilə bölgələrdə monitorinqlərin, reydlərin keçirilməsi davam etdirilir və bu tədbirlər nazirliyin daim diqqət mərkəzindədir.




Baxılıb: 1459